Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 06:47:48
“Milli Ensiklopediyanın 5 cildi plagiatdır” – Təhsil ekspertindən sensasiyalı açıqlama

“Azərbaycan Milli Elmlər Akademiyasının 73 həqiqi üzvü, 113 müxbir üzvü var. Onların böyük əksəriyyətini Azərbaycan cəmiyyəti tanımır”.

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan alimləri müqayisədə dünyanın ən passiv alimləridir:

“Heç bir məsələdə alim münasibətinə rast gələ bilməzsən. Yadınızdadırmı, İlham Mirzəyev adlı birisi televiziyada psixoterapevt qismində uzun müddət insanları müalicə etməyə çağırırdı. Bir psixoloq, yaxud psixoterapevt çıxıb ona demədi ki, ay kişi, sən bu sahənin adamı deyilsən axı? Yenə sağ olsunlar, hüquq-mühafizə orqanları tədbir gördü. Elm cəmiyyət üçün maraq kəsb etmir. Televiziyalarda dini verilişlərə elmi verilişlərdən çox vaxt ayrılır. Rusiyada elm sahəsində “V mire nauki” adlı məşhur bir jurnal dərc olunur. Bu jurnalın hər nömrəsində tanınmış almlərlə dəyirmi masa keçirilir. Cəmiyyəti, dövləti maraqlandıran problemləri müzakirə edirlər. Bizdə 3 alimi bir yerə yığmaq mümkün deyil. Hərə öz monoloqunu deyir. Uzun müddət danışmayan və dindirilməyən alimlər jurnalistlə üzləşəndə çaşbaş qalırlar. Alimlər universitetlərdə rektordan, Akademiyada isə Akademiya rəhbərliyindən icazə almamış danışmırlar”.

etibar.jpg

Ekspert bildirib ki, AMEA-nın rəhbərliyi heç bir lüzum olmadan İctimaiyyətlə əlaqələri Elmin populyarlaşdırılması ilə bir İdarədə birləşdirib:

“Əslində hər bir sahə institutunun özü elmin populyarlaşdırılması istiqamətində çalışmalıdır. Bu elmi tədqiqatlar qədər vacib işdir. Fizika İnstitutu fizika elminin, Botanika İnstitutu botanika elminin və s. populyarlaşdırılması ilə məşğul olmalı idi. Bir idarə bütün elmlərin populyarlaşdırılması ilə məşğul ola bilməz.  O ki qaldı ensiklopediya məsələsinə, ensiklopediya hər bir xalqın elmi potensialının güzgüsüdür. Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri Prezident İlham Əliyevdir. Prezident bütün dünyada ensiklopediya işinin nə dərəcədə əhəmiyyətli bir iş olduğunu bilən şəxsdir. Və bu məqsədlə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaratdı və Ensiklopediyanın Redaksiya heyətinin sədri kimi məsuliyyəti üzərinə götürdü. Ancaq bunun müqabilində akademiklər nə etdi? Plagiat ensiklopediya tərtib etməyə başladılar. İndi çapdan çıxan Milli Ensiklopediyanın 5 cildi plagiatdır. Bu çox böyük biabırçılıqdır. Mən bu barədə Milli Ensiklopediyanın Redaksiya Heyətinin sədrinin birinci müavini akademik Ramiz Mehdiyevə məlumat vermişəm. Düşünürdüm ki, ciddi tədbirlər görüləcək. Ancaq təəssüflər olsun ki, bu böyük rüsvayçılığın qarşısının alınması istiqamətində heç bir tədbir görülmədi”.