Bakı Mühəndislik Universitetində (BMU) 5 May - Xalçaçı Günü ilə əlaqədar Milli Xalça Festivalı keçirilib. Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının təşkilatçılığı ilə baş tutan festivalda BMU-nun tələbələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində reabilitasiya keçən əlilliyi olan şəxslər, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Əzim Əzimzadə adına İncəsənət Kollecinin gənc rəssamları da iştirak ediblər.
AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bu cür festivalların milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Rektor xalça sənətini xalqımızın milli kimliyini, estetik zövqünü və tarixi yaddaşını özündə əks etdirən ən dəyərli irs nümunəsi kimi xarakterizə edib. Bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən 5 May - Xalçaçı Günü peşə bayramı kimi təsis edilib və bu addım dövlətin xalçaçılıq sənətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın xalçaçılıq sənətinin qorunub saxlanmasına verdiyi mühüm töhfələr vurğulanıb, onun təşəbbüsü ilə 16 il əvvəl Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyi nəzərə çatdırılıb.
Yaqub Piriyev, həmçinin BMU-nun Dizayn kafedrasında ötən ildən xalq sənətimizi yaşatmaq, yeni xalçaçı-rəssamlar nəsli yetişdirmək üçün “Dekorativ tətbiqi sənət” ixtisasının açıldığını qeyd edib, mühəndislik dəqiqliyi ilə incəsənətin zərifliyini bir araya gətirərək, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün atılan digər addımlara toxunub.
Çıxışda müxtəlif təhsil ocaqlarından olan istedadlı gənclərin, əlilliyi olan şəxslərin festival çərçivəsində bir araya gəlməsi birlik və yaradıcılığın təntənəsi kimi qiymətləndirilib. Qeyd olunub ki, təqdim edilən hər bir ilmə, hər bir sənət nümunəsi sənətə sevginin ifadəsidir və bu cür tədbirlər milli-mədəni irsimizin təbliğinə, qorunmasına mühüm töhfə verir.
Festival zamanı 100-dən çox eksponat nümayiş etdirilib. Ekspozisiyada keçə, həsir, xovsuz xalçalar (palaz, kilim, zili, sumax, şəddə, cecim), eləcə də Bakı, Şirvan, Qarabağ, Şəki, Quba və digər bölgələrə məxsus xovlu xalça nümunələri yer alıb. Bununla yanaşı, at çulu, xurcun, məfrəş, örkən kimi xalça məmulatları, qədim toxuculuq alətləri və dəzgahlar haqqında iştirakçılara ətraflı məlumat verilib.
Tədbir zamanı klassik xalça çeşnilərinin hazırlanması və xalça toxuma prosesi canlı nümayiş etdirilib. Qədim adət və ənənələri əks etdirən məişət və bəzək əşyaları da festivalın maraqlı hissələrindən olub. Əlilliyi olan gənclərin təqdim etdiyi müxtəlif əl işləri xüsusi maraq doğuraraq yüksək qiymətləndirilib.
Festival çərçivəsində dekorativ-tətbiqi sənət üzrə ustad sənətkarlar və tələbələr tərəfindən master-klasslar keçirilib.
Milli rəqslər və musiqi nömrələri ilə müşayiət edilən festival yüksək əhval-ruhiyyə yaradıb və gənc mütəxəssislər üçün ilham mənbəyinə çevrilib.