Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin ikinci mərhələsi üzrə test imtahanlarına start verilib.
2-3 may tarixlərində təşkil olunan imtahanlarda alman, fransız, ingilis, rus dilləri, eləcə də Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə ümumilikdə 1315 müəllim iştirak edib.
İştirakçılar arasında İlhamə Fərzəliyeva maksimum nəticə göstərərək 60 bal toplayıb.
AzEdu.az bu münasibətlə İlhamə müəllimin təəssüratlarını öyrənib.
O, müəllimlər üçün hər ay məcburi təlimlərin təşkil olunmasını təklif edib:
"Naxçıvan Dövlət Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə təhsil almışam. Həm bakalavr, həm də magistr pilləsini burada başa vurmuşam. Təhsil sahəsində bir çox fəaliyyətlərdə iştirak etmişəm. Hazırda Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində ingilis dili müəllimi olaraq çalışıram.
Sertifikasiya imtahanının ikinci mərhələsindən 60 bal toplamışam. Bundan əvvəl isə MİQ imtahanlarında da iştirak etmişəm və orada dörd dəfə maksimum nəticə göstərmişəm. Bu, mənim beşinci maksimum nəticəmdir.
2021-ci ildə sertifikasiya imtahanından 57, müsahibə mərhələsindən isə 40 bal toplamışdım.
Qeyd edim ki, mən MİQ və sertifikasiya imtahanları üzrə təlimçi müəllim kimi fəaliyyət göstərirəm. Buna görə də ola bilsin ki, suallar mənə daha rahat idi. Təxminən 30-35 sual müəllimlərin asanlıqla cavablandıra biləcəyi səviyyədə idi. Bundan əlavə, 10 sual müəyyən məntiqi təhlil tələb edirdi. Beş sual isə orta səviyyədə qiymətləndirilə bilərdi.
Sertifikasiya imtahanlarının keçirilməsini çox vacib hesab edirəm. Özüm müəllimləri hazırlayarkən gördüm ki, onların biliklərində xeyli boşluqlar var. Bu boşluqlar sertifikasiya imtahanları vasitəsilə üzə çıxır və imtahanlar təkcə bir dəfə keçirilməməlidir, müəllimlər daim öz üzərində işləməlidir.
Təklif edərdim ki, müəllimlər üçün hər ay və ya iki ayda bir dəfə məcburi təlimlər təşkil olunsun. Məsələn, bir ay bir müəllim müəyyən mövzunu işləsin, növbəti ay digər müəllim. Beləliklə, müəllimlər davamlı olaraq bilik və bacarıqlarını inkişaf etdirsinlər. Əks halda, müəllimlər yalnız bir dəfə hazırlaşıb nəticə göstərirlər və beş il sonra bu boşluqlar yenidən yaranır. Daimi təlim və təcrübə müəllimlər üçün daha faydalıdır. Əgər müəllim davamlı şəkildə öz üzərində işləyib bunu davam etdirə bilirsə, bu, çox yaxşı haldır. Yoxsa sadəcə imtahanda 60 bal toplamaq mənə görə savad göstəricisi deyil. Əsas məsələ bunun davamının gəlib-gəlməməsidir".
İmtahandan 59 bal toplayasaydım çox məyus olacaqdım:
"Sertifikasiya imtahanına xüsusi, uzunmüddətli hazırlıq dövrü keçməmişəm. Çünki eyni zamanda repetitor fəaliyyəti ilə də məşğulam və buna aylarla ayrıca vaxt ayırmaq imkanım olmur. İxtisasım üzrə ciddi çətinliyim yox idi. Amma imtahandan əvvəl təxminən 5 gün ərzində kurikulumu oxudum. Hər gün müəyyən vaxt ayıraraq materialı mənimsədim və bu mənə kifayət etdi.
