https://www.zirve.edu.az/
24.04.2018 15:49
Cümhuriyyət nazirlərinin təhsilləri - əksəriyyəti bu fakültəni bitirib…

 

Ölkə başçısının  sərəncamları ilə xeyli nazirlik və komitələrə, gənc rəhbərlər təyin edildi.

 Gənc və perspektivli kadrlara etimadın göstərilməsi ictimaiyyət tərəfindən də çox yaxşı qarşılandı.

 AzEdu.az gələn ay Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi, həmçinin, “Xalq Cümhuriyyəti” ili münasibətilə ADR nazirlərinin təhsilləri  barəsində yazını təqdim edir:

 Xatırladaq ki, 28 may 1918-ci ildə əsası qoyulan Azərbaycan Cümhuriyyəti qısa müddətdə Şərq siyasi tarixində bir çox ilklərə imza atıb. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, ADR-in Azərbaycanın siyasi, hüquqi və mənəvi tarixi üçün misilsiz xidmətləri oldu. Şərqdə qadınlara ilk dəfə səsvermə hüququnu da bu dövlət verdi. Beş dəfə dəyişilən hökumət kabinələrinin hər birində gənc və perspektivli nazirlər, rəhbərlər çalışırdı. Dövlətin banisi olan Məhəmməd Əmin Rəsulzadənin özünün cəmi 34 yaşı vardı. ADR-in ən gənc nazirinin 23, ən qoca nazirinin isə 69 yaşı olub. Ən gənc Mustafa Vəkilov, ən qoca Səməd bəy Mehmandarov olub. Əksər nazirlərin yaşı isə 30-40 yaş aralığında idi. Onların böyük qisminin ali təhsili hüquq ixtisası üzrə olub:

Maliyyə və Xalq Maarifi naziri, Baş nazir  Nəsib bəy Yusifbəyli Odessa Universitetinin hüquq fakültəsini bitirib;

Azərbaycan Nazirlər  Şurası İcraiyyə Komitəsinini sədri və Daxili İşlər naziri F.X.Xoyski Moskva Universitetinin hüquq fakültəsində oxuyub; (yaş 43)

Daxili İşlər naziri olan Behbud bəy Cavanşir Almaniya Frayberq Dağ – Mədən Akademiyasını bitirib  (cəmi 32 yaşında nazir olub);

Hərbi nazir Xosrov bəy Sultanov Odessa Universitetinin tibb fakültəsində  oxuyub; (yaş 39)

Xarici işlər naziri Məhəmməd Həsən Hacınski Peterburq Texnologiya İnstitutunda təhsil alıb;

Ədliyyə naziri Xəlil bəy Xasməmmədov Moskva Universitetinin hüquq fakültəsində təhsil alıb;

Ticarət və sənaye naziri Məmməd Yusif Cəfərovun Moskva Universitetinin hüquq fakültəsində təhsil alıb ( cəmi 33 yaşında nazir olub)

Əkinçilik və Əmək naziri Əkbər ağa Şeyxülislamov Peterburq yol Mühəndisliyi İnstitutunu  bitirib (cəmi 27 yaşında nazir olub)

Yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanov Peterburq Yol Mühəndisliyi İnstitutunun məzunu olub;

Dövlət nəzarəti naziri Cəmo bəy Hacınski Peterburq Universitetinin hüquq fakültəsini bitirib (cəmi 30 yaşında nazir olub);

Səhiyyə və sosial- təminat naziri olan Xudadat bəy Rəfibəyli Xarkov Universitetinin tibb fakültəsini bitirib;

Ticarət və Sənaye naziri Ağa Aşurov Almaniyada Mühəndis Texnologiya İnsitutunda  təhsili alıb;

Əmək və Əkinçilik naziri  Əhməd bəy Pepinov Moskva Universitetinin hüquq və iqtisadiyyat fakültələrində təhsil alıb.