“Bir məsələ barəsində mətbuata yazılı surətdə müraciət etməyə hazırlaşırdım”
AzEdu.az Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019), əməkdar elm xadimi, akademik Akif Əlizadə ilə müsahibəni təqdim edir.
-Akif müəllim, oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sizi 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi. Bir daha təbrik edirik...
-...Mən bununla fəxr edirəm! Elmdə yaşadığım günlər, illər, onilliklər, həqiqətən də, diqqətəlayiqdir. Hər zaman bir məqsədə xidmət etmişəm. Həyatımda elə anlar olub ki, başqa işlərə dəvət almışam. SSRİ dövründə partiya işinə, Təhsil Nazirliyinə, cavan zamanlarımda komsomola çağrılmışam. Bunların hamısına hörmətlə yanaşıram. Lakin elmi-ürfani xidmətdən heç zaman əl çəkməmişəm. İndi də doğma Geologiya və Geofizika İnstitutunda elmlə məşğul oluram.
“Bu istiqamətdə Azərbaycan dünyada 1-ci yeri tutur”
-Akif müəllim, geriyə baxdıqda sizi daha çox sevindirən, yaxşı mənada təsirləndirən hansı elmi uğurlarınızı nümunə göstərərdiniz?
-Elmi uğurlarımı geologiya elminə və onun keçdiyi inkişaf yollarına aid edirəm. Geologiya elminə 1957-ci ildə qədəm qoymuşam. Həmin il akademiyaya işə qəbul olundum. O gündən etibarən bütün fəaliyyətim bu elmin inkişafı ilə bağlı olub.
Geologiya elmi böyük inkişaf yolu keçib. Bu yolda bir alim və elmi işçi kimi inkişaf etmişəm. Bu zaman kəsiyində geologiya elmi mühüm nəticələr əldə edib: Keçən əsrin 1950-60 və 1970-ci illərində regional geologiya, geotektonika istiqamətləri əsas rol oynayıb. 1970-ci illərin sonları, 80 və 90-cı illərdə geologiya elminə yeni və fərqli metodlar, elmi tədqiqatlar gəldi. Bir istiqamətdə əldə edilən nailiyyətlər elmə töhfələr verdi.
Lakin zaman keçdikcə klassik istiqamətlər tükənməyə başlayır və yeni elmi istiqamətlər formalaşır. Bu baxımdan, 1970-80-ci illərdə geofizika elmi geologiyanın inkişafına kömək etdi. Bu, yerin dərin qatlarını, onun quruluşunu, yaşını, geokimyəvi, geodinamik prosesləri öyrənməyə imkan yaratdı. Sonralar fizika və kimyanın metodları elmdə geniş tətbiq olunmağa başlandı: Azərbaycanda izatop geologiyası, neft geologiyası geniş inkişaf yolu tapdı; geofizikanın köməyi ilə dərin neft quyularını axtarmaq imkanı yarandı.
Palçıq vulkanları geniş şəkildə araşdırıldı; İnstitutda uzun onilliklərdir ki, palçıq vulkanları tədqiq edilir. Bu istiqamətdə Azərbaycan dünyada 1-ci yeri tutur. Bu, böyük fenomenin öyrənilməsi və ətraflı elmi əsaslarının yaradılması Azərbaycan alimlərinə məxsusdur. Biz 2014-cü ildə Dünya Vulkanlarının Atlasını çap etdirdik. Bütün bu işlər bilavasitə mənim də iştirakımla həyata keçirilib. Bu gün Azərbaycan Geologiya və Geofizika İnstitutu bir mərkəz kimi fəaliyyətini davam etdirir. Mən də buranın aparıcı bir alimi kimi işimin başındayam.
“Yağış da yağsa, qar da olsa, hər səhər 6-da durar, idmanımı yarıda qoymaram”
-Akif müəllim, 85 yaşınız var, bir neçə həftə əvvələ qədər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edirdiniz. Maraqlıdır, gündəlik iş rejiminiz necə idi? Ruhən cavansınız, amma yaş da yaşdır. Bu qədər işləri çatdırmaq sizdə çətinlik yaratmırdı?
-Görünür ki, mənim cavan qalmağım genetik faktorlara dayanır. Amma Həmin genetik “əmanəti” qoruyub-saxlamaq da lazımdır. İnsan inkişaf etdikcə, genetik kod açıldıqca onu qorumaq da vacibləşir. 85 yaşım var, gənc yaşımdan indiyədək bir rejimlə yaşayıram; bu, mənim fəaliyyətimə, işgüzarlığıma böyük dəstək olub. İnsan bioloji obyektdir. Bütün orqanizm bir ritmlə işləyir. Bioloji saatı elə qurmaq lazımdır ki, o yorulub taqətdən düşməsin. Həmin saat elə işləməməlidir ki, tez sıradan çıxsın. Onu bir rejimlə işlətmək və yaşatmaq lazımdır. Mən 14 yaşımdan indiyədək - 71 ildir - hər səhər idmanla məşğul oluram. Bu, Ginnesin Rekordlar Kitabına yazılmalıdır. 71dir ki, konkret bir rejimdə- hər səhər saat altıda yuxudan dururam; istər yay olsun, istərsə də qış, heç bir fərqi yoxdur. Gün ərzində işimi elə qururam ki, axşama çox iş qalmasın. Nadir hallarda axşam nəsə iş görərəm. Aktiv iş rejimim 8-9 saatlıqdır: bu qədər çalışmaq mənə kifayət edir. Gecə yuxumu heç nəyə dəyişmirəm. Axşam 11-dən gec olmayaraq, yuxuya gedir, dediyim kimi səhər 6-da da oyanıram. Elə bu gün də o vaxtı yuxudan oyanıb, səhər idmanı ilə məşğul olmuşam. İdmana saat 6-da başlayıb, 7-yə qədər davam etdirmişəm. Bu, hər gün belədir! Yağış da yağsa, qar da olsa, idmanımı yarıda qoymuram. Mənim orqanizmim bunu tələb edir. Bu, yemək kimi bir şeydir. Artıq ona o qədər öyənmişəm ki, bu mənim üçün nəfəs almaq kimi bir vacibata çevrilib. Bu gün idmanla məşğul olduğum üçün çox gümraham və kolleqalarımla bərabər proqramlarımızı icra etməyə və onları yeni üfüqlərə yönəltməyə hazıram.
“Elm və təhsilin vəhdəti pozulsa, inkişaf və kadr hazırlığından söhbət gedə bilməz!”
-İstər AMEA-nın rəhbəri olduğunuz dönəmdə, istərsə də ondan əvvəlki dövrdə elm və təhsilin vəhdətinə böyük önəm vermisiniz. Bu gün bizim universitetlərimiz akademiyanın potensialından və kadr bankından istifadəyə nə dərəcədə maraq göstərirlər? Universitetlər bu istiqamətdə sizin sözünüzü nə dərəcədə dinləyirlər?
-Akademiyanın prezidenti seçilməmişdən öncə mən Rəyasət Heyətində üzv idim. Ondan əvvəl Yer Elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışırdım. Sonralar isə vitse-prezident vəzifəsini yerinə yetirmişəm. Hər zaman da siz dediyiniz məsələyə böyük önəm vermişəm. Elm və təhsil bir-birindən ayrılmaz fəaliyyət istiqamətləridir. Elm təhsilsiz, təhsil elmsiz heç cür inkişaf edə bilməz. Elmi tədqiqat işləri ilə məşğul olan professor elmi yenilik və nailiyyətlərini auditoriyada tələbəyə çatdırmalıdır. Elm və təhsilin vəhdəti pozulsa, orada inkişaf və kadr hazırlığından söhbət gedə bilməz!