Buradan belə bir nəticə çıxarıram və şagirdlərə də deyirəm ki, insan istəyəndə qısa müddətdə də böyük işlər görə bilər. Bəzən kiminsə aylarla hazırlaşdığı mövzunu başqası bir neçə günə mənimsəyə bilər. Əsas məsələ motivasiya və məqsədin konkret olmasıdır. Mən özümə hədəf qoymuşdum ki, mütləq 60 bal toplamalıyam. Hətta 59 balı belə uğursuz nəticə sayardım və bu, məni qane etməzdi.
Artıq bir dəfə maksimum nəticə əldə etdikdən sonra insan daha aşağı nəticə ilə kifayətlənmək istəmir. Mən də eyni düşüncədəyəm. Məqsədimə çatdığım üçün sevinirəm, amma bu nəticəni əvvəldən planlaşdırmışdım".
Mən qəbul edə bilmirəm ki, bir müəllim öz fənni üzrə fundamental biliklərə sahib olmasın:
"Bu, məncə, nə mümkün, nə də qəbulolunandır. Çünki bir müəllim demək, ən azı yüz şagird deməkdir. Yəni həmin müəllim yüzlərlə uşağın qarşısına çıxır və onların gələcəyinə təsir edir. Bir müəllimin zəifliyi çoxsaylı şagirdin taleyinə təsir göstərir. Üstəlik, yeni təhsil sistemi artıq şagirdlərin real dil bacarıqlarının inkişafına yönəlib. Ənənəvi üsulla sadəcə test həll etmək, qaydaları əzbərləmək və variant tapmaq nə effektiv öyrətmə, nə də öyrənmə metodudur. Müəllim özü müəyyən səviyyəyə çatmalıdır ki, şagirdi də inkişaf etdirə bilsin. Hər kəs yalnız öz səviyyəsindən aşağı səviyyəni öyrədə bilir.
Bu səbəbdən düşünürəm ki, bu sahədə ciddi işlər görülməlidir. Müəllimlər üçün davamlı təlimlər təşkil olunmalı, onlara dəstək göstərilməlidir. Məqsəd yalnız imtahan keçirib zəif olanları sistemdən çıxarmaq olmamalıdır. Əksinə, həmin müəllimlərin inkişafına kömək etmək, onları təşviq etmək lazımdır. Bu istiqamətdə təlimlər, inkişaf proqramları, hətta düşərgə tipli tədbirlərin təşkili çox faydalı olar. Müəllimin inkişafı birbaşa təhsilin inkişafı deməkdir. Mənim üçün vacib olan odur ki, keçirilən təlimlər formal xarakter daşımamalıdır. Sadəcə “keçirdik, oldu” xatirinə yox, həqiqətən faydalı və effektiv təlimlər təşkil olunmalıdır. Mən məhz belə təlimlərin tərəfdarıyam".
Təəssüf ki, bəzən müəllimin hazırlığa getməsinə mənfi yanaşılır:
"Eyni zamanda, elə müəllimlər də var ki, hətta öz fənni üzrə imtahana hazırlaşmaq üçün başqa müəllimin yanına gedir. Bu mümkündür və bunda qeyri-adi heç nə yoxdur. Mən özüm də təlimçi müəllim olaraq bu mövzuya anlayışla yanaşıram.
Burada əsas məqsəd konkret bir müəllimin fərdiyyəti yox, ümumilikdə təhsilin inkişafıdır. Reallıq odur ki, bütün müəllimləri birdən-birə sistemdən kənarlaşdırmaq mümkün deyil. “Hamını çıxaraq, yerinə yeni və daha keyfiyyətli müəllimlər gətirək” kimi yanaşma real deyil və müəyyən mənada absurddur. Ona görə də mövcud resursları inkişaf etdirmək lazımdır.
