Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 08:14:06
Uşaqları oğurlayan manyak peyda olub? – Rəsmi münasibət + VİDEO

 

Votsap mesajlaşma sistemində 24 nömrəli məktəbin yaxınlığında cinayətkarın peyda olması ilə bağlı video və səs yazısı yayılıb.

AzEDU xəbər verir ki, videonu yayan şəxs 28 saylı məktəbin müəllimi olduğunu deyir və valideynləri diqqətli olmağa çağırır. Onun sözlərinə görə, həmin cinayətkar aşağı sinif şagirdlərini çağıraraq, ünvan soruşur. Sonra isə şagirdə “gedək, ünvanı göstər” deyərək, onu özü ilə aparır və nalayiq hərəkətlər edir.

28 saylı məktəbin müəllimi videonu polis idarəsindən gələn şəxsin təqdim etdiyini deyib: “Polis bizdən bu videonu yaymağımızı istədi. Diqqətli olun, övladlarınıza tapşırın ki, tanımadıqları şəxslərdən uzaq olsunlar”.

 Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, videogörünütülərdən xəbərdardır:

“Hazırda hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Yekun məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar əsassızdır və əhalidə panika, çaşqınlıq yaratmaq məqsədi güdür: “Nəinki Sumqayıtda, ümumilikdə respublikanın heç bir bölgəsində, şəhərində nəinki orta məktəblərdə, heç bir yerdə adam oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimaləşməsindən sonra videonun çəkildiyi ehtimal edilən həmin orta məktəbin direktoru Sumqayıt Polis İdarəsinə dəvət olunub. Direktor izahatında rəhbəri olduğu məktəbdə bu cür halın baş vermədiyini, yayılan məlumatların şayiə olduğunu bildirib.

O.Mansurzadə vətəndaşları ayıq-sayıq olmağa, bu cür təxribatlara uymamağa çağırıb:

“Vətəndaşlardan qarşılaşdıqları, yaxud üzləşdikləri hər bir qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur”.

 Qeyd edək ki, bir müddət əvvəl də orta məktəbin həyətində məktəblilərə narkotik tərkibli konfet verildiyi iddia edilən səsyazısı yayılmışdı. Rəsmi qurumların araşdırmalarından sonra həmin səsyazsının əsassız  olduğu müəyyən edilmişdi.