Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 17:04:00
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun illik hesabatı dinlənilib

Noyabrın 19-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi şurasının birgə iclası keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu elmi müəssisənin direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin sərəncam və qərarlarının, dövlət proqramlarının icrası ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 2019-cu ildə institutda 5 mövzunun yerinə yetirilməsi məqsədilə 24 işin 30 mərhələsi üzrə tədqiqatlar davam etdirilib.

Elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında məlumat, əldə edilmiş mühüm elmi nəticələr şura üzvlərinin diqqətinə çatdırılıb. Məruzəçi qeyd edib ki, institutun beynəlxalq əlaqələri xeyli genişlənib və cari ildə İtaliya Milli Tədqiqat Şurasının Davamlı Bitki Mühafizəsi İnstitutu, Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu, Koreya Respublikası Pusan Milli Universiteti və Rusiya Elmlər Akademiyası Puşino Bioloji Tədqiqatlar Elmi Mərkəzi ilə müqavilələr imzalanıb. İnstitutun 16 əməkdaşı 14 xarici ölkədə elmi ezamiyyədə olub. 2019-cu ildə institutun əməkdaşları Azərbaycanda və xarici ölkələrdə keçirilən elmi konfranslarda fəal iştirak ediblər. Son illərdə yüksək nüfuzlu, impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı xeyli artıb.

İnstitutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyi, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığı, onların elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqları qeyd olunub.

Sonda institutun illik fəaliyyəti müsbət qiymətləndirilərək hesabatın qəbul olunmasına dair qərar qəbul edilib.