Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 14:46:00
“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması artıq yekunlaşmaq üzrədir

AzEdu-ın məlumatına görə, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun 2019-cu il üçün illik hesabatında bildirilib.

Qeyd olunub ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinə (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) uyğun olaraq ikinci böyük layihənin həyata keçirilməsi başa çatmaq üzrədir. Məlumata əsasən, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nın hazırlanması ilə bağlı kompleks işlər görülüb, 3 davamlı və uzunmüddətli ekspedisiya təşkil olunub, Qarabağ Regional Mərkəzinin lal xəritəsi, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının proqramı”, “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti”, “Azərbaycan dilinin Qarabağ şivələri” monoqrafiyaları hazırlanıb.

Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Kəlbəcər, Xocalı, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi rayonlarından toplanmış materiallar tədqiqat işində önəmli yer tutub. Həmin rayonlardan yalnız dialektoloji material deyil, həm də Qarabağın tarixi abidələrini, etnoqrafiyasını, kulinariyasını, təbiətini əks etdirən materiallar da toplandığı bildirilib. Yaxın günlərdə Qarabağ dialektololoji atlasının tərtibi ilə bağlı son işlər görülərək nəşriyyata təqdim olunacaq.(apa)