https://www.zirve.edu.az/
05.12.2019 16:15
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində iclas keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Bölmənin akademik-katibi akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

AzEdu.az-ın məlumatına görə, akademik Əhliman Əmiraslanov büro üzvlərini və qonaqları gündəliklə tanış edib.

Əvvəlcə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış "Fiziologiya terminləri lüğəti"nin (rus, ingilis, Azərbaycan dillərində) nəşri haqqında məsələ müzakirə olunub. Lüğətə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminalogiya Komissiyası və mütəxəssis alimlər tərəfindən müvafiq rəylər verilib. Müzakirələri yekunlaşdıran akademik Əhliman Əmiraslanov bu cür lüğətlərin nəşrinin mühümlüyünə diqqət çəkib və müəllifləri görülən işlə bağlı təbrik edib. Sonra yekdil səslə "Fiziologiya terminləri lüğəti"nin çap olunmasının məqsədəmüvafiqliyi haqqında qərar qəbul edilib.

Daha sonra akademik Əhliman Əmiraslanov Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifova 60 və Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Oqtay Mirzəyevə 80 illik yubileyləri münasibəti ilə bağlı Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanlarını təqdim edib.

İclasda Mərkəzi Nəbatat Bağı əməkdaşlarının müvafiq vəzifələrə təsdiqi ilə bağlı  qərarlar qəbul edilib.

İclasın sonunda Bölmənin 2019-cu il üzrə elmi və elmi-təşkilati hesabatlarının, ən mühüm tədqiqat nəticələrinin hazırlanmasının gedişi ilə bağlı müzakirələr aparılıb və lazımi tapşırıqlar verilib.