Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 12:46:00
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün 600-dək şagird ərizəsini təsdiqlədib

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında iştirak üçün şagirdlərin ərizə qəbulu davam edir.

Xüsusi Məktəbə qəbul imtahanında 2020-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şagirdlər 2020-ci il fevralın 15-dək Dövlət İmtahan Mərkəzinin saytında “Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

AzEdu.az xəbər verir ki, yanvarın 28-i saat 12:10-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 597 nəfər ərizəsini təsdiqlədib. İmtahana yalnız “Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılacaqlar.

Xatırladaq ki, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqələrini və imtahana buraxılış vərəqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiqlənməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. İmtahanların nəticəsi DSX-yə təqdim olunacaq. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb ediləcək. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.