Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 11:48:00
Tezliklə Ağdam rayonunda daha bir modul tipli məktəb binası istifadəyə veriləcək

Tezliklə Ağdam rayonunda daha bir modul tipli məktəb binası müəllim və şagirdlərin istifadəsinə veriləcək. Təzəkənd kənd tam orta məktəbi üçün quraşdırılan 80 şagird yerlik binada son tamamlanma işləri aparılır.

AzEdu.az xəbər verir ki, tikintidə iş icraçısı Taryel Ağamirzəyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəb binası 8 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, yerə asfalt örtük döşənib. Məktəbin inventar və avadanlıqları da gətirilib. Hazırda həyətdə abadlıq işləri aparılır, hasarlar çəkilir.

Qeyd edək ki, son illərdə respubikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.