https://www.zirve.edu.az/
06.01.2020 15:47
“Könüllülər ili” gənclərin fəaliyyətinə böyük stimul olacaq

İllər bir-birini əvəz edir, nəsillər dəyişir. “Gənclər bizim gələcəyimizdir” şüarı isə həmişə dəyişməz olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır.

Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyənləşdirilmiş prioritetlərdən biridir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir.

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.

O deyib: “Dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar. Bu gün ölkəmizdə gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı kimi uğurla həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncliyə böyük ümid bəsləyib, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirib. Azərbaycanın gələcəyinin yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayan Ulu Öndər demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox diqqət yetirilən sahələrdən biri də gənc nəslin təlim-tərbiyəsi oldu”.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı nəticəsində ölkəmizdə böyük, vətənpərvər gənclər ordusunun yarandığını vurğulayan P.Kərimzadə bildirib: “Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlətimizin qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər. Ölkə Prezidentinin gəncləri düzgün yola istiqamətləndirməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərməsi ölkəmizin sürətli inkişafına böyük təsir göstərib. Eyni zamanda, gənclər siyasəti gənclərin yeni inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.

Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi barədə Sərəncamı ölkəmizdə könüllülüyün yeni, daha məhsuldar mərhələyə qədəm qoyduğunun təsdiqi oldu. “Könüllülər ili” gənclərin ilk iş təcrübəsi qazanmalarına, özlərini sınaqdan keçirmələrinə imkan yaratmaqla yanaşı, təşəbbüskar, innovativ düşüncə tərzinə, müasir dünyagörüşə malik gənclərin vahid niyyət ətrafında birləşməsinə, xalqın rifahı, ölkənin dayanıqlı inkişafı naminə fəaliyyətinə böyük stimul olacaq”.