Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb.
AzEdu.az xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində qeyd edib.
Alimin sözlərinə görə, insanlar yuxuya dalmazdan bir qədər əvvəl gerçək və qeyri-adi yuxuyabənzər situasiyalarla üzləşirlər.
92 könüllünün qatıldığı təcrübə zamanı mütəxəssislər iştirakçıların yuxuya keçid prosesini müxtəlif anlarda dayandıraraq, onlardan zehni yaşantılarını izah etmələrini xahiş ediblər. Sınaq müddətində beyin aktivliyi elektroensefaloqrafiya (EEQ) vasitəsilə mütəmadi olaraq izlənilib. Təhlillər iştirakçıların dörd fərqli zehni haldan keçdiyini sübut edib: ani xatirələr, qəribə və narahatedici vizuallar, habelə şüurlu düşüncələr (məsələn, növbəti günün planlaşdırılması).
N.Dekat vurğulayıb ki, yuxuya keçid mərhələsi oyaqlıqdan yuxu halına qədər olan qısa zaman kəsiyində ayıqlıq dərəcəsinin necə dəyişdiyini və buna bağlı zehni təcrübələri öyrənməyə şərait yaradır.
Tədqiqatın nəticələri sübut edir ki, yuxugörmə prosesi özünəməxsus zehni "məşq platforması" rolunu oynayır. Yuxuda olarkən insan beyni real həyatdakı sosial problemləri təhlil edir; fərdin ünsiyyət, həyatda qalma, reputasiya və qayğıkeşlik kimi situasiyalara öncədən hazırlaşmasına kömək edir. Beləliklə, yuxular insanların ictimai mühitdəki fəaliyyətində və qərarlarında indiyədək ehtimal olunduğundan daha həlledici əhəmiyyətə malikdir.