https://www.zirve.edu.az/
17.12.2019 12:25
Texnologiyalar ali təhsili necə dəyişəcək?

1869-cu ildə Çarlz Eliot  özünün məşhur "Yeni təhsil"  adlı essesində təhsilin inkişafının ümumi istiqamətlərini müəyyənləşdirib.  1869-cu ildə Harvard Universitetinin prezidenti olmuş və  40 il ali məktəbə rəhbərlik etmiş Ç.Eliot bu essedə, təhsilin cəmiyyətin inkişafı ilə ayaqlaşması üçün  tədris  proqramları və təlim texnologiyalarının daim yenilənməsi naminə çox əsaslı arqumentlər irəli sürürdü ki, 150 il sonra bu yanaşma hələ də öz aktuallığını saxlayır.

Bugünkü müəllimlər  texnologiyaların hakim olduğu yeni dünya reallığında  ali təhsil barədə  yenidən düşünməlidirlər.  Sosial dəyişikliklərin görünməmiş templəri islahatları daha da təxirəsalınmaz edir. Ali təhsil bilik iqtisadiyyatında tərəqqinin mühərrikidir və bu sahədən böyük gözləntilər var.  

Texnologiyanın inkişafı sayəsində iş yerləri və səriştələr insanlar və ya təşkilatların onlara  uyğunlaşmasından daha sürətlə dəyişir. Kütləvi onlayn-təhsil sahəsində ixtisaslaşmış "Coursera"  şirkətininin 2019-cu il üzrə Qlobal səriştələr indeksi göstərib ki, dünya əhalisinin üçdə ikisi mühüm praktiki vərdişlərdə geridə qalır. Dünya İqtisadi Forumunun araşdırmalarına görə isə, 2022-ci ilə qədər peşə vəzifələrinin əksəriyyətinin yerinə yetirilməsi üçün lazım olan əsas bacarıqlar orta hesabla 42% dəyişəcək. Bu cür miqyasların qabaqcadan dəyişməsi üzündən  şirkətlər təcili olaraq rəqabətə davamlılığı təmin etmək üçün lazım olan səriştələri tapmağa və əldə etməyə çalışırlar.  "Pricever house coopers"un son sorğusuna görə, bacarıqların olmaması artıq dünyada biznes üçün üç əsas təhlükədən biridir.

Bu səbəbdən də, universitetlər bütün dünyada  biliklərin qoruyucuları və insan kapitalının  əsas istehsalçılarıdır. Buna görə də ixtisaslı kadrların hazırlanmasında universitetlər  başlıca  rol oynamalıdırlar. Onlar yalnız  öz təhsil müəssisələrinin çərçivəsi ilə məhdudlaşa bilməzlər. Bir ekosistem yaratmaq və auditoriyanın əhatə dairəsini genişləndirmək, digər universitetlər, təhsil xidmətləri təchizatçıları ilə əməkdaşlıq qurmaq, onlayn təhsildən istifadə etmək üçün səy göstərmək lazımdır. Bunun üçün hazırda təhsil sektorunda texnologiyalara ayrılan ümumi xərclərin (hazırda 3%) həcmi artırılmalıdır. Hər hansı bir sahə kimi, universitetlərə ali təhsildə böyük problemlərin aradan qaldırılması üçün rəqəmsal həllər tələb olunacaq.

Qlobal miqyasda ali təhsil

Ən son texnologiyalardan istifadə edərək, universitetlər kampusdan kənara çıxa  və qlobal miqyasda bütün yaşdan olan,  akademik və ya sosial kateqoriyalı tələbələrin imkanlarını genişləndirə bilər. Bu isə öz növbəsində tələbələrə ali təhsil proqramlarına başlamazdan əvvəl daha qısa universitet tədris bloklarını mənimsəməyə imkan verir. Texnoloji formatlar, məsələn, mobil cihazlar üçün optimallaşdırılmış funksional imkanlar  tələbəni olduğu yerdə "qarşılayır", yalnız yeni tədris mühitinə daxil olanlar və ya təlimi bərpa edənlər üçün daha hamar keçidləri təmin edir. Daha inkişaf etmiş səviyyədə süni intellektə əsaslanan adaptiv metodikalardan istifadə universitetlərə milyonlarla insanın təhsilini daha səmərəli nəticələr əldə etməsi üçün fərdiləşdirməyə imkan verəcəkdir.

Universitetlər artıq onlayn ali təhsil proqramlarının birbaşa və çox inandırıcı nəticəsini müşahidə edirlər. Belə ki, Makkuori Universitetinin ən yaxşı  MBA  magistr proqramları, İllinoys Universitetinin MBA proqramı (Urbana-Champaign), Kelley Online MBA və və Karnegi Mellon Universitetinin Teppera Online MBA biznes məktəbləri artıq işgüzar  mütəxəssislər üçün daha əlverişli onlayn təlim həyata keçirir.  Bu proqramlar, həmçinin çoxsəviyyəli təlim,  məsələn, şagirdlərin kompetensiyalarındakı müəyyən boşluqları  aradan qaldırmağa və ya yaxın karyera məqsədlərinə nail olmaq üçün xüsusi bacarıqları əlavə etməyə imkan verən onlayn kurslar təqdim edir.   

Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)