“IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycandan ümumilikdə 208 təhsil müəssisəsi iştirak edib”.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil olunan məlumatlandırma sessiyasında məlumat verib.
“Bakı şəhərindən 138 ümumtəhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərindən isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi təmsil olunub.
IELS 2025-in əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 2731 nəfər 5 yaşlı uşaq iştirak edib. Sorğu mərhələsinə 2689 valideyn və 817 təhsilverən cəlb olunub”.
O əlavə edib ki, imtahan mərhələsində iştirak edənlərin 1311-i qız (47,9%), 1420-si isə oğlan (52,1%) olub.
E.Əliyevin sözlərinə görə, təməl öyrənmənin hər iki alt bölməsi üzrə oğlanların çox az fərqlə (statistik əhəmiyyətli olmayan) üstünlüyü müşahidə olunur. Gendərlərarası bu fərq iştirakçı ölkələr arasında ən aşağı göstəricilərdən biridir.