Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 15:49:00
Ötən il BMU əməkdaşlarının 30 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşlarının impakt faktorlu jurnallarda nəşrlərinin sayı ildən-ilə artır. Hazırda universitet əməkdaşlarının Web Of Science impakt faktorlu nəşrlərinin orta istinad sayına görə Azərbaycan ali təhsil müəssisələri  üzrə ilk onluqda, ictimai elmlər üzrə isə ilk üçlükdə yer alıb.

Yarandığı 3 il ərzində universitetdə Web of Science platformasında 2017-ci ildə 8, 2018-ci ildə 18 və 2019-cu ilin ilk 6 ayında 30 olmaqla, cəmi 56 nəşr və onlara 57 istinad qeyd edilib. Eyni zamanda, BMU son illərdə nəşr olunan məqalələrə edilən istinad sayına görə Azərbaycan üzrə 3-cü yerdə qərarlaşıb.

Universitet əməkdaşlarının Renewable and Sustainable Energy Reviews (Web Of Science İmpakt faktoru 11.239),  Journal Of Molecular Liquids İF 4.561, Environmental Science And Pollution Research İF 3.208, Applied Mathematical Modelling 3.112 kimi ən məşhur jurnallarda 10-a yaxın məqaləsi nəşr edilib.

Digər müsbət məqam odur ki, 2017-ci ildə elmi nəşrlərə görə mükafat alan BMU əməkdaşlarının sayı 7 nəfər idisə, 2019-cu ildə bu göstərici 30 nəfərə qədər artıb və onların əksəriyyəti gənc tədqiqatçılardır.

BMU-da tədris prosesi ilə elmi fəaliyyəti vəhdət təşkil edir, fakültələr, kafedralar, laboratoriyalar və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparılır.  Son illərdə də universitetdə 7 beynəlxalq konfrans keçirilib və onların nəşrləri universitetin saytına yerləşdirilib. Xüsusi vurğulamaq yerinə düşər ki, “Scopus” və “Web of Science” platformasına daxil edilən  International Conference on Thermal Engineering konfransının 13-cüsü  Kanadanın Ryerson Universiteti ilə birgə 10-12 iyun 2020-ci il tarixində BMU-da (https://www.ictea.ca/) keçiriləcək.

Qeyd olunanlardan başqa, müntəzəm olaraq bütün fakültələrdə aylıq elmi seminarlar və elmi müzakirələr keçirilir. 2017-2019-cu illərdə illərdə 50-dən çox belə elmi tədbir keçirilib.

Onu da vurğulamaq lazımdır ki, artıq 10-a yaxın BMU əməkdaşı impakt faktoru kifayət qədər yüksək olan 20-dən artıq elmi jurnalların redaksiya heyətinə daxildir və bu jurnallarda nəşr olunan məqalələrin rəyçiləridir.

BMU-nun tədqiqatçı alimləri ötən ildən iki dəfə çox elmi nəşrin ictimaiyyətə təqdim edilməsi istiqamətində mühüm addımlar atılmasını hədəf olaraq seçib.