Azedu.az

Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır

Universitetlər

6 May 2026, 12:03
Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır

"Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır".

AzEdu.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetinin Tədris şöbəsinin müdiri Günel Teymurova deyib.

O bildirib ki, cari tədris ili üzrə qəbul olunan tələbələrin sayı 92, ötən il qəbul olunan tələbələrin sayı 82 nəfər olub:

“Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 654.4, qida mühəndisliyi ixtisasında ən yüksək bal 553.6 olub”.

Şöbə müdiri qeyd edib ki, Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir:

“Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır”.

Günel Teymurova vurğulayıb ki, Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır və tədris ingiliscə həyata keçirilir:

“TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramları uğurla bitirənlərə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur və bu, məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir”.

Şiddətli döyüşlər başladı - Rusiyaya dağıdıcı zərbələr endirilir
Son xəbərlərDaha çox