Alimlər vitamin B12 əsasında hazırlanmış yeni terapiyanın beyin xərçənginin müalicəsində ümidverici nəticələr göstərdiyini açıqlayıblar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, vitamin B12-nin xüsusi modifikasiya olunmuş forması qan-beyin baryerini keçərək aqressiv beyin şişi olan qlioblastoma hüceyrələrinə birbaşa çatır. Bu xüsusiyyət dərmanların beyin şişlərinə çatdırılmasında mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.
Tədqiqat çərçivəsində heyvanlar üzərində aparılan sınaqlar göstərib ki, yeni terapiya mövcud müalicə üsulları ilə birlikdə tətbiq edildikdə şişə qarşı təsiri artırır. Alimlər bildiriblər ki, yeni yanaşma xərçəng hüceyrələrinin məhv edilməsini sürətləndirə və hazırkı müalicələrin effektivliyini yüksəldə bilər.
Mütəxəssislər vurğulayıblar ki, əldə olunan nəticələr hələ ilkin mərhələyə aiddir və yalnız laboratoriya ilə heyvan sınaqlarına əsaslanır. Terapiyanın insanlar üçün təhlükəsizliyi və effektivliyi klinik sınaqlardan sonra müəyyənləşdiriləcək. Araşdırmanın nəticələri Oncoscience elmi jurnalında dərc olunub.