Azedu.az

Yeni rektor kimdir? - DOSYE

Xəbərlər

5 May 2026, 16:29
Yeni rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Sərəncamına əsasən Sumqayıt Dövlət Universitetinə Nurəli Adil oğlu Yusifbəyli rektor təyin edilib. 

AzEdu.az yeni təyin edilmiş rektorla bağlı araşdırma edib. 

Nurəli Adil oğlu Yusifbəyli 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olmub. 

1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirib.

1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyasının növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb.

1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.

2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışıb. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olub.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən isə Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilib.

Azərbaycan Respublikası təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli sərəncamı ilə "MDB-nin Əməkdar energetiki" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülüb.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə "Qızıl Buta" mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil olunan İnnovasiya Müsabiqəsində II yerə layiq görülüb. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülüb.

1990–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirib. 1997-ci ildə "Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2004-cü ildə isə "Dispetçer idarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Texnika elmləri doktoru, professordur. 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dən çox elmi əsərin müəllifi olub. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq elmi-istehsalat jurnalının baş redaktoru olub.

Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədri olub.

Beynəlxalq "IEEE" (Institute of Electrical and Electronics Engineers) cəmiyyətinin, "Проблемы энергетики" və "Applied Mathematics" jurnallarının redaksiya heyətinin və bir sıra elmi-tədqiqat institutlarının elmi şuralarının üzvü olub.

Qeyd edək ki, 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub, AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, 2025-ci ildə Sumqayıt Dövlət Universitetinə Əminağa Sadıqov rektor əvəzi təyin edilmişdi. 

 

Koronavirusdan sonra YENİ BƏLA: Nazirliklər hərəkətə keçdi
Son xəbərlərDaha çox