Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 17:22:00
Eks-nazir: “Yaşlı alimlərdən dövlət orqanlarında məsləhətçi kimi istifadə etmək olar” - MÜSAHİBƏ

Əvəz Ələkbərov: “Peşəkar kadrlar cəmiyyətin aparıcı qüvvəsidir”


Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri”, professor Əvəz Ələkbərov son günlər həyata keçirilən kadr dəyişiklikləri və struktur islahatları barədə Modern.az-la həmsöhbət olub.


- Əvəz müəllim, son dövrlərdə ölkəmizdə gedən kadr islahatlarına  münasibətiniz necədir?


- Hələ XII əsrdə dahi Azərbaycan mütəfəkkili Nizami Gəncəvi demişdi ki, “Çatacaq kamına istedadlılar, işləri işbilən aparsa əgər”. Həqiqətən öz işini bilən, onu peşəkarcasına yerinə yetirən kadrlar istənilən cəmiyyətin aparıcı qüvvəsi olmuş və həmişə olacaqdır.

Bu baxımdan son dövrlərdə ölkəmizdə aparılan düşünülmüş, kadr islahatları tam mənası ilə dəstəklənməlidir. Çünki cənab Prezidentimizin müasir kadr siyasəti tamamilə elmi, məntiqi və dövrün tələbləinə uyğun bir siyasət kimi qəbul edilməlidir. Bu kadr siyasətinin səmərəliliyi, məncə onunla bağlıdır ki, bu islahatlar dövlət idarəetmə orqanlarında köklü struktur dəyişiklikləri ilə eyni zamanda həyata keçirilməkdədir. Və biz bunun müsbət nəticilərini çox yaxın zamanlarda hiss etməyə başlayacağıq.


- Siz hazırda ali təhsil sistemində çalışırsınız.  Bir peşəkar dövlət və siyasi xadim kimi yeni kadrların hazırlanmasında xidmətləriniz var. Bu baxımdan ali təhsil sistemində kadr hazırlığı məsələsinə necə qiymət verirsiniz?

- Altını cızaraq, xüsusi olaraq vurğulamaq istərdim ki, təhsil bir növ cəmiyyətin “lakmus kağızı” rolunu oynayır. Cəmiyyətin bu günü və gələcəyi onun təhsil sistemində çox aydın görünür. Odur ki, bu sistem həmişə xüsusi qayğı və diqqət mərkəzində olmalıdır. Təhsil sistemində kadr hazırlığının keyfiyyəti tədris planlarından asılıdır. Tədris planlarında olan fənlər kadr hazırlığı üçün vacibdir. Tədrisin istehsalatla əlaqəsi də zəruridir. Burada ən qabaqçıl müəssisələrdə təcrübənin təşkili və müsahibələrin həyata keçirilməsi səmərə verə bilər. Kadr hazırlığı üçün ən zəruri amillərdən biri kitabxana sisteminin zəngin olması 24/7 saat fəaliyyət göstərən ədəbiyyat sistemi də vacibdir.


- Gənclərimizin xeyli hissəsi xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar. Onların vətənə dönməsi və müvafiq işlərlə təmin edilməsi sahəsində müəyyən çətinliklər var. Bu məsələlərə münasibətinizi bilmək istərdik.

- Bilirsiniz, həm nəzəri, həm də praktiki baxımdan gənclərimizin dünyanın, o cümlədən Avropanın aparıcı ali təhsil ocaqlarına üz tutması, öz peşəkarlıqlarını artırması prosesinə çox müsbət baxıram. Lakin burada mühüm çatışmazlıqlardan biri onların təhsilini başa vurduqdan sonra vətənə qayıtmağı, əldə etdikləri bilik və bacarıqların ölkədə tətbiq olunmasının yüksək  səviyyədə təşkil olunmaması ilə bağlıdır. Məncə məsələnin həll edilməsi üçün həmin gənclər maddi və mənəvi cəhətdən stimullaşdırılmalı və yaxud ikili diplom proqramlarından daha geniş istifadə edilməlidir.


- Əvəz müəllim, ölkəmizdə postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi prosesinin getdikcə sürətlənməsi texniki peşə sistemində kadr hazırlığı məsələsini də xeyli aktuallaşdırır. Bu sahədə tövsiyələriniz nə olardı?


- Bu sahəyə də xüsusi diqqət verilməlidir. Bacarıqlı peşə sahibləri istehsal və xidmət sferasında çox böyük rol oynaya bilərlər. İri sənaye müəssisələri nəzdində belə kursların yaradılması məncə işin xeyrinə ola bilər. Burada xarici təcrübədən də faydalanmaq olar. Məsələn məşhur BMW, “Mercedes” şirkətlərində belə qurumlar fəaliyyət göstərir. Bu isə işin səmərəliliyinə çox müsbət təsir göstərmiş olar.  Bu işi dünya standatları çərçivəsində təşkil etmək də faydalı olardı.


- Elm sahəsində aparılan kadr islahatları haqqında  nə deyə bilərsiniz?

- Siz çox düzgün qeyd etdiniz ki, elm sahəsində aparıcı kadr islahatları öz məzmunu baxımından müasir dövrün çağırışlarına cavab verməlidir. Çünki, elmdə tam formalaşmış kadrlar dedikdə biz 50 və 60 yaş dövründə olan elmi və pedaqoji kadrları nəzərdə tuturuq. Bir məsələni də qeyd edim ki, elm sahəsində kadrlar elə həmin yaş dövrlərində püxtələşirlər. Lakin həmin yaş dövründə olan kadrları birdən-birə öz sahəsindən uzaqlaşdırmaqla biz bir boşluq yaratmış olarıq. Mənim fikrimcə, bu şəxslər həmin yaş dövründə aktiv həyatdan kənarlaşmış olarlar və bu heç bir nəticə verməz. Biz çalışmalıyıq ki, orta nəslin elm potensialından gənc nəslin yetişməsində istifadə edə bilək. Fikrimizcə, yaşlı nəsili təmsil edən alimlərimizi dövlət idarəetmə orqanlarında müşavir və məsləhətçi kimi istifadə etməklə qarşıya qoyduğumuz vəzifələri məqsədəuyğun həll edə bilərik.


- Əvəz müəllim, Siz dövlət idarəçiliyində, ictimai və elmi fəaliyyətinizdə çox böyük uğurlara imza atmış, vətənə və dövlətə sədaqətlə xidmət etmiş təcrübəli peşəkar kadrlardan birisiniz. Cənab Prezident İlham Əliyevin apardığı islahatlara münasibətinizi bilmək çox maraqlı olardı.

- Dövlət idarəetmə sistemi, onun ən zəruri və çevik alətlərindən biri olan kadr islahatları necə deyərlər, çox həssas bir sahədir. Bəzən zərgər dəqiqliyi ilə iş tələb olunur. Dövlət başçısı tərəfindən son dövrlərdə daha intensiv həyata keçirilən kadr islahatı məncə, dövrümüzün çağırışına cavab verir. Bu, Prezidentimizin həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış çox düzgün idarəetmə strateqiyasının reallaşdırılması ilə bağlı tədbirlər sistemi kimi qəbul olunmalıdır. Mən bu siyasəti tam dəstəkləyir və Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edəcəyinə inanıram.