Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin ikinci mərhələsi üzrə test imtahanları keçirlib.
Sertifikasiya imatahnında könüllü şəkildə iştirak edən bir neçə müəllim yüksək nəticə əldə ediblər.
Onlardan biri də Culfa şəhər 2 nömrəli tam orta məktəbinin Azərbayacn dili və ədəbiyyat müəllimi, "Əməkdar müəllim" Gülzadə İsmayılovadır.
O, sertifikasiya imahanından 55 bal toplayıb.
AzEdu.az bu münasibətlə Gülzadə müəllimlə həmsöhbət olub.
O, sertifikasiyada yenidən iştirak etməyini tamamilə şəxsi istəyimdən irəli gəldiyini qeyd edib:
“2021-ci ildə keçirilən imtahanda 53 bal toplamış, müsahibə mərhələsində isə 40 bal nəticə göstərmişdim. Bu dəfəki suallar mənə görə orta səviyyədə idi. Nə həddindən artıq çətin, nə də çox asan idi. Sualların məzmunu aydın qurulmuşdu, anlaşılması çətinlik yaratmırdı. Həm ixtisas, həm də kurikulum hissəsində məktəb proqramından kənar ciddi fərqlilik yox idi. Dərs prosesinə məsuliyyətlə yanaşan müəllim bu sualları rahatlıqla cavablandıra bilərdi. Mən nəticə olaraq daha yüksək bal gözləyirdim. Təxminən 59 bal olacağını düşünürdüm, çünki yalnız bir sualda tərəddüdüm vardı. Zənnimcə, hər hansı bir texniki səhv etdiyimdən 55 bal oldu nəticəm.
Sertifikasiyada yenidən iştirak etməyim tamamilə şəxsi istəyimdən irəli gəlirdi. Müəllimlik mənim sevdiyim peşədir və insan bu sahədə daim özünü yoxlamalı, biliyini yeniləməlidir. Özümə inanırdım və nəticəmin uğurlu olacağına əmin idim. Bu qərarım ətrafımdakı insanlar tərəfindən də müsbət qarşılandı. Məktəb rəhbərliyi, şagirdlərim və həmkarlarım dəstək göstərdilər.
Sertifikasiya imtahanlarının keçirilməsini faydalı hesab edirəm. Bu proses müəllimləri daha məsuliyyətli olmağa və inkişaf etməyə sövq edir. Sertifikasiya müəllimin peşəsinə münasibətini və hazırlıq səviyyəsini ortaya qoyan vacib mərhələlərdən biridir. Düşünürəm ki, sertifikasiya imtahanları müəllimlərin öz üzərində işləməsi baxımından vacibdir. Çünki hər sahədə olduğu kimi, müəllimlər arasında da üzərində işləməyən, zamanla məsuliyyətsiz yanaşan insanlar olur. Bu proses bir növ onları oyadır, daha ciddi çalışmağa sövq edir. Üstəlik, imtahan sualları məktəb proqramı çərçivəsində olur. Yəni orta səviyyədə hazırlığı olan müəllim bu mərhələni keçməlidir. Buna görə sertifikasiyanı ümumilikdə müsbət və faydalı hesab edirəm".
Hazırlıq müddətində xüsusilə gənc müəllimlərlə birlikdə bəzi test tapşırıqlarını müzakirə edirdik:
"İmtahana hazırlaşarkən əsas diqqəti kurikulum hissəsinə yönəltmişdim. İxtisas sahəsində isə xüsusi çətinlik hiss etmirdim. Uzun illərdir həmin fənni tədris etdiyim üçün özümə güvənirdim. Həm də ixtisasımla bağlı hər hansı yenilik olanda çalışıram ilk vaxtlardan xəbərdar olum. Bu, mənim peşəyə yanaşma tərzimdir. İstəyirəm ki, həm özüm məlumatlı olum, həm də ətrafımdakı müəllim yoldaşlarımla bildiklərimi bölüşə bilim.
Hazırlıq müddətində xüsusilə gənc müəllimlərlə birlikdə bəzi test tapşırıqlarını müzakirə edirdik. Çətin görünən suallar üzərində birgə düşünür, müxtəlif yanaşmalar axtarırdıq. Məncə, bu cür fikir mübadiləsi həm müəllimlərin inkişafına kömək edir, həm də insanı daim axtarışda saxlayır. İxtisas hissəsində özümə arxayın olsam da, kurikulum üzrə daha diqqətli hazırlaşmağa ehtiyac görürdüm və əsas vaxtımı da buna sərf etmişdim.
Bu proses müəllimi daim öz üzərində işləməyə vadar edir. Elə müəllimlər var ki, zaman keçdikcə rahatlaşır, hazırlığını əvvəlki səviyyədə saxlamır. Sertifikasiya isə onları bir növ məsuliyyət hissinə qaytarır. Mən həmişə düşünmüşəm ki, müəllim sinfə hazırlıqsız daxil olmamalıdır. Şagird istənilən anda gözlənilməz sual verə bilər və müəllim həmin vəziyyətdə çətin durumda qalmamalıdır. Buna görə müəllim daim oxumalı, araşdırmalı və yenilənməlidir.
Digər sahələrdə də bilik vacibdir, amma müəllimlik tamam fərqli məsuliyyətdir. Biz insan yetişdiririk. Sabah ölkəni təmsil edəcək, cəmiyyətin gələcəyini formalaşdıracaq gənclərlə işləyirik. Ona görə müəllimin həm biliyi, həm də dünyagörüşü yüksək olmalıdır. Öz fənnindən minimal nəticəni belə toplaya bilməyən müəllimlərə münasibətim müsbət deyil. Mən bunu daha çox məsuliyyət məsələsi kimi görürəm. İllərlə müəllim işləmək kifayət etmir, insan daim özünü inkişaf etdirməlidir. Mən hər zaman həmkarlarıma da tövsiyə edirəm ki, dərsə hazır gəlsinlər, yenilikləri izləsinlər və öz üzərlərində çalışmağı dayandırmasınlar".
Bəzən özümü imtahandan uğursuz nəticə əldə etmiş müəllimlərin yerinə qoyuram və düşünürəm ki, əgər imatahandan aşağı bal toplasaydım və ya kəsilsəydim şagirdlərin qarşısına çıxa bilmzədim:
"Çünki müəllim əvvəlcə özü öz biliyinə qarşı məsuliyyət hiss etməlidir. Düzdür, gənc nəsil yeni sistemə daha tez uyğunlaşır, texnologiyadan istifadə baxımından üstünlükləri olur. Amma bu, təcrübəli müəllimlərin geri qalması demək deyil. Əgər müəllim işləyirsə, o daim yenilikləri izləməli və dəyişən sistemə uyğunlaşmalıdır. Mən özüm də imtahanda iştirak edərkən bunu düşünürdüm. Hətta sevindim ki, yaşa görə məhdudiyyət qoyulmadı və könüllü iştiraka imkan yaradıldı.
İmtahan zamanı vaxtı da çox düzgün idarə edə bildim. Təxminən bir saatın içində sualları cavablandırmışdım. Mənim üçün əsas məsələ yaş deyil, insanın peşəsinə münasibətidir. Düşünürəm ki, insan özünü gücdə hiss edirsə və müəllimlik həvəsi varsa, istənilən yaşda bu prosesdə iştirak edə bilər. Hətta imkanım olsa, 64-65 yaşımda belə yenidən imtahana qatılmaq istərəm. Çünki mən bu sənəti həqiqətən sevmişəm və müəllimlik mənim üçün sadəcə peşə deyil, həyatımın bir hissəsidir".
Əvvəlki illərdə şagirdlər arasında daha güclü rəqabət hiss olunurdu:
"Bugünkü şagirdlərin hazırlıq səviyyəsinə gəldikdə isə, əvvəlki illərlə müqayisədə müəyyən fərqlər hiss olunur. Bunun əsas səbəblərindən biri texnologiyanın həyatımıza çox sürətlə daxil olmasıdır. Telefon və internet düzgün istiqamətdə istifadə ediləndə şagird üçün böyük imkan yaradır. Biz də dərs prosesində testlər, tapşırıqlar və müxtəlif materiallar paylaşırıq. Amma təəssüf ki, bütün şagirdlər bundan düzgün istifadə edə bilmir. Bəziləri vaxtını daha çox oyunlara və lazımsız məşğuliyyətlərə sərf edir, nəticədə dərsə hazırlıqsız gəlir.
Mən telefonun tam əleyhinə deyiləm. Əksinə, düzgün istifadə olunarsa, təhsildə çox faydalı vasitədir. Sadəcə burada həm ailənin, həm məktəbin, həm də şagirdin öz məsuliyyəti vacibdir. Valideynlərin iş rejimi, uşaqlarla ünsiyyətin azalması da müəyyən çətinliklər yaradır. Əvvəlki illərdə şagirdlər arasında daha güclü rəqabət hiss olunurdu. Uşaqlar bir-birinin nəticəsinə baxıb daha yaxşı olmağa çalışırdı. İndi isə həmin motivasiya əvvəlki qədər güclü görünmür. Bununla belə, yüksək nəticə göstərən, çalışqan və məqsədli şagirdlər yenə də var".
Sertifikasiya imtahanı ilə bağlı söhbətlər zamanı elə müəllimlər olurdu ki, nəticəyə çox rahat yanaşır, hətta uğursuzluğu normal qəbul edirlər:
"Digər müəllimlərə tövsiyəm isə odur ki, daim öz üzərlərində çalışsınlar. Müəllim olmaq yalnız dərs keçmək deyil. Müəllim hər zaman yenilikləri izləməli, öz sahəsində baş verən dəyişikliklərdən xəbərdar olmalıdır. Çünki biz yalnız bilik vermirik, həm də şəxsiyyət formalaşdırırıq. Gələcəyin cəmiyyətini yetişdirən insanlarıq. Buna görə müəllimin məsuliyyəti çox böyükdür. Müəllimlik ağır peşədir, amma eyni zamanda çox dəyərli və şərəfli peşədir.
Bu sahədə çətinliklər həmişə olub və indi də var. Bəzən valideyn tərəfindən təzyiq olur, bəzən müəllim əvvəlki kimi şagirdlə ünsiyyət qura bilmir. Amma bütün bunlara baxmayaraq, öz işini sevən müəllimlər yenə də həvəslə çalışırlar. Mən həmişə düşünürəm ki, insan bu sənəti sevərək seçibsə, onun məsuliyyətini və çətinliklərini də qəbul etməlidir. Müəllim həm biliyini artırmalı, həm də şagirdə yanaşma tərzini daim inkişaf etdirməlidir. Çünki hər valideyn, hər şagird fərqlidir və müəllim bütün bunları nəzərə almağı bacarmalıdır.
Gənc müəllimlər arasında çox savadlı, çalışqan və işinə həvəslə yanaşan insanlar var. Bu məni sevindirir. Amma bəzi hallarda məsuliyyət hissinin zəif olduğunu da görürəm. Sertifikasiya imtahanı ilə bağlı söhbətlər zamanı elə müəllimlər olurdu ki, nəticəyə çox rahat yanaşır, hətta uğursuzluğu normal qəbul edirlər. Amma mən uğursuzluğu, kəsilib işdən çıxmağı məğlubiyyət kimi görürəm. İnsan öz peşəsinə məsuliyyətlə yanaşmalıdır. Müəllim daim öz üzərində işləməli, öyrənməyə davam etməlidir.
Mən həmişə həmkarlarıma da deyirəm ki, insan öz üzərində işləməyi dayandırmamalıdır. Nə qədər bilikli olsaq da, yenə öyrənəcəyimiz mövzular, düzəldəcəyimiz tərəflər olacaq. Müəllimlik elə bir sənətdir ki, burada inkişafın sonu yoxdur".