Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 17:21:56
Rusiya Elmlər Akademiyasında “Azərbaycanlılar” kitabı çapdan çıxıb

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Rusiya Elmlər Akademiyasının (REA) “Nauka” nəşriyyatında çap olunmuş “Azərbaycanlılar” kitabı müzakirə edilib.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, “Azərbaycanlılar” kitabının rəyçisi, akademik İsa Həbibbəyli Arxeologiya və Etnoqrafiya İnstitutu ilə REA Etnoqrafiya və Antropologiya İnstitutunun birgə fəaliyyətinin nəticəsi olan bu nəşri müasir akademik elmin mühüm nailiyyəti kimi dəyərləndirib.

Bildirilib ki, 708 səhifəlik kitabda azərbaycanlı anlayışının formalaşma prosesi, xalqımızın tarixi təşəkkül mərhələləri, ədəbiyyat və incəsənəti, etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti, sosial-ictimai və dini münasibətləri yüksək professional elmi-nəzəri səviyyədə təqdim olunub.
Akademik İ.Həbibbəyli qeyd edib ki, nəşrdə Azərbaycan xalqının milli mənəvi maraqları və azərbaycançılıq dəyərləri əsas kimi qəbul olunub, zəruri hallarda qarşılıqlı inteqrasiya prosesləri haqqında da obyektiv materiallar əksini tapıb. Vurğulanıb ki, kitabın xaricdə yaşayan azərbaycanlıların milli tərkibi, mənəvi dəyərləri haqqında xüsusi bölməsi azərbaycanlılar anlayışının müasir şəraitdə geniş təqdimatına imkan yaradır.

Bütün bunları nəzərə alaraq Rəyasət Heyəti “Azərbaycanlılar” kitabını AMEA ilə REA kollektivlərinin əlaqələrinin səmərəli elmi nümunəsi kimi dəyərləndirib və kitabın yaradıcı kollektivinin əməyinin qiymətləndirilməsini qərara alıb.