Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-02 10:51:00
Müasir dünyanın qulaqcıq bəlası: “İndi gənclər də ağır eşitmə xəstəliyindən əziyyət çəkirlər”

Hər yaşda olan insanların, ələxsus gənclərin ən yaxşı dostu, eləcə də düşməni qulaqcıqlardır. Bu əşya gündəlik həyatda işimizi asanlaşdırsa da, səhhətimizə dəyən ziyandan xəbərsizik. İlk baxışdan ziyansız görünən qulaqcıqlar qulaq zədələnməsindən tutmuş baş ağrılarınadək müxtəlif xəstəliklərə səbəb olur.

Alimlər xəbərdarlıq edirlər ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər.

 AzEdu.az xəbər verir ki, qulaqcığın ziyanları barədə  Modern.az-a danışan həkim mütəxəssis, otolarinqoloq Günel Məmmədova qulaqcıqla mahnı dinləməyin səs travması olduğunu, bunun da öz növbəsində insanın eşitmə sinirlərimizə təsir etdiyini bildirir:

 "Necə ki, musiqiçilərin, müğənnilərin eşitməsində problem yaranır, gündəlik olaraq qulaqcıq istifadə edən şəxslərdə də, eşitmə ilə bağlı problemin yaranma ehtimalı qaçınılmazdır. Hər gün qulaqcıqla mahnı dinləmək, yaxud ümumilikdə istifadə etmək, gələcəkdə sinir mənşəli eşitmə zəifliyinin yaranmasına səbəb ola bilər. Biz əvvələr bu problemi daha çox yaşlılarda müşahidə edirdik, amma indi gənclər ağır eşitmə xəstəliyindən əziyyət çəkirlər. Biri var ki, bir dərmanı gündə bir dəfə qəbul edəsən, biri də var ki, eyni dozanı gündə bir neçə dəfə alırsan. Qulaqcıqdan hər gün istifadə etmək də eyni bu şəkildədir. Yüksək səslə qulaqcıqda mahnı dinləmək aşağı səslə mahnı dinləməkdən daha zərəlidir. Amma bu o demək deyil, mahnıya az səs verib hər gün qulaqcıqdan istifadə ertsək, bu, bizə təsirsiz ötüşəcək. Xeyr, istənilən halda və istifadə etdiyiniz saatdan asılı olmayaraq, qulaqcıq bizə ziyanlıdır".

 G.Məmmədova qulaqcığın yarada biləcəyi fəsadlardan, xəstəliklərdən də danışıb:

"Qulaqcıqlar qulaq tıxacı yaradaraq qulaq kirinini içəri tıxanıb çölə çıxmasına mane olur. Eyni zamanda, bəzi insanlarda xarici qulaq yolunda mexaniki travma törədir və infeksion xəstəliklərin yaranmasına səbəb olur. Mütəmadi qulaqcıqdan istifadə, həmçinin, qulaqda göbələk də yarada bilir. Onu da deyim ki, uşaqlara qulaqcığın ziyanı daha çoxdur. Hər şeydən əvvəl uşaqlar böyüklər qədər diqqətli deyil, qulaqcıq istifadə edəndə avtoqəzaya səbəb ola bilirlər. Yəni onlar iki işi birdən görə bilmirlər. Qulaqcıqdan istifadə uşaqlarda fikir dağınıqlığı yaratdığı üçün mümkün qədər onları bu əşyadan uzaq tutmalıyıq. Bu onların dərslərində zəifləməyə səbəb ola bilər".