Azedu.az

Sertifikasiyada maksimum bal toplayan müəllim: “İmtahana özüm hazırlaşmışam”

Sertifikasiya

6 May 2026, 15:37
Sertifikasiyada maksimum bal toplayan müəllim: “İmtahana özüm hazırlaşmışam”

Naxçıvanda keçirilən sertifikasiya imtahanlarında yüksək nəticə göstərən təhsilverənlərdən biri də ingilis dili müəllimi Əpruz Quliyevadır.

Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən müəllim sertifikasiyanın test imtahanı mərhələsindən maksimum - 60 bal toplayıb.

Bu münasibətlə AzEdu.az təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.

O, sertifikasiya imtahanı müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından çox vacib və əhəmiyyətli bir addım olduğunu vurğulayıb:

"1991-ci ildə orta məktəbə başlamışam və 2002-ci ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Elə həmin il Naxçıvan Dövlət Universitetinin ingilis dili ixtisasına qəbul olmuşam və 2006-cı ildə universiteti də fərqlənmə ilə başa vurmuşam. Elə həmin ildən etibarən isə təhsil aldığım Babək rayonu Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Artıq 20 ildir müəllimlik fəaliyyəti ilə məşğulam, eyni zamanda 18 ildir repetitor kimi də çalışıram.

Sertifikasiya imtahanı ilə bağlı fikirlərim çox müsbətdir. Hesab edirəm ki, bu imtahan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından çox vacib və əhəmiyyətli bir addımdır. İmtahan prosesi olduqca şəffaf şəkildə təşkil olunmuşdu və bu da müəllimlərdə əlavə inam yaradırdı. Sualların tərtibatına gəldikdə isə deyə bilərəm ki, onlar kurikulum prinsiplərinə uyğun hazırlanmışdı.

Ümumilikdə sualların səviyyəsi balanslı idi. Təxminən 30-35 sual asan, 10 sual orta və 10 sual isə daha çox düşündürücü, analiz tələb edən çətin suallar idi. Bu da imtahanın obyektiv və ədalətli olduğunu göstərir.

Mən bu imtahanda ikinci dəfə iştirak edirdim. Birinci dəfə, yəni 2021-ci ildə 54 bal topladım. Bu dəfə isə maksimum nəticə - 60 bal topladım. Açığı, bu nəticəni gözləyirdim. Çünki imtahana ciddi şəkildə hazırlaşmışdım, həm ixtisasım üzrə, həm də kurikulum üzrə öz üzərimdə çalışmışdım. Düzdür, müəyyən tərəddüdlərim var idi ki, bəlkə fərqli və ya gözlənilməz suallar qarşıma çıxar, amma ümumilikdə özümə inanırdım və nəticəni gözləyirdim".

Müsahibə mərhələsində də ilk cəhdimdə 40 bal toplamışam və bu mərhələdə də yüksək nəticə əldə edəcəyimə inanıram:

"Məncə, uğurlu müəllim olmaq və sertifikasiyadan yüksək nəticə göstərmək üçün müəllim mütləq şəkildə daim öz üzərində işləməlidir. Təkcə universitetdə qazandığı biliklərlə kifayətlənmək olmaz. Müasir dövrün tələblərinə uyğun olaraq yenilikləri izləmək, müasir tədris metodlarını öyrənmək və tətbiq etmək vacibdir.

Bununla yanaşı, müəllimin orta məktəb proqramını dərindən bilməsi çox önəmlidir. Çünki imtahan sualları əsasən məktəb proqramını əhatə edir. Əgər müəllim gündəlik dərs prosesində bu mövzuları keyfiyyətli şəkildə tədris edirsə, imtahanda da çətinlik çəkməz. Mən öz təcrübəmdə bunu aydın şəkildə müşahidə etmişəm.

İmtahana əsasən özüm hazırlaşmışam. Müxtəlif testlər işləyirdim, xüsusilə kurikulum üzrə materiallara diqqət yetirirdim. Repetitor fəaliyyəti ilə məşğul olduğum üçün vaxt baxımından müəyyən çətinliklərim olsa da, çalışdım ki, vaxtımı düzgün planlaşdırım və maksimum səmərə ilə istifadə edim".

Digər müəllimlərə tövsiyəm odur ki, daim öz üzərlərində işləsinlər, çoxlu testlər işləsinlər və müxtəlif sual tipləri ilə tanış olsunlar:

"Uğur əldə etmək üçün əsas şərt zəhmət, davamlılıq və özünü inkişaf etdirməkdir. İmtahan zamanı isə maraqlı məqam ondan ibarət oldu ki, ümumiyyətlə həyəcan hiss etmədim. Əslində, mən normalda həyəcanlı insanam, amma imtahan zamanı sualların mənə tanış və rahat gəlməsi səbəbindən özümü çox rahat hiss edirdim.

Yalnız imtahanın sonuna yaxın nəticəyə baxanda bir qədər həyəcanlandım. İmtahanı təxminən bir saata tamamladım. Daha sonra bir müddət gözlədim ki, cavablarımı bir daha yoxlayım, amma sonda imtahanı yekunlaşdırdım.

Əldə etdiyim nəticə uzun illərin təcrübəsinin, zəhmətin və öz üzərimdə davamlı şəkildə işləməyimin nəticəsidir. İnanıram ki, hər bir müəllim qarşısına məqsəd qoysa və bu istiqamətdə ciddi çalışsa, yüksək nəticə əldə edə bilər".

Rusiya Azərbaycanla müharibə başladacaq - Şok açıqlama
Son xəbərlərDaha çox