Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib.
Belə ki, imtahandan yüksək bal toplayanlardan biri də Babək rayonu Şəkərabad tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əhmədovadır.
O, ötən gün keçirilən sertifikasiyadan maksimum - 60 bal toplayıb.
Bu münasibətlə AzEdu.az təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.
“13 ildir ki, pedaqoji fəaliyyət göstərirəm. İlk dəfə iştirak etdiyim sertifikasiya imtahanından 51 bal toplamışdım. Builki imtahandan isə maksimum nəticə əldə etdim. 2021-ci ildə iştirak etdiyim sertifikasiya imtahanındakı suallarda mətn tipli tapşırıqlar yox idi. Sadəcə qapalı suallar idi. Hətta deyərdim ki, abituriyentlərin səviyyəsindən bir az üstün idi.
İlk 30 sual olduqca sadə idi və o qədər asan idi ki, demək olar heç kim kəsilə bilməzdi. Bunu yəqin ki, çoxları təsdiqləyər. Sonrakı 10 sual nisbətən çətin, digər 10 sual isə daha çox düşündürücü xarakter daşıyırdı. Ümumilikdə suallar bəzi müəllimlər üçün asan, bəziləri üçün isə çətin görünsə də, öz üzərində çalışan hər bir müəllim yaxşı nəticə əldə edə bilər.
Yanvarın 21-dən imtahan elan olunduqdan sonra hazırlıq qruplarına qoşulmağa başladım. Məqsədim sadəcə yaxşı nəticə əldə etməkdən ibarət idi.
Tək hazırlığa getdiyim üçün yox, bu illər ərzində öz üzərimdə işlədiyim üçün istədiyim nəticəni əldə edə bildim. Özüm hazırda repetitor kimi də fəaliyyət göstərirəm".
Həmsöhbətimiz qeyd edib ki, yüksək bal toplayacağını gözləyirdi:
“Evdən yüksək ab-hava ilə çıxmışdım ki, yüksək bal toplayıb müsahibə verəcəyəm. İxtisasım üzrə cavablandırdığım bütün suallardan tam əmin idim. Sadəcə olaraq metodikadan bir az düşündürücü suallar var idi. Ona görə də 1 sualı bəlkə də səhv yazmış ola bilərəm deyə düşünürdüm.
Monitorda sual sayı və düzgün cavabların sayının 60 olduğunu görəndə iki dəfə təkrar baxdım. Hətta əlimi qaldırıb nəzarətçini çağırdım ki, “mən düzmü görürəm?” Çox fərqli və olduqca gözəl bir hiss idi.
Müsahibə mərhələsindən də maksimum nəticə toplayacağımdan əminəm. Bunun üçün də yenə öz üzərimdə hazırlaşacağam. Çünki bu, böyük bir nailiyyət olacaq. Hesab edirəm ki, yüksək nəticə toplamaq istəyən müəllimlərimiz peşəkar dəstək almalıdırlar. Bununla yanaşı, sistemli şəkildə də hazırlaşmaq vacibdir. 1 gündə 10 sual oxuyub, 5 gün ümumiyyətlə kitab üzü açmamaq heç də effektiv deyil.
Sertifikasiya imtahanını çox müsbət qiymətləndirirəm. Bəzən elə olur ki, bir müəllim hazırlıqlara getdiyi halda 33-35 bal toplayırsa, deməli, hazırlaşmasaydı necə bir nəticə əldə olunardı? Ona görə də mən də bu addımı müsbət qiymətləndirirəm. Dərsə girən hər bir müəllim özü nəyisə bilməlidir ki, qarşısındakına da onu ötürə bilsin”.
Qeyd edək ki, iki gün ərzində 99,2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51–60 bal aralığında nəticə göstərib, 9 nəfər isə ən yüksək nəticə – 60 bal toplayıb.