Bunun yolu isə müəllimlərin öz üzərində işləməsi və hazırlığa getməsidir. Təəssüf ki, bizdə bəzən müəllimin hazırlığa getməsinə mənfi yanaşılır. Sanki bu, zəiflik əlaməti kimi qəbul olunur. Mən isə bu fikirlə qəti razı deyiləm. Əksinə, hazırlığa gedən müəllim öz üzərində işləyən və inkişaf etməyə çalışan müəllimdir. Öyrənməkdən utanmaq olmaz. Bu, gizlədiləcək bir şey deyil. İnsan hər yaşda öyrənə bilər və öyrənməlidir. Heç kim hər şeyi bilmir. Mən özüm artıq 6 ildir təlimçilik fəaliyyəti ilə məşğulam, çox sayda kitab oxumuşam, amma hər gün yeni bir şey öyrənirəm. Bilik sonsuzdur, xüsusilə də dil sahəsində. Dil müəllimi daim özünü yeniləməli, inkişaf etdirməlidir. Ona görə də əsas məsələ nəticədən çox davamlılıqdır. Müəllim sadəcə imtahan üçün oxuyub sonra dayanmalı deyil. Davamlı şəkildə öz üzərində işləməlidir.
Qeyd etdiyim kimi, birinci sertifikasiya imtahanında 57 bal toplamışdım. Bu vəziyyət bir qədər fərqli şəraitdə oldu. Bizə sadəcə bir həftə əvvəl imtahan olacağı deyildi. Açığı, bunun nə qədər ciddi və vacib bir imtahan olduğu, maaşa təsiri, faiz artımı kimi məsələlər barədə heç bir məlumatımız yox idi. Ümumiyyətlə, bunu adi bir imtahan kimi qəbul etdik, ona görə də xüsusi hazırlıq etmədik. Mən şəxsən demək olar ki, heç hazırlaşmadım. Kurikulum üzrə bir gün belə ciddi şəkildə oxumadım. Sadəcə imtahandan əvvəl axşam sosial şəbəkələrdə bəzi testlərə baxdım və bununla kifayətləndim.
Ancaq imtahandan sonra sertifikasiyanın əhəmiyyəti - maaşa təsiri, əlavə üstünlüklər və ümumi karyera baxımından rolu aydın oldu. O vaxta qədər biz bunun bu qədər önəmli olduğunu dərk etməmişdik və açığı, bu barədə bizə də yetərincə məlumat verilməmişdi".
Əgər biz müəllimlik yolunu seçmişiksə, bu işin haqqını verməliyik:
"İkinci imtahanda isə artıq hamı bu prosesin nə qədər vacib olduğunu bilirdi. Sertifikasiya nəticəsinin həm maddi rifaha, həm də şəxsi motivasiyaya təsir etdiyini anlayırdıq. Buna görə də bu dəfə daha ciddi yanaşdıq. Düşünürəm ki, əgər birinci imtahana da ən azı bir həftə hazırlaşsaydım, xüsusilə kurikulum üzrə daha yaxşı nəticə göstərə bilərdim. Müsahibə mərhələsinə gəldikdə isə, hesab edirəm ki, bu mərhələ daha rahat keçəcək. Çünki artıq təcrübəli müəllimik və özümüzü daha sərbəst şəkildə ifadə edə bilirik.
Digər müəllimlərə tövsiyəm odur ki, yalnız akademik biliklərlə kifayətlənməsinlər. Daha çox metodika üzərində işləsinlər, dərs prosesində özlərini inkişaf etdirsinlər və imtahandan imtahana deyil, davamlı şəkildə öz ixtisaslarını təkmilləşdirsinlər. Bu peşə bizim həyat yolumuzdur. Hər bir insanın həyatda bir məqsədi və var olma səbəbi var. Əgər biz müəllimlik yolunu seçmişiksə, bu işin haqqını verməliyik. İngilis dilində belə bir ifadə var: “shape up or ship out” - yəni ya işini ən yaxşı şəkildə gör, ya da bu işlə məşğul olma.
Müəllim daim öyrənən insan olmalıdır. Ən təhlükəli müəllim o müəllimdir ki, “mən artıq hər şeyi bilirəm” deyir. Əsl yaxşı müəllim ömrünün sonuna qədər şagird olaraq qalmağı bacaran müəllimdir. Yeni bir məlumatla qarşılaşanda həyəcanlanmaq, maraq hissini itirməmək çox vacibdir. Əgər müəllim bu hissi qoruyub saxlaya bilirsə və öyrəndiklərini həvəslə şagirdlərinə ötürə bilirsə, o zaman həqiqətən çox sayda şagird yetişdirə bilər və onların inkişafına böyük töhfə verər.
Çünki biz müəllimlər şagirdlər üçün canlı nümunəyik. Bu gün şagirdlər fəxrlə deyirlər ki, “mənim müəllimim 60 bal toplayıb”. Bu, onların çox xoşuna gəlir və onları da motivasiya edir. Şagird düşünür ki, müəllimim bunu bacarıbsa, mən də bacararam, imtahandan 600 bal toplayaram. Beləliklə, onlar da öz qarşılarına hədəflər qoyurlar. Sertifikasiya imtahanlarının məqsədi həm müəllimə, həm də şagirdə müsbət stimul verməkdir. Bu stimul nəticə etibarilə ümumi təhsil prosesinə də müsbət təsir göstərir. Bu, sistemli bir yanaşmadır və uzunmüddətli təsirə malikdir".
Bu gün bir çox gənc gələcək planlarında xarici dili əsas açar kimi görür və bu istiqamətdə daha çox çalışır:
"Bu gün şagirdlərin xarici dil, xüsusilə ingilis dili üzrə göstəricilərinin yüksək olmasının bir neçə səbəbi var. Dünya qloballaşır və uşaqlar bunu anlayırlar. Onlar bilirlər ki, xaricə çıxmaq, yeni biliklər əldə etmək və yeniliklərlə tanış olmaq üçün ən əsas vasitələrdən biri xarici dildir. Əlbəttə, ana dilimizə də eyni dərəcədə dəyər verməli və onu yaxşı öyrənməliyik. Amma reallıq budur ki, bu gün bir çox gənc gələcək planlarında xarici dili əsas açar kimi görür və bu istiqamətdə daha çox çalışır.
Digər tərəfdən, xarici dil öyrənmək özü də maraqlı prosesdir. Bu, insanın düşünmə qabiliyyətini inkişaf etdirir. Şagirdlər düşünərək öyrənir, yeni bir dildə özlərini ifadə etdikcə özlərinə inamları artır. Bundan əlavə, ingilis dili artıq beynəlxalq ünsiyyət dili, texnologiyanın və elmin əsas dillərindən biridir. Terminlərin böyük əksəriyyəti bu dildədir və uşaqlar istər-istəməz bu dilə məruz qalırlar. Bu da onların öyrənmə ehtiyacını artırır.
Öz tədris metodikama gəldikdə isə, hər müəllimin özünəməxsus yanaşması var. Biz dərs proqramı əsasında şagirdlərin bütün dil bacarıqlarını dinləmə, danışma, oxu və yazını inkişaf etdirməyə çalışırıq. Son dövrlərdə yazı (inşa) bacarığına daha çox diqqət yetirilir və bu, dil öyrənmədə ən çətin bacarıqlardan biridir. Biz də xüsusilə bu sahədə şagirdlərin inkişafı üçün əlavə işlər görürük və artıq bunun müsbət nəticələrini müşahidə edirik.
Ümumiyyətlə, düşünürəm ki, hər şey cəhddən və düzgün yönləndirmədən asılıdır. Əgər bir şeyi öyrədən varsa və öyrənmək istəyən də varsa, nəticə əldə etməmək mümkün deyil. Çətin anlayışı nisbidir. Düzgün yanaşma ilə hər şey öyrənilə bilər".