BP bazara daxil olandan bəri otuz ildir ki, enerji Azərbaycanla olan münasibətlərimizin əsasını təşkil edir – biz bu mirasla fəxr edirik.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərə açıqlamasında Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Dankan Norman bildirib.
“Birləşmiş Krallığın təmiz enerji sektoruna investisiya qoyması və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik. Enerjidən başqa, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir. Biz Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar (data) üzrə təbii bir mərkəz kimi görürük”,-deyə o qeyd esib.
Səfir təhsilin münasibətlərin ən güclü sütunlarından biri olduğunu deyib:
“Bu il də Birləşmiş Krallıq Azərbaycanın dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gəncləri üçün ən çox üstünlük verilən ölkə olmağa davam etdi: tələbələrin 61%-i Britaniya universitetlərində təhsil almağı seçməklə dünya standartlarında təhsilimizdən faydalandı.
Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” Proqramı bu əlaqələri daha da gücləndirir və hazırda Proqrama müraciət etmək mümkündür. Biz müsbət dəyişiklikləri həyata keçirmək iddiası olan istedadlı Azərbaycan vətəndaşlarını müraciət etməyə təşviq edirik. Yeni təhsil və elm tərəfdaşlıqlarını inkişaf etdirməklə, süni intellekt və rəqəmsal transformasiyaya investisiya qoymaqla, eləcə də hər iki ölkədə gələcək üçün bacarıqlar və iş yerləri yaratmaqla bu əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Bərabərlik və inklüzivlik davamlı artım üçün həyati önəm kəsb edir, buna görə də hökumət və yerli tərəfdaşlarla birlikdə qadınların iqtisadi baxımdan səlahiyyətləndirilməsini dəstəkləməyə davam edirik”.