https://www.zirve.edu.az/
07.01.2020 13:22
Müəllim andı – Mətn, qaydalar və hüquqi əsas
Çap et

Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

Bu qaydalar  "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb.

Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir, onları tənzimləyir və bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.

AzEdu.az müəllim andı ilə bağlı qaydaları təqdim edir:

-And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

-Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.

-Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

-Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

Qeyd edək ki, bu qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilib.