Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-25 11:45:00
Xaricdəki tələbələrimizin Xocalı harayı – Brüsseli kədərləndirən aksiya - FOTOLAR  

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib. 

Aksiyaya Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa,  və digər Avropa ölkələrində yaşayan eləcə də təhsil alan gənclərimiz də qatılıblar. Eyni zamanda aksiyada Azərbaycanla dost münasibəti bəsləyən xalqların  diaspor üzvləri də iştirak ediblər.

Macarıstanın Korvinus Universitetinin tələbəsi Abdulla Məmmədli AzEdu.az-a açıqlamasında bildirib ki, bəzi təşkilati qüsurları nəzərə almasaq, ümumilikdə aksiya yaxşı keçdi:

“Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən aksiyada  20-dən çox ölkədə yaşayan soydaşlarımız iştirak edib. Hətta cənubi azərbaycanlılar, uyğurlar da aksiyaya gəlmişdi.  Aksiya  Avropa Parlamentinin qarşısında oldu və təxmini 2 saat davam etdi. Rəsmi rəqəmlərə  görə aksiyada 700-dək soydaşımız iştirak edib. Ümumiyyətlə, keçirilən tədbir  adından da göründüyü kimi möhtəşəm idi”.

Mitinq iştirakçısı olan Macarıstanın Szeged Universitetinin tələbəsi həmyerlimiz İbad Bayramovun sözlərinə görə, aksiyada italyan, alman, fransız, macar, ingilis dilində şüarlar səsləndirildi:

“Mitinqdə  həm tələbələr, həm də Avropada yaşayan həmyerlilərimiz də iştirak edib.  Belçikanın paytaxtı Brüsseldə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbir Azərbaycan xalqının lazım gəldikdə birləşə biləcəyinin bariz nümunəsi idi. Macarıstan, İtaliya, Polşa, Ukrayna, Estoniyada və bir çox Avropa ölkəsində təhsilini davam etdirən həmyerlilərimizin iştirakı ilə keçirilən tədbir 2 saat davam etdi.Mitinqdə iştirak edən hər bir azərbaycanlı ətrafında keçən əcnəbilərə Qarabağ həqiqətlərini, Xocalı soyqırımını bəhs edirdi. Aksiya zamanı əcnəbilər mitinqin mahiyyətini yaxınlaşıb iştirakçılardan öyrənməsi, onların maraqlı baxışları, iştirakçılarla şəkil çəkdirməkləri, etdiklərimizin əbəs yerə olmadığını göstərirdi”. 

Nümayişdə  iştirak edən  Macarıstanın Szeged Universitetinin tələbəsi  Sabir Sədrəddinli bildirib ki, aksiyada müxtəlif ölkələrin diasporası öz dilləri ilə Qarabağ həqiqətlərini çatdırırdı:

“Brüssel şəhərində keçirilən mitinqdə gediş-gəliş  və digər xərclər  Azərbaycan səfirliyi tərəfindən qarşılanırdı. Mitinqdə təkcə Macarıstandan deyil, eləcə də müxtəlif ölkədə yaşayan həmyerlilərimiz də iştirak edib. Onu da qeyd edim ki,  aksiyada yerli sakinlərə, turistlərə Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər də paylanıb". 

Qeyd edək ki, aksiyada media nümayəndələri iştirak edib və mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları