Azedu.az

Elm və təhsil süni intellektin sürəti ilə ayaqlaşmağa məcburdur

AzEdu Təhsil Platforması

20 Avqust 2026, 11:33
Elm və təhsil süni intellektin sürəti ilə ayaqlaşmağa məcburdur

Stanford Universitetinin Stanford Institute for Human-Centered Artificial Intelligence (Stanford HAI) tərəfindən hazırlanmış 2026 AI Index Report-u açıqlanıb. Hesabatdan da göründüyü kimi, Süni İntellekt (Sİ) artıq gələcəyin texnologiyası deyil, o, elmin, təhsilin və cəmiyyətin bu gününü dəyişdirən reallıqdır. 

Əgər bir neçə il əvvəl süni intellektin hansı imkanlara sahib olacağı müzakirə edilirdisə, bu gün əsas sual tamam başqadır: süni intellektin sürətlə inkişaf etdiyi bir dünyada elm, universitet və təhsil sistemi bu sürətlə ayaqlaşa bilirmi? "AI Index Report 2026" məhz bu suala qlobal miqyasda, böyükhəcmli məlumatlar və çoxsaylı göstəricilər əsasında cavab axtarır. Hesabat süni intellektin təkcə texnoloji imkanlarını deyil, onun elmi tədqiqatlara, təhsilə, iqtisadiyyata, səhiyyəyə, əmək bazarına və cəmiyyətə təsirini bütöv şəkildə təhlil edir. 

Bəlkə də ən böyük dəyişiklik elmin özündə baş verir. Sİ artıq ayrı-ayrı elmi sahələrdə köməkçi vasitə olmaqdan çıxaraq tədqiqat prosesinin özünün iştirakçısına çevrilir. Bununla yanaşı, Sİ sistemlərinin imkanları ilə məhdudiyyətlərinin eyni vaxtda nəzərə alınmasının vacibliyi göstərilir. Təhsil sahəsində isə dəyişiklik daha fundamental xarakter daşıyır. Məsələ artıq "tələbə Sİ-dən istifadə etməlidirmi?" sualından çox, "Sİ ilə öyrənmə, qiymətləndirmə və müəllimlik necə yenidən qurulmalıdır?" sualına çevrilir.

Bu baxımdan "AI Index Report 2026" yalnız süni intellektin inkişafını ölçən texnoloji hesabat deyil. O, universitetlərin, alimlərin, müəllimlərin qarşısında duran yeni reallığın xəritəsidir. Bu xəritədə ən mühüm mesajlardan biri budur ki, süni intellektin yaratdığı dəyişikliklərə hazırlaşmaq artıq elm və təhsilin rəqabət qabiliyyətini qorumağın əsas şərtlərindən biridir. Hesabatdan çıxan əsas nəticələr həm də ali təhsil perspektivindən də doqqəti cəlb edir. Hesabatın ən mühüm nəticəsi bir cümlə ilə belə ifadə oluna bilər: "Süni intellektin imkanları çox sürətlə artır, lakin cəmiyyətin onu ölçmək, idarə etmək, tənzimləmək və təhsil sistemlərinə inteqrasiya etmək qabiliyyəti bu sürətə çatmır". Stanford bu vəziyyəti faktiki olaraq süni intellektin imkanları ilə onu idarə etmək qabiliyyəti arasındakı artan fərq kimi göstərir.

Sİ-in inkişafı dayanmayıb, əksinə, sürətlənir. Həm də maraqlıdır ki, 2025-ci ildə qabaqcıl Sİ modellərinin 90 faizdən çoxunu sənaye şirkətləri hazırlayıb. Bir sıra modellər artıq PhD səviyyəli elm suallarında, multimodal mühakimələrdə, mürəkkəb riyazi məsələlərdə, proqramlaşdırmada insan səviyyəsinə çatır və ya onu üstələyir. Məsələn, SWE-bench Verified proqramlaşdırma benchmarkında nəticələr bir il ərzində təxminən 60 faizdən 100 faizə yaxınlaşıb. Təşkilatların Sİ-dən istifadə səviyyəsi isə 88 faizə çatıb. Universitet tələbələrinin təxminən 80 faizi Generativ Sİ-dən istifadə edir. Beləliklə, Sİ artıq işin, təhsilin və tədqiqatın ümumi infrastrukturuna çevrilir.

