Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 13:57:00
Müəllimlərin qarşılıqlı yerdəyişməsinin qaydaları hazırlanır - Proses nə zaman başlanır?  

Təhsil müəssisələrində  müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi  Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı isə  hər il nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.

AzEdu.az xəbər verir ki, bu tədris ilində də müəllimlərin qarşılıqlı yerdəyişməsi planlaşdırılır. Lakin prosesin dəqiq vaxtı hələ ki məlum deyil.

Əldə etdiyimiz məlumata görə, yerdəyişmə prosesinin  qaydaları hazırlanır. Qaydalar tam hazır olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Yerdəyişmə elektron şəkildə həyata keçiriləcək. Namizədlər elektron portalda qeydiyyatdan keçərək, yerdəyişmə ilə bağlı müraciət edə bilərlər.

 Yerdəyişmə müsabiqəsində uğur qazanmış coğrafiya müəllimi Posu Mansırlı bu prosesin müəllimlərin üçün yaradılmış böyük şans olduğunu deyib.

   “Mən əvvəlcə  Yardımlı rayon məktəbinə qəbul olunmuşdum, daha sonra isə  iş yerimi  Füzuli rayonuna dəyişdim. MİQ müsabiqəsindən uğur qazanan  müəllim   yaşayış yerinə  yaxın məktəbi  seçmək istəyir.  Elə olur ki, ya vakant yer  olmadığından,  ya da yüksək ballı namizədlər  həmin yerləri tutduğundan müəllimlər uzaq ərazilərdəki məktəblərə  qəbul olunurlar. Yerdəyişmə müsabiqəsi həmin müəllimlərə əlavə şans yaradır ki, yenidən imtahanda iştirak etmədən MİQ  və ya diaqnostik imtahanın nəticəsi ilə    iş yerini istədiyi ünvana dəyişsin. Bu müsabiqənin bir başqa üstün cəhəti də odur ki, MİQ müsabiqəsi ilə müqayisədə burada rəqabət nisbətən az olduğu üçün yerdəyişmə asan olur. Təhsil Nazirliyi bu ildən yerdəyişmənin yeni növünü, qarşılıqlı razılıq əsasında yerdəyişməni həyata keçirir. Bu da müəllimlər üçün yaradılmış gözəl şansdır”.

Qeyd edək ki,  yerdəyişmə  yalnız müddətsiz müqavilə ilə işləyən namizədlər üçün nəzərdə tutulub.   Müddətli müqavilə ilə işləyən kadrlar bu prosesdə iştirak edə bilməz.

Ayşə Müseyib