Rusiya Elmlər Akademiyası I Pyotrun dövründə yaradılıb. I Pyotr akademiyanı yaradanda onu universitet kimi formalaşdırmışdı. Orada həm elmi işlər aparılır, həm də təhsil verilirdi. Sonralar bu vəhdət pozuldu. Bu təmas əsasən sovetlər vaxtı sıradan çıxdı. Nəticədə elmin inkişafı və kadr hazırlığında bir qədər çətinlik yaratdı.
Akademiya kadr hazırlamalıdır. Bu, bakalavr magistr və doktorantura istiqamətlərində həyata keçirilməlidir. Mənim indi də təhsilə ümidim çox yüksəkdir. Təhsil Nazirliyimiz ciddi islahatlar aparır. Prezidentə Akademiyada magistratura yaratmağı təklif etdikdə o, bu fikri dərhal qəbul etdi. Çünki Cənab Prezident bunu dərindən düşünmüşdü. Elmi kadr yaratmaq və müasir çağırışlara cavab vermək üçün elm və təhsilin təması yaradılmalıdır.
“Elm və təhsilə qoyulan vəsait gələcəkdə 10, bəlkə də 100 dəfə artıqlaması ilə geri qayıdır”
-Sovet dövründə elm və təhsilin vəhdəti pozuldu. Bu çağdaş Azərbaycan intellektinə və təfəkkürünə nə dərəcədə təsir göstərdi?
-Bu amil təhsilimizə mənfi təsir göstərdi. Eyni zamanda, Azərbaycan intellektinin, tədrisinin, maarifinin inkişafına çətinlik yaratdı. Kadr hazırlığını həyata keçirmək - özü də onu fərdi olaraq hazırlamaq- lazımdır.
Həmçinin, hər hansı elmi istiqamətdə talantları üzə çıxarıb, onları gələcək üçün hazırlamaq daha məqsədəuyğundur.
Elm və təhsilə maliyyə yatırmaq lazımdır. Çünki bu iki sahəyə yatırılan vəsait gələcəkdə 10, bəlkə də 100 dəfə artıqlaması ilə geri qayıdır. Bu yatırım da öz növbəsində gənclərin inkişafına yönəlik olmalıdır Elmdə məvacib yüksək olduqda gənclərin bu sahəyə marağı artar. Çünki gənc elmə yeni qədəm qoyur. Ailə qurduqda onun müxtəlif vacib tələbat və ehtiyacları yaranır. Bu tələbatı ödəmək üçün isə ona maddi kömək lazımdır. Bir sözlə, gənc alimlərin sosial problemləri həll olunmalıdır. Biz çalışdıq ki, bu problemi həll edək. “Science City” kimi şəhərcik yaratmağa başlamışıq. İki-üç həftə bundan öncə həmin şəhərciyə getdim; bir blok artıq hazır idi, ikincinin fundamenti isə yenicə qoyulmuşdu. Birinci blok 14, o biri isə 12 mərtəbəlidir. İnşallah orada ondan artıq bina inşa ediləcək. Bu, gənc alimlər üçün çox böyük motivasiya qaynağı olacaq.
-Akif müəllim, 6 il Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti oldunuz. Bu müddət ərzində bir çox layihələr həyata keçirmisiz. Bəs hansı ideyalarınız olub ki, onu reallaşdırmaq istəsəniz də, mümkün olmayıb?
-Mən deməzdim ki, hər hansı ideyanı, məqsədi həyata keçirmək istəyəndə hər hansı maneə olub. Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra akademiyanın Rəyasət Heyətini topladı. Orada onun dediyi sözləri biz indi də şüar kimi akademiyada yazmışıq. O, söyləmişdi ki “İqtisadiyyat nə vəziyyətdə olur-olsun, elm mütləq şəkildə inkişaf etməlidir”. Bu sözlər Azərbaycanın gələcəyini təmin edən şüar kimi səslənir. Ulu Öndər imkan taparaq Azərbaycan gənclərini Moskvaya, Kiyevə, Lelinqrada, Novasibirskiyə və başqa şəhərlərə təhsil almağa göndərirdi. Sovetlər zamanı Azərbaycanın hüdudlarından kənarda böyük bir universitet yarandı və gənclərimiz orada gözəl təhsil aldılar. Sonra onlar doğma respublikaya qayıdaraq müxtəlif vəzifələrdə çalışdılar. Həmin tələbələr bugünkü müstəqil Azərbaycanın aparıcı qüvvəsi kimi fəaliyyət göstərirlər. Ola bilər ki, bir balaca tez və ya gec, amma məqsəd varsa ona gedib çatmaq olur.