ABŞ-Çin Sİ rəqabətində fərq demək olar ki, aradan qaldırılıb. Bu, hesabatın geosiyasi baxımdan ən mühüm nəticələrindən biridir. 2026-cı ilin martına olan məlumata görə, ən qabaqcıl ABŞ modeli Çin modellərindən cəmi 2,7 faiz öndədir. Bununla yanaşı, ABŞ qabaqcıl frontier modellər, yüksək təsirli patentlər, özəl investisiyalar, Sİ startapları kimi sahələrdə üstünlüyə malikdirsə, Çinin üstün olduğu sahələr elmi nəşrlərin sayı, sitatlar, patentlərin ümumi sayı, sənaye robotlarının quraşdırılmasıdır. Yəni artıq "Çin Sİ-də ABŞ-nin arxasınca gəlir" fikri doğru deyil. Rəqabət artıq ikiqütblü xarakter alıb.

Sİ infrastrukturu strateji resursa çevrilir. ABŞ-də digər ölkələrdən ən azı 10 dəfə çox - 5 427 Sİ data mərkəzi mövcuddur. Sİ data mərkəzlərinin ümumi enerji gücü 29,6 GW-a çatıb. Bu, Sİ-in artıq yalnız İT məsələsi olmadığını göstərir. Sİ siyasəti eyni zamanda enerji, çip, data mərkəzi, su, telekommunikasiya, kapital, insan kapitalı siyasətidir. Daha maraqlı məqam da odur ki, qabaqcıl Sİ çiplərinin böyük əksəriyyətinin istehsalı bir Tayvan şirkətindən - TSMC-dən asılıdır. Bu səbəbdən Sİ suverenliyi dövlət siyasətinin yeni istiqamətinə çevrilir.

Sİ artıq "insan səviyyəsi"ni bəzi sahələrdə üstələyir. Hesabatın ən maraqlı konsepsiyalarından biri "qeyri-bərabər intellekt"dir. Sİ Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal səviyyəsinə çata bilir, mürəkkəb elmi məsələləri həll edir, kompüterdə real işləri yerinə yetirən agentlərdə böyük irəliləyiş göstərir. Amma eyni model analoq saatı düzgün oxumaqda, bəzi sadə fiziki məntiq tapşırıqlarında, real dünyada ardıcıl icrada hələ də səhv edə bilir. Məsələn, ən qabaqcıl model analoq saatı düzgün oxumaqda cəmi 50,1 faiz nəticə göstərib. Əsas fikir ondan ibarətdir ki, Sİ "ümumilikdə ağıllı" deyil və müxtəlif tapşırıqlarda çox fərqli səviyyələr nümayiş etdirir. Bu, təhsil üçün çox vacibdir.

Bençmark problemi yaranır. Sİ o qədər sürətlə inkişaf edir ki, onu ölçmək üçün istifadə olunan testlər sürətlə köhnəlir. Bəzi bençmarklar hazırlanandan bir neçə ay sonra artıq modelləri fərqləndirə bilmir. Üstəlik, geniş istifadə olunan bəzi bençmarklarda 2 faizdən 42 faizə qədər səhv/problemli sual müəyyən edilib. Bu o deməkdir ki, Sİ-in inkişafını yalnız bençmark nəticələri ilə ölçmək getdikcə daha çətin olacaq. Bu, universitetlər üçün xüsusilə vacibdir. Çünki klassik imtahanlar və standart testlər Sİ dövründə əvvəlki etibarlılığını itirə bilər.

Məsuliyyətli Sİ inkişafın arxasında qalır. Bu, hesabatın ən ciddi xəbərdarlıqlarından biridir. Süni intellektin imkanları sürətlə artır, lakin təhlükəsizlik, ədalətlilik, şəffaflıq, izaholunma və idarəetmə eyni sürətlə inkişaf etmir. Sənədləşdirilmiş Sİ - Sİ sisteminin necə hazırlandığı, hansı məlumatlardan istifadə etdiyi, necə işlədiyi, hansı məhdudiyyətlərə və risklərə malik olduğu barədə məlumatların sistemli şəkildə sənədləşdirilməsi - hallarının sayı 2024-cü ildə 233, 2025-ci ildə isə 362 olub. Daha maraqlısı həm də odur ki, ən güclü modellər haqqında məlumatların açıqlanması da azalır.

