Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 12:40:00
Dövlət İmtahan Mərkəzi müəllimlər üçün elmi-metodik seminarlar təşkil edib

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili fənləri üzrə hazırlıq kurslarının 3-cü dərsi keçirilib.

Mərkəzdən  AzEdu.az-a  bildirilib ki, moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

İngilis dili fənnindən keçirilən elmi-metodik seminarda İ.Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Səidə Nəsrəddinova 8-ci sinif “English” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib. Azərbaycan dili fənni üzrə seminarda Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın müəllimi Fazil Ellazov 8-ci sinif “Azərbaycan dili” dərsliyinin məzmunu haqqında danışıb. Kimya fənnindən keçirilən seminarda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, pedaqoji və kimya elmləri doktoru Mütəllim Abbasov 9-cu sinif “Kimya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib. Fizika fənni üzrə seminarda 9-cu sinif “Fizika” dərsliyinin məzmunu haqqında AMEA-nın Fizika İnstitutunun elmi işçisi Vahid Tanrıverdiyev təqdimat edib. Rus dili fənnindən keçirilən seminarda BSU-nun dosenti Mina Quliyeva və baş müəllimi İlyusa Selimzanova 8-ci sinif “Литература” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış ediblər.

Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.