“Misir Mərdanov və rektorlar tövsiyələrimə hər zaman dəstək olublar”
-Qeyd etdiniz ki, universitetlər və akademiyalar birgə fəaliyyət göstərməlidir. Bir ziyalı, akademik kimi elm və təhsilin birgə addımlaması üçün universitetlərə hansı təkliflər edərdiz?
-İlk növbədə təklif etmişdim ki, Azərbaycan Milli Elmlər Akademiyasında universitetlərin baza kafedraları yaradılsın, həyata keçirildi. O zaman mən akademiyanın prezidenti vəzifəsində çalışmırdım. Təhsil naziri Misir Mərdanov və universitetlərin rektorları mənim elm və təhsilin birgə fəaliyyəti yolunda təkliflərimi müsbət qarşıladılar. Onlar mənim bir alim kimi tövsiyələrimə hər zaman dəstək olublar. Xüsusən də, Bakı Dövlət Universiteti və Neft və Sənaye Universiteti mənə çox böyük yardımçı olublar. İnstitutumuzda iki baza kafedrası yaradılıb. İkisi də hazırda fəaliyyət göstərir.
Bizim institutumuzda yaranan baza kafedralarına tələbələr həvəslə gəlib, buradakı mühazirələri dinləyirlər. Mən tələbələr üçün Açıq qapı günləri elan etdim. Onlar gəlib laboratoriyaları gəzir, cihazlara baxır və alimlərlə ünsiyyətdə olurdular. Bunların hamısı gəncin dünya və elmi görüşünü zənginləşdirir, Azərbaycan intellektinə təsir edir. Necə deyərlər, dama-dama göl olar.
-Akif müəllim AMEA-ya rəhbərlik etdiyiniz dönəmdə atdığınız müsbət addımlardan biri də bütün institutlarda ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması oldu. Sizə qədər bu struktur ya zəif/ ya da, ümumiyyətlə, yox idi. Yəni, mediaya xüsusi önəm vermişiniz. Bu gün necə, Akif müəllim medianın fəaliyyətindən, elmi işıqlandırmaq işindən razıdır? Elmin düzgün təbliği üçün nə kimi tövsiyələr edə bilərsiniz?
-Çox doğru dediniz. Mənə qədər bu ənənə olmayıb. Elmin populyarlaşdırılması olduqca vacib bir istiqamətdir. Elm qapalı sahədir. Alimin fəaliyyəti insanlar tərəfindən qiymətləndirilməlidir. Çünki alim xalqın vəsaitinin hesabına öz tədqiqatlarını aparır. Biz bir elm ocağı olaraq, hansı tədqiqatlar aparıldığını əhaliyə, ictimaiyyətə göstərməliyik .
2015-ci ildə Akademiyada ilk dəfə Elm Festivalı keçirildi; ora çoxlu sayda gənclər qatıldılar. İctimaiyyətdə böyük maraq yarandı, çünki mediada bu barədə xeyli informasiyalar yayıldı. Bütün bu tədbirlər elmdə gənclərin sayını artırmaq üçün nəzərdə tutulub. Həmin festivala qatılan gənc yəqin ki, evə gedərək düşünüb ki, nə yaxşı ki, mən bu gün gedib gözəl bir kimyəvi reaksiyanı müşahidə etdim. Belə söhbətlər evlərdə və ailələrdə gedir. Bunların hamısı davam etdirilməlidir. Mən həm Azərbaycan Televiziyasına, həm də mediasına təşəkkürümü bildirirəm ki, bizim çağırışımızı düzgün qəbul edib, Azərbaycan elminin şərhini geniş miqyasda yaydılar.
