Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 09:54:00
Tələbələrin köçürülməsi üçün  şərtlər və sənədlər – Buradan öyrənin  

AzEdu.az  tələbə köçürülməsi qaydaları ilə bağlı tez-tez verilən sualların cavablarını, insanlar üçün anlaşılmaz olan məqamların izahını təqdim edir:

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət universitetinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.

Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Köçürülmə üçün lazım olan sənədlər hansılardır?

-Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript;

Qeyd:Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər tələbənin fənn üzrə kredit borcu yaranarsa, tələbə həmin fənni yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən dərslərdə iştirak etməklə tələbləri tam yerinə yetirməlidir.

- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal;

- köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkələrin ali təhsil müəssisələrindən ölkəmizin ali təhsil müəssisələrinə köçürülərkən);

- beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

- təhsil haqqı borcunun olmamasına dair arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti. 

İxtisas və ya universitetini dəyişən oğlanların nəzərinə:

Fərq imtahanları ödənmədiyi halda hərbi xidmətdə ali təhsilli kimi yox, orta təhsilli kimi xidmət edəcəksiniz.

Köçürülmə zamanı müraciət edən şəxslərə fərq imtahanları barədə ətraflı məlumat verilir. Tələbə köçürüldüyü ixtisasın əvvəlki illərdə keçirilən fənləri üçün imtahan verməlidir. Düzdür, bu tələbəyə kifayət qədər ciddi problemlər yaradır, hətta köçürülən tələbə 4 il ərzində bütün kredit borclarını yerinə yetirə bilmir. Nəticədə hərbi xidmətə çağırılan zaman ali təhsilli kimi yox, orta təhsilli kimi xidmət etməyə məcbur olur.

Tələbələrin köçürülməsi ilə bağlı qanunvericilik

Bu proses “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Müvəqqəti Qaydalar”ın tələblərinə əsasən tətbiq edilir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupuna daxil olmalıdır.

Qanunvericiliyə əsasən, tələbələrə köçürülmə prosesi zamanı fərq imtahanları barədə geniş məlumat verilir.

Qeyd edək ki, köçürülmə əmri verildikdən sonra tələbələr bundan imtina edə bilməzlər. Tələbə bunun üçün gələn dəfə yenidən təşkil olunan  transfer.edu.az portalına müraciət edə bilər.