Yeni tədris ilinin başlamasına az vaxt qalıb. İbtidai siniflərdə keçirilən bəzi mövzuların şagirdlərin yaş və inkişaf səviyyəsinə nə dərəcədə uyğun olması tez-tez müzakirə olunan məsələlərdəndir. Bu mərhələdə uşaqların yaş xüsusiyyətlərinə uyğun tədris proqramının və dərs yükünün müəyyənləşdirilməsi yenidən gündəmə gəlir.
Valideynlər və təhsil ictimaiyyəti arasında xüsusilə kiçik yaşlı uşaqlar üçün bəzi mövzuların mürəkkəbliyi, fənlərin çoxluğu və verilən tapşırıqların həcmi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Kiçik yaşlı şagirdlər üçün həddindən artıq dərs və ev tapşırığı onların öyrənmə prosesinə necə təsir edir?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Samux şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günel Məmmədova bildirir ki, ibtidai siniflərdə şagirdlərin dərs yükü barədə danışarkən, məsələyə yalnız fənlərin sayı prizmasından yanaşmaq düzgün olmaz.

"Əsas məsələ mövcud dərs yükünün uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun təşkil olunması, dərs prosesinin səmərəli qurulması və ev tapşırıqlarının məqsədəuyğun həcmdə verilməsidir.İbtidai təhsil uşağın məktəbə və öyrənməyə münasibətinin formalaşdığı mühüm mərhələdir. Bu yaşda şagirdin yalnız oxu, yazı və riyazi bacarıqları deyil, həm də dünyagörüşü, yaradıcılığı, ünsiyyət, əməkdaşlıq, fiziki və sosial bacarıqları inkişaf etdirilməlidir. Bu baxımdan müxtəlif fənlərin tədrisinin hər birinin öz məqsədi və əhəmiyyəti var.
Mən ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmişəm və eyni zamanda ARTİ-də müasir metodist kimi çalışmışam. Həm müəllimlik, həm də metodik fəaliyyət təcrübəmə əsasən deyə bilərəm ki, ibtidai sinif şagirdində yorğunluq və dərsə marağın azalması hər zaman fənlərin çoxluğu ilə bağlı olmur. Bəzən əsas səbəb tapşırıqların həddindən artıq həcmi, onların bir-birini təkrarlaması və uşağın həmin tapşırıqlara sərf etdiyi vaxtın düzgün nəzərə alınmamasıdır.
Kiçik yaşlı uşaqlar üçün dərsin məzmunu qədər onun necə təşkil olunması da əhəmiyyətlidir. İbtidai siniflərdə daha çox praktik, əyani, yaradıcı və uşağın fəal iştirakını təmin edən fəaliyyətlərə üstünlük verilməsi öyrənməni daha səmərəli və maraqlı edir. Uşaq öyrəndiyini tətbiq edə bildikdə bilik daha davamlı olur.
Ev tapşırıqlarına da bu baxımdan yanaşmaq lazımdır. Ev tapşırığının məqsədi uşağı əlavə dərs yükü altında saxlamaq deyil, məktəbdə qazandığı bilik və bacarıqları möhkəmləndirməkdir. Bir neçə fənn üzrə verilən tapşırıqların ümumi həcmi də nəzərə alınmalıdır. Çünki ibtidai sinif şagirdinin məktəbdənkənar vaxtında istirahətə, oyuna, fiziki fəaliyyətə və ailəsi ilə ünsiyyətə də ehtiyacı var.
Ona görə də mən “ibtidai siniflərdə fənlərin sayı çoxdur, azaldılmalıdır” yanaşmasını düzgün hesab etmirəm. Burada daha vacib olan fənlərin uşağın yaş xüsusiyyətlərinə uyğun tədrisi, dərs yükünün səmərəli bölüşdürülməsi və tapşırıqların həcm və məzmun baxımından düzgün seçilməsidir.
Əslində, kiçik yaşlı şagird üçün çoxsaylı məlumatı əzbərlətməkdənsə, daha az materialı dərindən mənimsətmək və onu praktik fəaliyyətlərlə əlaqələndirmək daha faydalıdır. İbtidai təhsilin əsas məqsədlərindən biri də uşağın öyrənməyə marağını qorumaq və onda “öyrənə bilərəm” inamını formalaşdırmaqdır.
Məncə, ən optimal yanaşma fənlərin sayını sadəcə azaltmaq deyil, uşağın ümumi yükünü düzgün tənzimləməkdir. Dərs və ev tapşırıqları planlaşdırılarkən şagirdin yaş xüsusiyyətləri, diqqət imkanları, fərdi fərqləri və gün ərzindəki ümumi fəaliyyəti nəzərə alınmalıdır. Uşaq məktəbdən yalnız yorğun çıxmamalı, eyni zamanda yeni bir şey öyrənməyin verdiyi maraq və motivasiyanı da özü ilə aparmalıdır".
Fidan Şahkərəmova