-Sizcə paytaxt deyil, bölgə məktəblərində gələcəyin yusif məmmədəliyevləri, mirəli qaşqayları, zahid xəlilovları, akif əlizadələri yenidən yetişəcəkmi? Bugünkü bölgə təhsilimizin imkanları buna yol verə biləcəkmi?
-Azərbaycan xalqı istedadlıdır. Azərbaycan elmi Yusif Məmmədəliyev. Həsən Abdullayev, Ziya Bünyadov, Aidə İmanquliyeva kimi alimlər yetişdirib. Hazırda da zəmin var ki, onlar yenidən yetişəcək. Çünki elm və kamal hüdudsuzdur. Azərbaycan gənci bu gün müstəqil bir dövlətin vətəndaşıdır. Buna mənim heç bir şübhəm yoxdur. Onlara müxtəlif istiqamətlərdən dəstək vermək lazımdır. Elmə göstərilən dəstək bir qədər də dərinləşib, genişlənməlidir.
“Bir məsələ barəsində mətbuata yazılı surətdə müraciət etməyə hazırlaşırdım”
-Akif müəllim, dəfələrlə qeyd etmisiniz ki, biznes elmin yanında olmalıdır. Siz bir ziyalı kimi Azərbaycan biznesmenlərinə elmin inkişafı üçün hansı tədbirləri həyata keçirməyi tövsiyə edərdiniz?
-Çox vacib məsələyə toxundunuz! Mən elə bu barədə yazılı surətdə müraciət etməyə hazırlaşırdım. Sonra isə bu müraciətimi mətbuatda çap etdirib, yayımlayacaqdım. Qeyd edəcəkdim ki, bizneslə elmin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət ayrılsın. Azərbaycanın yaxşı biznesmenləri, özəl sektorda çalışan bacarıqlı təşkilatçılarımız var. Onlar getdikcə püxtələşəcəklər, imkanları bir qədər də artacaq. Heç şübhəm yoxdur, Azərbaycan biznesi elə bir zamana gələcək ki, elmə himayəçiliyi öz öhdəsinə götürəcək. Bu, mütləq olmalıdır. Əks təqdirdə, elmimiz yaxşı inkişaf edə bilməyəcək. Dövlət elmə həmişə maliyyə dəstəyi verib. Lakin elm böyük maddi vəsait tələb edir: cihazlar o qədər incə və dəqiq olur ki, onların hazırlanması üçün icadı olduqca böyük miqdarda pullar xərclənir. Məsələn, molekulyar səviyyədə tədqiqatlar aparmaq, izatopları öyrənmək üçün olan cihaza görə yarım milyonluq maliyyə lazımdır. Bu yarım milyonu dövlət tərəfindən bir-iki dəfə vermək olar, lakin hər dəfəyə dövlətin imkanı çatmaz. Bunun üçün mütləq biznesmen və sahibkarlar elmə üz çevirməlidilər. İmkan dairəsində elmə yardım göstərilməlidir. Bu, çox böyük bir addım olar.
Büdcədən kənar maliyyə məsələsindən danışmişkən, bir faktı da deyim: Biz bir neçə il əvvəl Yüksək Texnologiyalar Parkını yaratdıq. Cənab Prezident bunu dəstəklədi. Bu gün həmin texnopark elə bir vəziyyətə gəlib ki, o Azərbaycan elminə büdcədənkənar vəsait vermək ərəfəsindədir. Mən prezident vəzifəsindən istefa edən zaman orada 9 milyon manata yaxın maliyyə toplanmışdı və bu da öz növbəsində akademiya elminə investisiya imkanı yaradır.
“Geologiya fakültəsinə sənəd verməyib, həkim olmaq istəyirdim, amma”
-Akif müəllim, bir az uzaq illərə, uşaqlıq çağlarınıza qayıdaq. Atanız Azərbaycanın ilk peşəkar stomatoloqu Ağamehdi Əlizadə, özünüz də ziyalı və şeyx nəslinin nəvəsi... Ailəniz sizi bu elmə yönəltmək məqsədiylə kimləri oxumağı məsləhət görüblər?
-Mən atamı uşaq vaxtı itirmişəm; 13 yaşım var idi, 6-cı sinifdə oxuyurdum. Orta məktəbi gümüş medalla bitirdim. O zaman gümüş medal sovetlərin istənilən universitetinə imtahansız qəbula şərait yaradır. Bu təhsil müəssisələri Lelinqraddan Şərqə qədər bütün universitetləri əhatə edirdi. Orta məktəbdə oxuyarkən həm təhsilə, həm maarifə, həm də kitablara böyük həvəs göstərirdim. Mənim fikrim yox idi ki, geologiya fakültəsinə sənəd verim, çünki həkim olmaq istəyirdim. Ailəmiz həkim və tibb ailəsi olduğundan təbabəti, tibbi sevir, bu istiqamətdə kitablar oxuyurdum. Lakin ailədə mənə məsləhət gördülər ki, hamı həkim ola bilməz, biriniz gedib başqa sahəni seçin. O zamanlar Sənaye Universitetində gözəl mühəndis formaları var idi. Bu məni həvəsləndirdi. Xoşbəxt Yusifzadə həmin zamanlarda Neft Daşlarında işə başlamışdı. Mən də həvəslənərək sənədlərimi Sənaye Universitetinə verdim və orada inkişaf etməyə başladım. Universitetdə oxuyarkən elmi mühazirələrlə çıxış etməyi çox sevirdim. Elmi məqalələr yazırdım. Tələbələrin ümumrespublika müsabiqəsində iştirak etdim. Yusif Məmmədəliyev o zaman həmin müsabiqənin sədri və universitet rektoru idi. O, mənim tədqiqatımın nəticəsi olaraq mənə bürünc medal təqdim etdi. O medalı mən indi də arxivdə saxlayıram. Həmin illərdən başlayaq mən bütün ömrümü elmlə bağlı etdim. O zamanın qanunları sərt idi və tələbənin işləməsinə icazə verilmirdi. Bizi istehsalata göndərirdilər. Səhər saat 5-də durub Suraxanıya istehsalata gedirdim və mədəndə işləyirdim. Oradan saat 5-də çıxıb, evə qayıdırdım və nahar edib dərhal kitabxanaya gedirdim. Kitabxanada yeniliklərlə tanış olurdum, jurnallara baxırdım. “Azərbaycan Neft Təsərrüfatı” jurnalı var idi. Bu maraq məndə gənclikdən yaranmışdı. Sonralar məni çox yerə dəvət etsələr də, mən elmə sadiq qaldım. Əgər mənə bir də yaşamaq şansı verilsəydi, mən yenə də elm yolunu seçərdim!
Son olaraq.... Yaxud, P.S. əvəzi...
Müsahibəni bitirib, Akif müəllimlə sağollaşırıq. Amma qocaman akademikin əlavəsi var. Özündən dinləyib oxucular üçün də maraqlı olacağını düşünürük:
-Həyatımda həmişə çalışmışam ki, xeyirxahlıq edim. Bu da bizim ailənin mənəvi bağlarından irəli gəlib. Həmkarlarım və başqa insanlar da mənə nə vaxt müraciət etsələr, dərhal telefonu götürüb kimdənsə xahiş etmişəm. Çünki hamı yaşamalı və inkişaf etməlidir. Mən ömrümün axırına kimi elmə səcdə edib, ona xidmət göstərəcəyəm !
Şükufə SÜLEYMANLI
Elmin NURİ
kitabı