https://www.zirve.edu.az/
06.02.2020 11:44
Bölgədə çalışan  gənc tədqiqatçımız  MDB-də “İlin alimi” seçildi

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Müstəqil Dövlət Birliyi (MDB) üzvü olan ölkələrin gənc alimlərinin Beynəlxalq müsabiqəsində  Gəncədə çalışan tədqiqatçı, gənc alim Elnur Həsənov MDB-də “İlin peşəkar alimi” mükafatına layiq görülüb.

AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssislər Şurasının sədri, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Elnur Həsənov “ПРОФЕССИОНАЛ ГОДА – 2020” beynəlxalq müsabiqəsində “Tarix elmləri” üzrə təqdim etdiyi “Gəncə şəhərində birgə yaşayış mədəniyyəti ənənələrinin tədqiqinin innovativ əsasları” adlı elmi əsərinə görə I Dərəcəli diploma layiq görülüb.

Qeyd edək ki, beynəlxalq müsabiqə 9 elmi bölmə üzrə keçirilib. Sevindirici haldır ki, ölkəmizi təmsil edən Elnur Həsənov mart ayında, doğum günü ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində müsabiqə qaliblərinin rəsmi mükafatlandırılma mərasimində təltif ediləcək.

Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Moldova kimi ölkələrdən 100-ə qədər gənc alim və mütəxəssis müsabiqədə iştirak edib. Müsabiqənin münsiflər heyətinin üzvləri isə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Çexiya, Serbiya, Qazaxıstan, Rumıniya, Albaniyanın nüfuzlu elm xadimləridir.

Elmi tədbir MDB üzvü olan dövlətlərin Universitetlər Şurasının, Rusiya Elmlər Akademiyasının Gənc alim və mütəxəssislər Şurasının dəstəyi, Rusiyanın beynəlxalq “Elm və təhsil” nəşriyyatının, həmçinin “E-library” beynəlxalq elmi bazasının təşkilatçılığı ilə keçirilib.