Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 13:40:00
BŞTİ-nin təşkilatçılığı ilə həssas qruplarla işin təşkilinə dair dəyirmi masa keçirilib

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

AzEdu.az
xəbər verir ki, dəyirmi masada BŞTİ-nin müdiri Rəşad Tağıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, paytaxtın Rayon İcra hakimiyyətlərinin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin əməkdaşları, BŞTİ-nin struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib. Bildirib ki, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən xüsusi hallarla bağlı “Qaynar xətt” xidməti istifadəyə verilib: "Valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən cari dərs ilindən “Mənimlə danış” sosial kampaniyasına start verilib və maarifləndirici videoçarxlar ictimaiyyətə təqdim edilib".

BŞTİ-nin müdiri qeyd edib ki, dəyirmi masa aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edir.
Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görüldüyünü deyən R.Tağıyev həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planının həyata keçirildiyini də qeyd edib: " Bakı Şəhər üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəbin pedaqoji kollektivi, psixoloqlar,  şagird və valideynlər üçün “Valideynlər–ilk müəllimlərdir” adlı seminar, “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn-məktəb əməkdaşlığı” mövzularında maarifləndirici görüşlər təşkil olunub. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən "Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması" proqramı üzrə təlimlər keçirilib.
“Məktəb seminarları” çərçivəsində təşkilati işlər üzrə direktor müavinləri və uşaq-birliyi rəhbərlərinin iştirakı ilə keçirilən sessiyalar zamanı auditoriya iştirakçıları ilə birgə bulinqin qarşısının alınması, məktəbdə əlverişli psixoloji və pedaqoji mühitin yaradılması istiqamətində məktəb-ailə əməkdaşlığının rolu mövzusunda müzakirələr aparılıb. Cəmiyyət olaraq hər bir uşağın həyat tərzi, təhsilə münasibəti, olduğu mühit bizim üçün aktualdır. Hər bir istiqamət üzrə uşaqları nəzarətdə saxlamaq ehtiyac olduğu təqdirdə profilaktik tədbirlərə və vaxtında müdaxilə etməyə imkan verir".

Sonra “Mənimlə danış” sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarxlar və BŞTİ-nin xüsusi hallara dair təqdimatı nümayiş olunub.

Tədbirdə həssas qruplarla iş, xüsusi hallarla bağlı yanaşma və bu sahədə aparılan maarifləndirmə işlərinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişməsi, uşaq hüquqlarının etibarlı təminatı, uşaqlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində hərtərəfli işlər görülür.

Həmçinin dəyirmi masada xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.