Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 09:31:54
Ərizəsi qeydiyyata alınanlar sənədlərini bugündən təqdim edə bilərlər 

Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən etibarən sənədlərini qəbul olunduqları məktəbə təqdim edə bilərlər.

AzEdu.az xəbər verir ki, elektron ərizəsi qeydiyyata alınan şəxslərin sənədləri məktəbə təqdim etməsi üçün son tarix 27 sentyabrdır.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir və belə qruplara təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir.

Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.

Məlumata əsasən, bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.