Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 11:57:00
Elm və təhsil komitəsindən nazir təyinatına reaksiya: “Gözləntilərimiz çoxdur”

“Ceyhun Bayramov uzun müddətdir ki, təhsil nazirinin birinci müavini vəzifəsini yerinə yetirib. Keçmiş təhsil naziri  Mikayıl Cabbarovun başladığı geniş miqyaslı islahatların həyata keçirilməsində yaxından iştirak edib. Prosesə dərindən bələddir”.

Bunu AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse prezidenti  İsa Həbibbəyli yeni təhsil naziri barəsində danışarkən qeyd edib. O,  təyinatı  çox uğurlu addım kimi qiymətləndirib:

 

“Hesab edirəm ki, onun təhsil naziri olmağı təhsil sistemində başlayan islahatların davam etdirilməsinə  və islahatların daha da genişləndirilməsinə şərait yaradacaq”.

Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva Ceyhun Bayramovu təhsil naziri seçilməsi münasibətilə təbrik edib:

“Bu təyinat Cənab Prezident tərəfindən ona göstərilən böyük etimaddır. Ceyhun Bayramov təhsilin içərisində olan insandır. Təhsil sistemini çox gözəl bilən gənc kadrımız neçə ildir ki, nazirin birinci müavini vəzifəsində çalışıb. Təhsil işçisi olaraq, Ceyhun Bayramovun nazir müavini işlədiyi vaxtlardan təhsilə olan münasibətinə, biliyinə, qabiliyyətinə, dünyagörüşünə bələd olduğuma görə bu təyinata çox sevindim. Əlbəttə, bir təhsil adamı kimi ümidlərimiz, gözləntilərimiz çoxdur. Təhsildən yeniliklər gözləyirik. Elm və təhsil elə  sahədir ki, daim yenilənir, cavanlaşır, inkişaf edir. Müasir dövrdə Avropa təhsil sisteminə inteqrasiya edirik. Bu baxımdan  gözləntilərimiz çoxdur. Mən inanıram ki, Ceyhun  Bayramov ona tapşırılan şərəfli vəzifənin öhtəsindən layiqincə gələcək”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun  Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları