Xaricdə təhsil almaq istəyən namizədlər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə xərcləri, gündəlik yaşayış və təqaüd imkanlarıdır. Bir çox tələbə yüksək akademik nəticələrə sahib olsa da, xaricdə təhsil və yaşayış xərclərini qarşılaya bilməyəcəyi düşüncəsi ilə tərəddüd edir.
Bəs xaricdə təhsil doğrudan da hamı üçün bahalıdır, yoxsa düzgün ölkə seçimi, təqaüd imkanlarından yararlanma və planlı yanaşma ilə bu prosesi daha əlçatan etmək mümkündür?
AzEdu.az xaricdə təhsil almaq istəyənlər üçün real təcrübələri bölüşmək, təqaüd imkanları, gündəlik xərclər və ümumi yaşam şərtləri barədə daha aydın təsəvvür yaratmaq məqsədilə magistr təhsilini Bolonya Universitetində başa vuran və hazırda ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Milan Politexnik Universitetində doktorantura təhsili alan Nadir Şükürovun təcrübələrini öyrənib.

Xaricdə təhsil “bahadır” deyə geri çəkilmək yox, büdcənə uyğun doğru ölkəni seçmək lazımdır:
“Xaricdə oxumaq barədə bəzi tələbələr, vaxtilə mənim də düşündüyüm kimi, “bahadır, mümkün deyil” deyərək bu fikirdən uzaqlaşırlar. Amma əsas məsələ ondadır ki, əvvəlcə müəyyən etməlisən: büdcənə uyğun olaraq hansı ölkədə yaşamaq sənin üçün daha rahat olar. Fors-major hallarla qarşılaşmaq da mümkündür. Buna görə də ilk növbədə baxmaq lazımdır ki, belə gözlənilməz və çətin situasiyalarda sənə özün və ya ailən dəstək ola biləcəkmi. Yalnız bundan sonra həmin ölkəni seçmək daha məqsədəuyğundur.
Bir nümunə vermək istəyirəm. Deyək ki, orta təbəqə bir ailədənsənsə və maddi imkanların məhduddursa, məsələn, İngiltərəni seçmək o qədər də məntiqli olmaya bilər. Yəni ola bilər ki, təqaüdə müraciət edənə qədər müəyyən müddət öz hesabına yaşamalı olasan. Mən də o vaxt bu məntiqlə dostlarımdan və orada oxuyan tələbələrdən aylıq xərclər, kirayə və s. barədə maraqlandım. Bu xərclərə baxdım və düşündüm ki, əgər hansısa bir situasiyada özümü maddi cəhətdən təmin edə biləcəmsə, həmin ölkəni seçə bilərəm.

Amma təhsil baxımından, əlbəttə ki, o vaxt 2017-ci ildə araşdırma aparanda mühəndislik və şəhər dizaynı üzrə Avropa ölkələri içində ən yaxşı təhsil verən universitetlərdən biri Bolonya Universiteti idi. Buna görə də mən o vaxt Bolonyanı seçdim.
PhD təhsilim isə dövlət proqramı çərçivəsindədir. Bu proqram İtaliya-Azərbaycan Universitetinin yaradılması məqsədilə həyata keçirilir və bizə təqaüd əsasında dəstək göstərilir. Əvvəl bu proqramda 12 nəfər idik, hazırda isə 13 nəfərik. Təhsil haqqımız və digər xərclərimiz tam şəkildə qarşılanır. Bu proqram İtaliya universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və mən də hazırda həmin universitetdə PhD təhsili alıram".

O, İtaliyada təqaüd imkanları və tələbə həyatının xərcləri barədə fikirlərini bölüşüb:
“Mən digər Avropa ölkələri barədə dəqiq deyə bilmərəm, amma ümumilikdə bu məntiq təxminən hamısında oxşar şəkildə işləyir. Avropada təhsil, ümumiyyətlə, pulsuz hesab olunur, yəni sən təqaüdə müraciət etdikdən və onu qazandıqdan sonra təhsil sənin üçün pulsuz olur. Magistratura təhsili zamanı isə İtaliya hökumətinin belə bir yanaşması var ki, regional təqaüdlər təqdim olunur.
Məsələn, əgər siz İtaliyanın Toskana vilayətində oxuyursunuzsa, həmin regionun özünə aid təqaüd proqramı olur. Boloniyada oxuyursunuzsa, oranın öz proqramı mövcuddur. Təqaüdlərin məbləği də regionlara görə dəyişir. Məsələn, mən vaxtilə Boloniyada oxuyurdum və oranın təqaüd proqramı ERGO adlanırdı.
Məbləğ təxminən illik 5000 avro təşkil edir. Bu 5000 avronun daxilində nələr var? Deməli, ilin birinci semestrinə qədər sən 2500 avro alırsan. Yanvarda bu məbləğ hesabına köçürülür. Bu o deməkdir ki, əgər sən sentyabr ayında İtaliyaya getmisənsə, yanvar ayına qədər öz hesabına yaşamalısan. Çünki ödəniş yalnız yanvarda edilir. Növbəti 2500 avronu isə, səhv etmirəmsə, may ayında alırdıq. Yəni bu məbləğ iki hissəyə bölünərək verilir. Aylıq hesabla bu, təxminən 250 avro civarında dəyişir.
Və nəzərə almaq lazımdır ki, sən Avropada yaşayırsan. Yəni 250 avro sənin bütün xərclərini qarşılamayacaq. Mütləq şəkildə ya ailəndən dəstək almalısan, ya da əlavə iş tapmalısan. Bundan əlavə, universitetlərin müəyyən üstünlükləri də olur. Məsələn, Boloniya Universitetində belə bir imkan var idi: əgər ictimai nəqliyyatdan istifadə edirsənsə, 130 avro ödəməklə bir il ərzində nəqliyyatdan istifadə edə bilirdin. Növbəti il müraciət etdikdə isə bu məbləğ 60-70 avroya düşürdü. Yəni tələbələr üçün bu cür müxtəlif güzəştlər də nəzərdə tutulur.
Bundan başqa, şəhərin müəyyən yerlərində - təxminən altı-yeddi məntəqə olur ki, sən tələbə bileti ilə ora gedib pulsuz yeməklər ala bilirsən. Bu xidmətə görə isə təqaüdündən təxminən 200-300 avro kəsilir. Amma bu seçim səndən asılıdır. Əgər istəyirsənsə, bu cür yeməklərdən istifadə edə və ya onları “take-away” edib özünlə apara bilərsən. Bu halda illik təxminən 200-300 avro təqaüddən tutulur və sən gündə üç dəfə həmin məntəqələrdə yeməkdən yararlana bilirsən.
Amma ümumi təqaüd məbləği adətən 5000-6000 avro civarında dəyişir. Yəni İtaliyada təhsil almaq istəyən istənilən gənc mütləq həmin universitetin regional təqaüd proqramını araşdırmalıdır. Daha sonra isə təqaüd üçün tələb olunan sənədləri toplayaraq rahatlıqla müraciət edə və bu təqaüdü qazanmaq şansı əldə edə bilər".
Maddi vəziyyətdən asılı olmayaraq, ailə dəstəyi mütləqdir:
“Əgər real danışmaq lazımdırsa, məncə, maddi dəstək olmadan gedib Avropada təhsil almaq o qədər də asan deyil. Üstəlik, belə bir məqam da var ki, sən onsuz da öz ölkəndə də təhsil alırsan, nəticədə tələbəsən və müəyyən qədər ailə dəstəyinə ehtiyacın olur. Amma siz deyə bilərsiniz ki, bəli, Bakının xərcləri ilə Avropanın xərcləri üst-üstə düşmür, amma mən sizə deyim ki, böyük bir fərq yoxdur. Yəni Avropada oxuyan tələbələr bu baxımdan özlərini qorxutmamalıdırlar ki, “mən gedəcəm, orada daha çox xərcim çıxacaq, oxuya bilməyib qayıdacam”. Aşağı-yuxarı xərclər oxşar səviyyədə olur.
Sadəcə sən öz maliyyə vəziyyətini düzgün idarə etməyi bacarmalısan: nə qədər xərcin olur və bu xərcləri nə qədər azalda bilərsən. Mütləq ki, ailədən dəstək olmalıdır, olmasa çox çətindir. Amma olmadığı təqdirdə də orada müxtəlif işlərdə də çalışa bilərsən, məsələn, yemək və ya sifariş çatdırması və s.
Avropada belə bir sistem var ki, əgər sən təqaüdlə təhsil alırsansa, ikinci ildən etibarən universitet daxilində part-time iş imkanları yaranır. Məsələn, kampusda qəbul şöbəsində və ya kitabxanada işləmək mümkündür. Universitet sənə müəyyən iş saatları təklif edir və həmin saatlar çərçivəsində işləyirsən. Bu işlər adətən ayda təxminən 30-40 saat olur və qarşılığında sənə 1000, 1500, hətta 2000 avroya qədər ödəniş edilə bilər".
Tələbələr xərcləri bölüşərək həyatı daha idarəolunan hala gətirirlər:
“Xaricə gedən tələbələr çox vaxt orada özləri qruplaşır, ev tutur və bir yerdə qalırlar. Mən orta təbəqəni nəzərdə tuturam. Əlbəttə, imkanı yaxşı olanlar gedib ayrıca mənzil götürür və orada yaşayır. Onlar üçün təqaüd o qədər də vacib olmur.
Amma orta təbəqədən olan, məsələn, azərbaycanlı bir gənc xaricdə təhsil almağa gedəndə adətən orada qrup yaradır, dostluqlar qurur və bir yerdə yaşamağa başlayır. Bu zaman qida, ev və digər xərclər də birgə bölüşdürülür. Bu isə zamanla fərdi vəziyyətdən və şəhərdən asılı olaraq dəyişir.

Məsələn, İtaliyada elə şəhər var ki, orada 200 avroya ev tapmaq olur, elə şəhər də var ki, 1000 avroya belə mənzil tapmaq çətindir. Mən hazırda Milanda 1100 avroya yaşayıram, çünki Milan çox böyük və bahalı şəhərdir. Amma Bolonyada qaldığım vaxt ev kirayəsi 400 avro idi.
Xərclərin əsas hissəsini kirayə təşkil edir. Bundan sonra nəqliyyat və qida gəlir. Bunlar ya tələbələr arasında bölüşdürülür, ya da universitet və dövlət tərəfindən müəyyən güzəştlərlə qarşılanır. Məsələn, bəzi hallarda tələbə 130 avro ödəyir və bir il ərzində ictimai nəqliyyatdan pulsuz istifadə edir. Bu da xərcləri xeyli azaldır.
Ümumilikdə qrup halında yaşayış zamanı aylıq xərclər təxminən belə olur: kirayə orta hesabla 500 avro, qida və nəqliyyat isə 100-150 avro arası. Yəni ümumilikdə 600-650 avro civarında bir tələbənin normal yaşayış xərci formalaşır.
Təqaüd olduqda isə bu proses daha rahat olur, çünki müəyyən büdcə formalaşır və əvvəlcədən yığım etmək də mümkündür. İlk mərhələdə isə, məsələn, Bakıdan Bolonyaya oxumağa gedən bir gəncin hesabında minimum 3000 avro vəsait olmalıdır ki, ilk aylarda problemsiz şəkildə yaşaya bilsin və özünü maliyyə baxımından təmin edə bilsin".
Tələbələr xaricdə təhsil almağı planlaşdırırlarsa, getməzdən əvvəl xərclərini azaltmağa başlamalıdırlar ki, təqaüd əldə edənə qədər maddi baxımdan çətinlik yaşamadan özlərini təmin edə bilsinlər:
"Əgər gələn il sentyabrda İtaliyaya getməyi planlaşdıranlar varsa, Bakıda olduqları müddətdə xərclərini azaltmağa başlamalıdırlar. Eyni zamanda əlavə məşğuliyyətlər taparaq müəyyən qədər vəsait yığa bilərlər. Bir il ərzində əyləncəyə və qeyri-əsas xərclərə çox vaxt ayırmayıb, mümkün qədər qənaət etməlidirlər ki, ən azı birinci semestrə qədər orada maddi baxımdan çətinlik çəkmədən yaşaya bilsinlər. Birinci semestrdən sonra təqaüdlər başlayanda isə artıq daha rahat şəkildə davam edə bilərlər.
Motivasiyadan düşməmək də çox vacibdir. Əgər bir şey həyatda pulla həll olunursa, bu halda yalnız təcrübə qazanılır, itirilən heç nə olmur. Ona görə də mütləq şəkildə gedib təhsil alsınlar və sonra geri dönsünlər.
Eyni zamanda, yaxşı araşdırma aparmalıdırlar. Hansı şəhərə gedəcəklərsə, həmin şəhər barədə əvvəlcədən məlumat toplamalıdırlar. Qeyd edim ki, İtaliyanın bir neçə şəhərində yerləşən universitetlərə eyni anda müraciət etmək düzgün deyil. Daha məqsədəuyğun tərəfi konkret bir universitetin seçilməsi və bütün araşdırmaların həmin istiqamətdə aparılmasıdır.
Mən özüm getməmişdən əvvəl "Google Maps" üzərindən küçələri belə vizual şəkildə araşdırırdım. Universitetə hansı küçələrdən piyada getmək mümkün olduğunu əvvəlcədən öyrənirdim. Yəni maksimum dərəcədə hazırlaşmaq və qorxmamaq lazımdır.
Avropada ümumiyyətlə elə bir vəziyyət yoxdur ki, insan tamamilə çətinliklə qarşılaşıb çıxılmaz vəziyyətdə qalsın. Lazım olduqda işləmək və pul qazanmaq imkanı olur. Amma çox vaxt buna da ehtiyac yaranmır, çünki ailələr də imkan daxilində dəstək göstərirlər. Ona görə də narahat olmağa dəyməz. Gedib təhsil alsınlar və ailələrinin də dəstəyi ilə bu prosesi davam etdirsinlər".