Sİ iqtisadiyyatı sürətlə böyüyür. ABŞ-də 2025-ci ildə özəl Sİ investisiyası 285,9 milyard dollar olduğu halda, Çində bu rəqəm 12,4 milyard dollar göstərilir. Lakin Stanford bunun Çin dövlət fondlarının rolunu tam əks etdirməyə biləcəyini də qeyd edir. ABŞ-də 2025-ci ildə 1953 yeni maliyyələşdirilmiş Sİ şirkəti yaranıb. Lakin başqa bir paradoks əmələ gəlir: ABŞ Sİ kapitalında liderdir, amma Si istedadları cəlb etməkdə zəifləyir. ABŞ-yə köçən Sİ tədqiqatçıları və developerlərinin sayı 2017-ci ildən 89 faiz azalıb.

Generativ Sİ internetdən daha sürətlə yayılır. Hesabatın ən diqqətçəkən statistikalarından biri odur ki, Generativ Sİ dünya əhalisinin 53 faizinə cəmi 3 il ərzində çatıb. Bu, internetin yayılmasından daha sürətli tempdir. 2026-cı ilin əvvəlində ABŞ istehlakçıları üçün Generativ Sİ-in illik hesablanmış iqtisadi/istifadə dəyəri 172 milyard dollar qiymətləndirilib.

Əmək bazarında Sİ artıq proqnoz deyil, reallıqdır. Sİ-in əmək bazarına təsiri artıq gələcəyin məsələsi deyil. Hesabat xüsusilə gənc işçilərin daha erkən təsirləndiyini göstərir. Eyni zamanda dünyada işçilərin 58 faizi 2025-ci ildə Sİ-dən işdə müntəzəm və ya qeyri-müntəzəm istifadə etdiyini bildirib. Bəzi inkişaf etməkdə olan ölkələrdə bu göstərici 80 faizdən yuxarıdır. Bu isə universitetlər üçün fundamental sual yaradır: əgər işin özü Sİ tərəfindən dəyişdirilirsə, universitet tələbəni hansı işə hazırlamalıdır?

Sİ-nin elmə inteqrasiyası sürətlənir. 2026 hesabatında ilk dəfə ayrıca Elm bölməsi var. 2025-ci ildə təbiət elmlərində Sİ ilə əlaqəli təxminən 80150 elmi nəşr olub. Bu, bir il ərzində 26 faiz artım deməkdir. Sİ artıq biologiya, kimya, fizika, astronomiya, materialşünaslıq kimi sahələrdə tədqiqat prosesinin bir hissəsinə çevrilir. Lakin daha bir maraqlı paradoks var: Sİ bəzi sahələrdə alimlərdən daha yaxşı nəticə göstərə bilir, amma hələ də dərc olunmuş elmi nəticəni müstəqil şəkildə etibarlı formada təkrarlamaqda çətinlik çəkir.

Təhsil Sİ dəyişikliklərinə çata bilmir, geridə qalır. ABŞ-də orta məktəb və universitet tələbələrinin 80 faizdən çoxu təhsil məqsədilə Sİ-dən istifadə edir. Amma məktəblərin yalnız təxminən yarısında Sİ siyasəti var. Müəllimlərin yalnız 6 faizi həmin siyasətlərin aydın olduğunu düşünür. Yəni tələbələr Sİ-dən istifadə edir, amma universitetlər və məktəblər isə hələ Sİ-nin necə istifadə edilməli olduğunu tam müəyyənləşdirə bilməyiblər.

Universitetlər üçün ən böyük dəyişiklik ondan ibarətdil ki, Sİ artıq "qadağan ediləcək alət" deyil. Stanford hesabatından çıxan ən mühüm təhsil nəticələrindən biri budur ki, köhnə model "Sİ-dən istifadə etmə, imtahanda özün yaz - esseni özün hazırla" olduğu halda yeni model "Sİ ilə işləməyi öyrən, Sİ-nin nəticəsini yoxla, öz analitik düşüncəni nümayiş etdir, Sİ-dən daha yüksəksəviyyəli nəticə əldə et"dir. Bu, qiymətləndirmə sisteminin dəyişməsini tələb edir. Yəni Sİ, qiymətləndirmə, kurikulum, tədris, müəllimlərin peşəkar inkişafı birlikdə dəyişməlidir.

Sİ siyasətində "Sİ suverenliyi" dövrü başlayır. Ölkələr artıq yalnız "Sİ-dən necə istifadə edək?" sualını vermirlər. Daha strateji sual "Sİ-nin hansı hissəsinə özümüz nəzarət edirik?" olur. Buna görə milli Sİ strategiyalarının sayı artır və xüsusilə inkişaf etməkdə olan ölkələrdə Sİ strategiyalarının hazırlanması sürətlənir. Stanford bunu "Sİ suverenliyi" anlayışının yüksəlişi ilə əlaqələndirir.

Cəmiyyət Sİ-yə həm ümid, həm də narahatlıqla yanaşır. Sİ-nin faydalarına inananların qlobal payı 55 faizdən 59 faizə artıb. Amma Sİ məhsullarının insanlarda narahatlıq yaratdığını deyənlərin payı da 52 faizə yüksəlib. Xüsusilə ABŞ-də Sİ-nin iş yerlərini azaltması ilə bağlı narahatlıq yüksəkdir. Bu, Sİ siyasətində yalnız texnologiyanın deyil, ictimai etimadın da əsas məsələ olduğunu göstərir.

Hesabat ali təhsil baxımından xüsusən maraqlıdır. Belə ku, ali təhsil perspektivindən bu hesabatı təhlil edəndə bəzi nəticələri qeyd etmək olar:

1. Sİ artıq ayrıca ixtisas deyil, bütün ixtisasların komponentidir. İqtisadçı, maliyyəçi, marketoloq, hüquqşünas, menecer və mühəndis Sİ ilə işləməyi bacarmalıdır;

2. Sİ savadlığı bütün tələbələr üçün fundamental kompetensiyaya çevrilməlidir;

3. Tələbələrin biliyinin qiymətləndirilməsi kritik məsələdir. Sİ dövründə əsas sual "Tələbə cavabı özü yazıbmı?" deyil. Daha vacib sual "Tələbə problemi necə müəyyənləşdirdi, Sİ-dən necə istifadə etdi, nəticəni necə yoxladı və hansı müstəqil intellektual töhfəni verdi?";

4. Müəllimlərin peşəkar inkişafı dəyişməlidir. Müəllim artıq yalnız fənni bilən şəxs yox, "Sİ və fənn üzrə ekspert" olmalıdır;

5. Universitet Sİ idarəetmə laboratoriyasına çevrilməlidir. Süni intellekt etikası, məxfilik, qiymətləndirmə, akademik dürüstlük, süni intellekt təhlükəsizliyi vahid ekosistem kimi idarə edilməlidir;

6. Sİ tədqiqatı universitetin əsas rəqabət üstünlüyünə çevrilir. Sİ artıq yalnız Computer Elmləri fakültəsinin işi deyil. Sİ və iqtisadiyyat, Sİ və maliyyə, Sİ və biznes, Sİ və təhsil kimi sahələrarası modellər daha vacib olacaq;

7. Ən böyük nəticə ondan ibarətdir ki, universitetlər Sİ-nin universitetə gəlməsini gözləməməlidirlər. Sİ artıq universitetin içindədir - tələbənin, müəllimin, tədqiqatçının və idarəetmənin gündəlik fəaliyyətindədir. İndi məsələ Sİ-nin olub-olmaması deyil, universitetin Sİ dövründə necə yenidən dizayn edilməsidir.

 

Ədalət MURADOV,

UNEC-in rektoru, professor

Kremlin tulaları Bakıya qarşı hücuma keçdi - Nələr olacaq?
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox