Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-13 06:29:35
“Bizdə pianino müəllimləri çox zəifdir” - Solistdən etiraf

Son zamanlar şagirdlərin incəsənət yönümlü təhsilə, tədris müəssisələrinə marağında azalma müşahidə olunur.

Bəzən də bu profilli tədris müəssisələrinə maraq göstərənlər arasında ciddi gender bərabərsizliyi də diqqətdən qaçmır. Xüsusilə də  musiqi məktəblərində “Fortepiano” üzrə təhsil alanların əksəriyyəti qızlardır. Mütəxəssislər hesab edir ki, bu sahəyə marağın azalmasının əsas səbəbi əməkhaqqının azlığı və peşəkar kadrların olmamasıdır. Bu isə gələcəkdə incəsənətə marağın daha da azalacağı isə istisna olunmur.

Azərbaycan Dövlət Filarmoniyasının solisti Nərgiz Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda pianino sahəsində müəllim işi çox zəifdir: “Uşaqlarda pianinoya həvəs var, hətta deyərdim, öyrənmək istəyən kifayət qədər çoxdur. Sadəcə, müəllimlər uşaqlarda mütləq həvəs yaratmalıdırlar. Bizdə müəllimlər 2 kitab götürüb, yalnız ondan istifadə edirlər. Halbuki, internetdə xeyli sayda gözəl əsər var. Mən tələbələrimə o əsərlərlə dərs keçirəm. Xaricdə olanda da maraqlı kitablar alıram.

Hər peşənin özünə görə çətinliyi var, amma pianoçu  olmaq ikiqat çətindir. Gərək, hər gün yorulmadan öz üzərində işləyəsən. Qızım da pianoçudur, 5-6 ildir, bu sahə ilə məşğuldur. Lakin sırf çətin sənət olduğuna görə, onun pianoçu olmağını istəmirəm”.

Nərgiz Əliyevanın sözləriylə desək, bu sənətin peşəkarı olmaq üçün ömrünü qurban verməlisən: “Mənim tələblərim musiqiçilər deyil, neftçilər, həkimlər, polislərdir. Onlar da çox həvəslə məşğul olurlar. Öyrənmək üçün arxamca qaçırlar. Sənətin çətinliyinə görə hər adam bu sənətə dözə bilmir. Maaş məsələsində isə deyilənləri doğru hesab etmirəm. Əgər işinin peşəkarısansa, bu sənətdə yaxşı pul qazanmaq mümkündür”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları