Azedu.az

Xarici tələbələrin yeni ünvanı Azərbaycan ola bilər? - Universitetlərə ÇAĞIRIŞ

AzEdu Təhsil Platforması

19 Avqust 2026, 10:17
Xarici tələbələrin yeni ünvanı Azərbaycan ola bilər? - Universitetlərə ÇAĞIRIŞ

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ABŞ və Böyük Britaniyada xarici tələbələrin sayının azalması fonunda Azərbaycanın əcnəbi tələbələr üçün daha cəlbedici istiqamətə çevrilməsi üçün yaranmış fürsətdən istifadə etməli olduğunu bildirib.

Onun qeyd etdiyi məlumatlara görə, ABŞ universitetlərinə qəbul olunan əcnəbi tələbələrin sayının gələn il 112 min nəfər azalacağı proqnozlaşdırılır. Bu azalmanın ABŞ ali təhsil sektorunda 3,4 milyard dollar gəlir itkisinə və 40 min iş yerinin itirilməsinə səbəb ola biləcəyi gözlənilir. ABŞ universitetlərinin 63 faizi əcnəbi tələbələrin sayında azalma, yalnız 11 faizi isə artım gözləyir.

Böyük Britaniyada da xarici tələbə axınında azalma müşahidə olunur. Tələbə vizası üçün müraciətlərin sayı iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Eyni zamanda, tələbə qəbul agentlərinin dörddə üçündən çoxu tələbələrin ənənəvi “Böyük Dördlük” - Böyük Britaniya, ABŞ, Avstraliya və Kanada xaricindəki ölkələrə daha çox maraq göstərdiyini bildirir.

Ə.Muradov hesab edir ki, yaranmış vəziyyət Azərbaycanın xarici tələbələri cəlb etməsi üçün əlverişli imkan yaradır. Onun fikrincə, bu fürsətdən istifadə etməklə əcnəbi tələbələrin təhsil seçimlərini Azərbaycana yönəltmək üçün zəruri addımlar atılmalıdır.

Maraqlıdır ki, Azərbayacn universitetləri bu fürsətdən necə istifadə edə bilər? Xarici tələbə axınını ölkəmizə necə cəlb etməliyik?

AzEdu.az-a mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

O qeyd edib ki, beynəlxalq təhsil bazarında bu tendensiya böyük dördlükdən böyük coğrafi areala keçid kimi xarakterizə olunur:

“Ümumilikdə, ABŞ və “Böyük Dördlük”ün digər ənənəvi təhsil mərkəzlərində müşahidə olunan geriləmə Azərbaycan ali təhsil müəssisələri üçün, eləcə də qlobal təhsil məkanında strateji mövqe qazanmaq baxımından, hesab edirəm ki, tarixi bir imkan yaradır.

Beynəlxalq təhsil bazarında bu tendensiya “Böyük Dördlük”dən daha geniş coğrafi areala keçid kimi xarakterizə olunur. Tələbələrin son illərdə üstünlük verdiyi alternativ istiqamətlər mövcuddur. İlk növbədə Avropa ölkələrini qeyd etmək lazımdır. Çünki burada münasib qiymətə ingilis dili proqramları təklif olunur.

Almaniyada dövlət universitetlərində təhsilin ödənişsiz və ya simvolik rüsumlarla olması, həmçinin ingilis dili proqramlarının sayının sürətlə artması ölkəni Avropada mühüm alternativə çevirir. Həmçinin beynəlxalq tələbə sayını artırmaq üçün Fransa hökuməti xüsusi dövlət stimulları tətbiq edir və bu ölkə də “Böyük Dördlüyə” ən güclü alternativlərdən biri kimi önə çıxır.

Niderland isə ən çox ingilis dili üzrə bakalavriat və magistratura proqramları təklif edən, eyni zamanda məzunlara rahat iş vizası verən ölkələrdən biri kimi xarakterizə olunur. Böyük Britaniyada viza məhdudiyyətlərindən sonra Avropa İttifaqında tam ingilisdilli təhsil və qlobal texnologiya şirkətlərinin cəmləşdiyi mərkəz kimi İrlandiya alternativ qapı rolunu oynayır.

Həmçinin Asiya və Yaxın Şərq ölkələrini regional mərkəzlər adlandıra bilərik. Malayziya, Cənubi Koreya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və xüsusilə Çin Xalq Respublikasının universitetləri tələbələr üçün xeyli cəlbedici olub.

Məsələn, Malayziyada Böyük Britaniya və Avstraliya universitetlərinin kampusları açılıb və tələbələrə diplomu daha münasib qiymətə əldə etmək imkanı yaradılıb. Texnologiya, innovasiya və populyar mədəniyyət sayəsində Cənubi Koreya və Yaponiya da gənclər üçün cazibə mərkəzlərindən birinə çevrilib. Yaponiya isə əcnəbi tələbələrin sayında rekord həddə çatmağı hədəfləyir”.

Gənclərin Çinə meyl etməsinin və bu ölkənin “Böyük Dördlüyə” ciddi rəqib olmasının əsas səbəbləri var:

“Eyni zamanda, xüsusilə Dubay beynəlxalq universitetlərin kampusları və təhsil müddətində rəsmi işləmək imkanlarının rahatlığı ilə sürətlə böyüyən qlobal qovşaq kimi özünü göstərir. Birləşmiş Ərəb Əmirlikləri son illərdə xarici tələbə axınını cəlb etmək üçün ciddi işlər görür.

Mən, doğrusu, Çin Xalq Respublikasına da geniş yer ayıracağam. Çünki Çin hazırda qlobal təhsil bazarında ən sürətlə inkişaf edən alternativ mərkəzlərdən birinə çevrilib. Pandemiyadan sonra Çin sərhədlərini tam açaraq 2024-2025-ci tədris ilində 380 mindən çox əcnəbi tələbə qəbul edib və beynəlxalq təhsil bazarındakı mövqeyini sürətlə bərpa etməyə çalışır.

Gənclərin Çinə meyl etməsinin və bu ölkənin “Böyük Dördlüyə” ciddi rəqibə çevrilməsinin əsas səbəbləri var. Bunlardan birincisi güclü universitet reytinqləri və akademik nüfuzdur. Çin universitetləri artıq qlobal reytinqlərdə ABŞ və Böyük Britaniyanın ən güclü universitetləri ilə rəqabət aparırlar. Məsələn, Tsinghua Universiteti 11-ci, Pekin Universiteti isə 25-ci yerdə qərarlaşıb. Çin həmçinin öz universitetlərini dünyanın elm mərkəzlərinə çevirmək üçün milyardlarla manat investisiya qoyur.

“Böyük Dördlük” ölkələrində təhsil haqlarının astronomik səviyyəyə çatdığı bir vaxtda, Çində illik təhsil haqqı 2-3 min dollar arasında dəyişir. Həmçinin Çin hökumətinin təqaüd proqramı çərçivəsində on minlərlə tələbəyə tam ödənişsiz təhsil, pulsuz yataqxana və aylıq təqaüd verilir. Siz təsəvvür edin ki, bu nə qədər cəlbedicidir. Yüksək keyfiyyətli təhsil, ödənişsiz təhsil, təqaüd imkanı, pulsuz yataqxana və aylıq təqaüd – bunlar, əlbəttə ki, böyük imkanlardır.

Həmçinin, xüsusilə süni intellekt, robototexnika, bərpaolunan enerji və mühəndislik sahələrində təhsil almaq istəyən tələbələr üçün Çin əsas seçimlərdən biridir. Statistikaya görə, Çinə gələn əcnəbi tələbələrin ən çox üstünlük verdiyi ixtisas mühəndislikdir və bu göstərici təxminən 30 faizə yaxındır.

