Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 17:14:00
"İntellektual Klubların Gənclər Kuboku” yarışı keçirilir  

Bakı Konqres Mərkəzində keçirilən yarışda 70 komandadan 500-dək gənc iştirak edir

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların Gənclər Kuboku” bilik yarışına start verilib.

AzEdu.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Gənclər Fondunun Müşahidə Şurasının sədri Yusuf Məmmədəliyev, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri, həmçinin Gənclər Fondundan qrant almış fiziki şəxslər iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirin açılış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iki gün davam edəcək intellektual bilik yarışının iştirakçılarına uğurlar arzulayıb. O deyib ki, Fond belə yarışların təşkilində bundan sonra da gənclərə dəstək verəcək. Artıq 22 ildir ölkəmizdə hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Hər il bu günlə bağlı müxtəlif tədbirlər keçirilir. Bu yarış da Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.

“Gənclər Fondu gənclərdən gələn təkliflər və müraciətlər əsasında ölkəmizdə ilk dəfə olaraq çoxnövçülük formatında intellektual bilik yarışının keçirilməsinə qərar verib. Yarışda iştirak üçün 220-dən çox komanda müraciət edib. Onlardan 70-i bu turnirdə iştirak hüququ qazanıb. Turnirdə 70 komandanın tərkibində 500-dək gənc iştirak edir. Bu komandaların 20-si ölkəmizin müxtəlif regionlarını təmsil edir. Ümid edirəm ki, gələcəkdə komandaların sayı daha da artacaq. Gələcəkdə daha geniş miqyaslı və uzunmüddətli yarış keçirməyi düşünürük”, - deyə F.Cəfərov vurğulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov Prezident İlham Əliyevin dəstəyi və atdığı addımlar sayəsində ölkədə gənclər sahəsində mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb. O bildirib ki, bu gün Azərbaycan dövləti öz gəncləri ilə fəxr edir. Azərbaycanda sağlam, fəal gənclik durmadan inkişaf edir.

İntellektual bilik yarışlarının gənclərin inkişafında, bilik və dünyagörüşlərinin artırılmasında önəmini vurğulayan Ş.İsmayılov deyib ki, ölkəmizdə belə yarışların keçirilməsi ənənəvi hal alıb. Azərbaycan gəncliyi ilə bağlı qəbul edilən Dövlət proqramlarında da bu qəbildən yarışların keçirilməsi əksini tapıb.

Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib ki, bu yarış yalnız yüksək zəkaya sahib olan gənclər arasında mübarizə deyil, eyni zamanda, yeni dostluq münasibətlərinin qurulmasına önəmli töhfə verir. Belə bilik yarışları Azərbaycan gəncliyinin intellektual səviyyəsinin göstəricisidir. Bakı Ali Neft Məktəbinin də yüzlərlə tələbəsinin belə yarışlara qatılmasını görmək sevindiricidir.

“Fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirildi. Bu tarixi toplantıda Azərbaycan gənclərinin nümayəndələri çıxış etdilər. Fərəh duydum ki, bizim belə gözəl gəncliyimiz var. Gənclərimiz bütün istiqamətlərdə inkişaf edirlər. Gənclər Azərbaycanın gələcəyidir”, - deyə E.Qasımov bildirib.

“İntellektual Klubların Gənclər Kuboku” yarışının qaydaları barədə məlumat verildikdən sonra turnirə start verilib.

Fevralın 2-dək davam edəcək yarışın qalibləri mükafatlandırılacaqlar.

Qeyd edək ki, intellektual çoxnövçülük turniri özündə 90 sualdan ibarət “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarını birləşdirir. Turnirdə biliyinə və dünyagörüşünə inanan 16-29 yaşlı gənclərdən ibarət komandalar mübarizə aparırlar.