https://www.zirve.edu.az/
28.04.2018 10:10
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümü keçirilir.

O, orta məktəbi bitirdiktən sonra 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə oranı bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.1950-1953-cü illərdə aspiranturanı bitirib.

1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-67-ci illərdə  böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib.

Akademik  Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb (1981).

1985-ci ilin aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Bakıya gətirilib.