Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 10:00:00
Əsgərlikdən qalmaq üçün magistraturaya hazırlaşanlar: “Özümü hazır hiss etmirəm” - SORĞU

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2019-cu il 1 fevral tarixində başlanıb. Qeydiyyat prosesi 1 - 11 fevral tarixlərini əhatə edəcək.

Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi isə fevralın 24-də keçiriləcək.

Artıq, qəbul imtahanına sayılı günlər qalıb. Bəs, görəsən, bakalavrlar imtahana hazırdırlarmı?

AzEdu.az bakalavrlar arasında keçirdiyi sorğunu təqdim edir:

Nihad Rəsulov qeyd edir ki, onun əsas çətinliyi informatika fənni ilə bağlıdır:

"Artıq 5 aydır ki, magistraturaya kursda hazırlaşıram. Məntiq fənnindən kursda keçirilən sınaqlarda 28-30 düz yaza bilirəm. Ən çox çətinliyim əsasən informatika fənni ilə bağlıdır.  Çünki informatika əzbərçilik tələb edir, oxumaq üçün vaxt lazım olur. Mənim isə vaxtım, təəssüf ki, azdır".

Şahid Qasımovun fikrincə, xarici dildən təqdim ediləcək dinləmə mətnlərinə görə, o imtahanda yaxşı bal toplaya bilməyəcək:

"Tez-tez müxtəlif kursların təşkil etdiyi sınaq imtahanlarında iştirak etmişəm. Sonuncu imtahanlarda ingilis dilindən təqdim olunan dinləmə mətnlerindən yalnız birini düzgün cavablandırmışdım. Ona görə də, ingilis dilindən həm açıq tipli, həm də audiomateriallarda düzgün cavab tədadüfən olur. İngilisdilli bölmədə oxumağı planlaşdırırdım, amma deyəsən bu istəyim reallaşmayacaq. Məntiqdən isə, adətən, 35 –dən çox, informatikadan isə, təxminən 10-15 sualı düzgün cavablandırıram".

Nərmin İsgəndərova IV kursda təhsil aldığı üçün magistraturaya çox vaxt ayıra bilmədiyini vurğulayıram. Onun fikrincə, bakalavrı başa vurduqdan sonra, növbəti il hazırlaşmaq daha məqsədəuyğundur:

"Çünki belə olan halda, vaxt daha çox qalır. İndi imtahana özüm evdə hazırlaşıram. Yanvar ayında sessiya imtahanları olduğu üçün, ümumiyyətlə, çox vaxt ayıra bilmədim. Düşünürem ki, 60-dan yüksek bal toplayacam. Əziyyətim bada getmez".

Əjdər Əliyev isə magistraturaya əsgərliyə getməmək üçün hazırlaşır. O deyir ki, maddi imkanı olsaydı, Azərbaycandan kənarda təhsil alardı:

"Açığı, magistraturaya sırf əsgərlikdən qalmaq üçün hazırlaşıram. Nə yalan deyim, özümü hazır hiss etmirəm. Burda oxumaqdansa, xaricde oxumağı üstün tutardım, lakin hələlik alternativ yol budur, pulum yoxdur. Inshallah UNEC-ə, MBA ixtisasına qəbul olunaram".

Nigar Seyidova açıqlamasında bildirib ki, o, məntiq və xarici dili yaxşı yaza bilməyəcəyindən ehtiyat edir:

“Neçə vaxtdır ki, imtahana hazırlaşıram. Amma bu “listening” suallarının salınması heç yaxşı xəbər olmadı. Çox qorxuram ki, heçnə yaza bilmərəm. Amma informatikanı yaxşı oxumuşam. Əgər diqqətli olsam, 22-23 düz yaza biləcəm. Çünki mövzuları çox diqqətlə oxumuşam. Qəbulda 65+ gözləyirəm. Ümid edirəm ki, yanılmaram”.