Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 12:00:00
Artırılan təhsil xərcləri, dəyişən qəbul şərtləri, baş tutacaq sertifikasiya - Həftənin icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 Ötən həftədə Təhsil naziri son 5 ilin inkişaf faizlərini açıqladı

“Son 5 ildə tələbə sayında 21 faizə yaxın artım olub".

Bu sözləri Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yalnız 2019-cu ildə dövlət hesablı yerlərin sayında 66 faiz artım müşahidə edilib.

 Geridə buraxdığımız həftədə həm də  birinci sinfə şagird qəbulunun vaxtı bitdi.

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 48 814 şagird I sinifdə təhsil alır.

 Ümumilikdə isə 48 814 birinci sinif şagirdindən 45 949 nəfəri ümumi təhsil məktəblərində, 2 865 nəfəri isə lisey və gimnaziyalarda təhsil alır.

"2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq"

Ötən həftədə bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub.

Gələn ilin təhsil xərcləri 40%-dək artırılır 

Gələn il təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq.

Bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb.

Dövlət sifarişi ilə ali məktəblərdə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılacaq

 Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30 faizədək artırılması nəzərdə tutulub.

Bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

 Ötən həftədə Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Qros Zakari ilə görüşüb

Görüşdə Azərbaycanla Fransa arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Geridə buraxdığımız günlərdə AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktoranturasına növbəti qəbul və bu ilin qış imtahan sessiyasından başlayaraq, iddiaçılar alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verəcəklər.

Bu barədə AMEA prezidenti müvafiq sərəncam imzalayıb.

Ötən həftədə Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 

Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Həftənin təhsil informasiyaları

Bakıda 184 məktəbdə 404 təmayül sinfi açılıb

"2019-2020–ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində ilk peşə təmayüllü siniflər yaradılıb".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinif fəaliyyət göstərib. 2019-2020-ci dərs ilində isə 184 məktəbdə 404 təmayül sinfi açılıb.  

 Növbəti illərdə digər bölgələrdə də lisey filiallarının açılması planlaşdırılır.

Bu sözləri Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

 Azərbaycanda daha iki peşə mərkəzi tikiləcək  

Azərbaycanda peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, mövcud peşə mərkəzlərindən əlavə daha iki mərkəzin tikintisi nəzərdə tutulur.

Məhəbbət Vəliyeva beynəlxalq müsabiqənin iştirakçıları ilə görüşüb

Oktyabrın 17-də Təhsil  Nazirliyində  “Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin  iştirakçıları ilə  görüş keçirilib.

Görüşdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan nazir müavini bu müsabiqənin  gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini çatdırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları