Qəzza zolağında davam edən ağır humanitar vəziyyət və su böhranı səbəbindən uşaqlar təhsil almaq əvəzinə ailələri üçün su daşımağa məcbur qalıblar.
AzEdu.az xarici mediaya xəbər verir ki, xüsusilə Qəzzənin cənubundakı Xan Yunis şəhərində uşaqlar hər gün saatlarla su növbələrində dayanaraq evlərinə içməli su aparmağa çalışırlar.
Bölgədə təmiz su çatışmazlığı dərinləşdiyi üçün azyaşlılar yaşlarına uyğun olmayan ağır su bidonlarını daşımaq məcburiyyətində qalıblar.
12 yaşlı Ravan əl-Beyruk bildirib ki, əvvəllər səhər oyanıb məktəbə getdikləri halda, indi günlərini su doldurmaq və yemək növbələrində keçirməli olurlar. O, atasını fevral ayında itirdiyini və hazırda ailə ilə birlikdə çətin şəraitdə yaşadıqlarını qeyd edib.
13 yaşlı Sami Hammad isə müharibədən əvvəl məktəbə getdiyini, lakin hazırda təhsilin dayanması səbəbindən su daşımağa məcbur olduğunu deyib. O, “Qəzzədə təhsil yoxdur” sözləri ilə vəziyyətin acınacaqlı olduğunu ifadə edib.
10 yaşlı Üsamə Əbu Zeyd də üç ildir su qıtlığı yaşadıqlarını və artıq məktəbə deyil, su növbələrinə getdiklərini bildirib. O, uşaqların əsas hüquqlarından məhrum olduğunu vurğulayıb.
Digər tərəfdən, yerindən edilmiş ailələrdən olan 14 yaşlı Məhəmməd Hərb də təmiz suya çıxışın çətinliyindən danışaraq, normal həyatın artıq mümkün olmadığını deyib.