"Kənd və şəhər məktəbləri arasında nəticə fərqi açıqlanıb".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev 4-cü və 6-cı sinif şagirdlərinin nəticələrinin təhlili ilə bağlı çıxışı zamanı bildirib.
Elnur Əliyev qeyd edib ki, kənd və şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələri arasındakı fərqin azaldılması əsas istiqamətlərdən biri olmalıdır.
Onun sözlərinə görə, həm oxu, həm də riyaziyyat üzrə kənd və şəhər şagirdlərinin nəticələrində müsbət dinamika müşahidə olunur. Riyaziyyat üzrə 4-cü sinif şagirdlərinin nəticələrində kənd və şəhər məktəbləri arasındakı fərq hazırda 2 bal təşkil edir.
“Oxuda biz hələ ki bu fərqin dəyişdiyini görürük. Həm kənd uşaqlarının, həm şəhər uşaqlarının nəticələri yaxşılaşmışdır. Amma hələ də aradakı fərq dəyişmədən qalmışdır, ancaq çox böyük deyil”, – deyə Elnur Əliyev bildirib.
O, valideynləri və icmaları uşaqların məktəbəhazırlıq mərhələsinə cəlb olunmasına diqqət yetirməyə çağırıb.
Elnur Əliyev əlavə edib ki, 4-cü və 6-cı siniflərin nəticələri ilə bağlı daha ətraflı təhlillər il ərzində ictimaiyyətə təqdim olunacaq, hesabatlar isə aidiyyəti qurumlar və məktəblərlə paylaşılacaq.
Çıxışında məktəblərdə keyfiyyət monitorinqinin nəticələri barədə də məlumat verən Elnur Əliyev bildirib ki, monitorinq qrupları 3-4 nəfərdən ibarət olmaqla bir məktəbdə 2-3 gün ərzində tədris prosesini müxtəlif istiqamətlər üzrə qiymətləndirir.
Onun sözlərinə görə, məktəblərdə idarəetmə, tədrisin keyfiyyəti, şagird sağlamlığı və təhlükəsizliyi, eləcə də məktəb mühiti qiymətləndirilir. Hər il təxminən 150 məktəbdə belə monitorinqlər aparılır.
Elnur Əliyev bildirib ki, zəif və kafi nəticə göstərən məktəblər iki ildən sonra təkrar qiymətləndirilir. Qiymətləndirmə şkalası “zəif”, “kafi”, “yaxşı” və “əla” olmaqla 4 səviyyədən ibarətdir.
“Son ildə 50 belə məktəbə təkrar monitorinq aparılıb. 50 məktəb ki, əvvəlki dövrdə zəif nəticə göstərmişdi, onların təkrar yoxlanılması həyata keçirilib”, – deyə o əlavə edib.