Azedu.az

BMU-da Materialşünaslıq laboratoriyası açılıb

Universitetlər

5 May 2026, 15:12
BMU-da Materialşünaslıq laboratoriyası açılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsində yeni yaradılmış Materialşünaslıq laboratoriyasının açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə universitetin rektoru Yaqub Piriyev, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Yaqub Piriyev açılış nitqində daha bir yeni laboratoriyanın yaradılmasını universitetin elmi-tədqiqat infrastrukturunun gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirib. Bildirilib ki, materialşünaslıq sahəsi memarlıq və inşaat mühəndisliyində mühüm yer tutur və yeni laboratoriya innovativ materialların tədqiqi, keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətli rol oynayacaq. Son illər BMU-da yaradılan bu cür müasir laboratoriyaların əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət etdiyini deyən rektor, eyni zamanda burada aparılacaq elmi araşdırmaların tikinti və sənaye sektorunun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Dizayn kafedrasının dosenti Yasin Xəlilov laboratoriyanın konsepti, əsas məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, laboratoriya çərçivəsində ölkədə ilk dəfə olaraq material muzeyi formalaşdırılıb. Bu muzeydə inşaat materiallarının 15-ə yaxın sinfini əhatə edən yüzlərlə nümunə sərgilənir. Materialların geniş spektrdə təqdimatı inşaat, memarlıq, dizayn və dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil alan tələbələrə materialları yalnız nəzəri deyil, həm də fiziki olaraq tanımaq, onların əsas xassələrini müəyyənləşdirmək və müxtəlif bəzəmə texnikalarını praktik şəkildə tətbiq etmək imkanı yaradır.

Laboratoriya keramika, yapışdırıcı materiallar, beton, daş və digər materialların fiziki-mexaniki xassələrinin təyini üçün zəruri minimum cihaz və avadanlıqlarla təchiz olunub. Bu isə tələbələrin “Materialşünaslıq” fənnini daha dərindən mənimsəməsi üçün əlverişli tədris mühiti formalaşdırır.

Tanışlıqdan sonra rektor Yaqub Piriyev tələbələrlə söhbət edib, onların əl işləri və rəsm əsərlərinə baxıb. Eyni zamanda laboratoriyanın gələcək inkişaf perspektivlərinə toxunaraq, onun daha da təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.

 

Moskvada GƏRGİN ANLAR: Ukrayna ard-arda zərbələr endirir
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox