Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib.
İmtahandan Ordubad şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Bilqeyz Əkbərova 60 bal toplayıb.
AzEdu.az bu münasibətlə Bilqeyz müəllimlə həmsöhbət olub.
O, qeyd edib ki, əgər bu imtahanlar olmasaydı, müəllimlər bu qədər dərin öyrənməyə ehtiyac duymayacaqdı. Bu baxımdan sertifikasiyanın həm fərdi inkişaf, həm də ümumi təhsil keyfiyyəti üçün vacib olduğunu qeyd edib:
“Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində təhsil almışam.
Bu, mənim ikinci sertifikasiya imtahanında iştirakım idi. İlk dəfə 2021-ci ildə imtahanda iştirak edərək test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplamışdım.
Dünən keçirilən biologiya sertifikasiya imtahanında isə 60 bal topladım. Suallar ümumilikdə mənə kifayət qədər rahat və anlaşıqlı göründü. Suallar axıcı idi və insana motivasiya verirdi. Hər hansı qərəz və ya çətinlik yaratmaq məqsədi hiss olunmurdu. İmtahana müsbət enerji ilə gəlmişdim, bəlkə də bunun da təsiri oldu. Düşünürəm ki, nəticə olaraq 56-57 bal toplamaq mümkün idi, baxmayaraq ki, bir-iki sual bəziləri üçün çətin ola bilərdi.
Ümumilikdə sertifikasiya imtahanlarının keçirilməsini müsbət qiymətləndirirəm. Çünki bu proses müəllimləri daim inkişaf etməyə və yeni biliklər öyrənməyə təşviq edir. İnsan yalnız peşəkar baxımdan deyil, həm də şəxsiyyət olaraq, şagirdlərə və ümumilikdə yeniliklərə münasibətində inkişaf edir.
Düzünü desəm, bu proses mənə çox şey qazandırdı. Kurikulum, təlim metodları və ümumi yanaşmalar baxımından insan öz üzərində işləməyə başlayır və inkişaf etdiyini hiss edir. Əgər bu imtahanlar olmasaydı, bəlkə də bir çox insan bu qədər dərin öyrənməyə ehtiyac duymayacaqdı. Bu baxımdan sertifikasiya həm fərdi inkişaf, həm də ümumi təhsil keyfiyyəti üçün vacibdir.
Bu gün müəllim olduğum üçün qürur hissi keçirirəm və bütün müəllimlərə bu hissi yaşamağı arzulayıram".
Bir saat ərzində imtahanı tamamladım:
"60 bal gözləmək məsələsinə gəldikdə isə, insan nə qədər hazır olsa da, imtahanda hər zaman müəyyən tərəddüdlər olur. Düşünürdüm ki, bəlkə bilmədiyim və ya daha çətin suallar qarşıma çıxar. Ona görə də tam əminliklə 60 bal deyə bilmirdim. Amma imtahan gözlədiyimdən rahat keçdi və hətta bir saat ərzində tamamladım.
Ancaq nəticəni həmin an yoxlamaq imkanı olsa da, tərəddüd edirdim. Dedim ki, yox, sona qədər gözləyəcəyəm və bu fürsətdən istifadə edib sualların üzərində bir daha keçid edəcəyəm. Testləri təkrar-təkrar yoxlayır, incə məqamlara diqqət yetirirdim ki, haradasa səhv etməmiş olum. Hər şeyi bir daha nəzərdən keçirdim və sonda hər şeyin qaydasında olduğuna əmin oldum. Buna baxmayaraq, yenə də sona qədər gözlədim və nəticəni özüm erkən təsdiqləmədim.
İmtahana hazırlıq məsələsinə gəldikdə isə, əvvəlki ildə 59 bal topladığım zaman əsasən özüm hazırlaşmışdım. Müxtəlif mənbələrdən, məsələn, videolardan və testlərdən istifadə edirdim və bu şəkildə öz üzərimdə işləyirdim. Bu il isə kurikulumdan təlimlərə qoşuldum, amma vaxt az olduğuna görə bütün tapşırıqları tam yerinə yetirə bilmirdim. Daha çox testlərlə tanış olmaq məqsədi daşıyırdı.
Əslində, biliklərimi daha çox praktik fəaliyyətimdə, dərs prosesində formalaşdırmışdım. Öyrəndiklərimi gündəlik metodikamda və şagirdlərlə münasibətdə tətbiq edirdim. Buna görə də imtahan mənə çətin gəlmədi. Suallar əsasən sinfin idarə olunması və müəllim-şagird münasibətləri ilə bağlı idi və düşünürəm ki, bu sahədə çalışan hər müəllim bu mövzulara bələddir.
Biologiya fənni üzrə isə artıq kifayət qədər təcrübəm var və şagirdlərin hazırlanması ilə də məşğul oluram. Bu səbəbdən əlavə xüsusi hazırlığa ehtiyac duymadım.
Bəzi müəllimlərin öz fənni üzrə belə keçid balını toplaya bilməməsi məsələsinə gəldikdə isə, buna bir neçə aspektdən yanaşmaq lazımdır. Bəzən çox təcrübəli müəllimlər belə imtahan zamanı stress keçirə, həyəcanlana və nəticədə bildiklərini tam şəkildə göstərə bilməyə bilərlər. Emosional vəziyyət, imtahan mühiti və psixoloji faktorlar burada ciddi rol oynayır. Bu kimi hallar həyatda da tez-tez müşahidə olunur”.
Heç vaxt istəmərəm ki, dərs dediyim şagirdin yanında başı aşağı olum:
“Digər müəllimlərə tövsiyə edirəm ki, şagirdlərin emosiyalarını başa düşsünlər, onlarla dost olsunlar. Bu halda müəllimlər şagirdləri daha rahat dərslərə yönləndirə bilirlər. Arzulayıram ki, savadlı müəllimlərimizin sayı çox olsun. Çünki gələcəyimiz olan şagirdləri bu gün biz yetişdiririk. Ona görə də daha gözəl gənclik yetişdirmək lazımdır.
Qeyd etdiyim kimi, ilk iştirakımda sertifikasiyanın müsahibə mərhələsindən 40 bal toplamışdım. Yenidən 40 bal toplamağı hədəfləyirəm. Mən özümə də çox məsuliyyətliyəm. Heç vaxt istəmərəm ki, dərs dediyim şagirdin yanında başı aşağı olum.
İstərdim ki, sizinlə də bir xatirəmi bölüşüm: “Bir şagirdimə dərs zamanı sadə bir sualı səhv etdiyindən əsəbləşdim ki, sən ki bu sualın cavabını bilirsən, niyə səhv yazırsan? Həmin şagird mənə dedi ki, “müəllim, nolar siz də öz fənninizdən bir səhv yazın, o zaman mən də sizə deyərəm ki, görürsünüz? siz də səhv edə bilirsiniz”. İndi həmin şagirdi haqlı çıxarmadım. Növbəti hədəfim isə müsahibədən 40 bal toplamaq üçün üzərimdə işləməkdir”.