Tələbələr üçün dil baryerini aradan qaldırmaq məqsədilə ölkədə ingilis dilində proqramların sayı kütləvi şəkildə artırılıb. Eyni zamanda, Böyük Britaniya və ABŞ-ın bir çox məşhur universitetləri Çində öz rəsmi kampuslarını açıblar. Tələbələr viza problemi yaşamadan Çində təhsil alıb Qərb universitetlərinin diplomuna daha aşağı xərclərlə sahib ola bilirlər”.

Tələbələr artıq viza imtinası riski yüksək olan ölkələrdən yayınırlar və müraciətləri tez cavablandıran ölkələri seçirlər:

"Xarici tələbələri Azərbaycana yönəltmək üçün universitetlər bir sıra institusional addımlar atmalıdır. İlk növbədə, beynəlmiləlləşməyə və beynəlxalq diplom proqramlarının tətbiqinə xüsusi diqqət yetirilməlidir. Qərb universitetləri ilə tərəfdaşlığa böyük yer verilməlidir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdən olan tələbələr üçün viza prosedurlarının çətinləşdiyi ABŞ və Böyük Britaniya universitetlərinin diplomlarını daha əlçatan yollarla əldə etmək imkanı yaradılmalıdır.

Məsələn, ikili diplom proqramlarının miqyası genişləndirilə bilər. Hesab edirəm ki, bu istiqamətdə artıq müəyyən uğurlu nümunələr mövcuddur və ikili diplom proqramlarının gələcəkdə daha da genişləndirilməsi məqsədəuyğundur. Eyni zamanda, franşiza (franchising) modellərinin tətbiqi də faydalı ola bilər. Qərbin nüfuzlu universitetlərinin proqramlarını Azərbaycana transfer etməklə həmin təhsili ölkəmizdə daha əlverişli qiymətlərlə təqdim etmək mümkündür. Bu da universitetlərin beynəlmiləlləşməsi istiqamətində mühüm institusional addımlardan biri ola bilər.

Qiymət və keyfiyyət balansının qorunması da çox vacibdir. Böyük Dördlük ölkələrində təhsil və yaşayış xərclərinin kəskin artdığı bir şəraitdə Azərbaycan yüksək keyfiyyətli, Avropa təhsil standartlarına uyğun və eyni zamanda daha əlverişli təhsil modeli ilə çıxış etməlidir.

Həmçinin təqaüd proqramlarının genişləndirilməsinə ehtiyac var. Dövlət xətti ilə verilən təqaüdlərlə yanaşı, universitetlər də daxili fondlar hesabına hədəf ölkələrdən gələn istedadlı tələbələr üçün xüsusi qrantlar təsis edə bilərlər. Bu ölkələr sırasında Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Qafqaz və Afrika dövlətlərini qeyd etmək olar. Bilirik ki, bu istiqamətdə Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün dövlət səviyyəsində belə bir təqaüd proqramı təsis edilib. Təbii ki, universitetlər də bu prosesə dəstək verməli və bundan faydalanan tərəfə çevrilməlidirlər.

Bundan əlavə, miqrasiya və viza prosedurlarının rəqəmsallaşdırılması vacibdir. Tələbə vizasının alınması mümkün qədər sadə və əlçatan olmalı, tələbənin ölkəyə daxil olmasına qədər bütün prosedurların rəqəmsal şəkildə həyata keçirilməsi təmin edilməlidir".

Məzun olduqdan sonra iş hüququ çox vacibdir:

“Beynəlxalq tələbələri cəlb edən ən mühüm amillərdən biri də məzun olduqdan sonra həmin ölkədə qalaraq təcrübə keçmək və işləmək imkanının olmasıdır. Universitetlər rəqəmsal iqtisadiyyat sahəsində təhsil alan tələbələr üçün Azərbaycanda qısamüddətli iş və təcrübə imkanlarının yaradılması ilə bağlı dövlət qurumlarına və aidiyyəti strukturlara təkliflər verməlidirlər.

İngilis dilində tədris resurslarının və kampus infrastrukturunun təkmilləşdirilməsi də institusional addımlardan biridir. Akademik heyətin transformasiyasına da xüsusi diqqət yetirilməlidir. İngilis dilində tədris aparan professor-müəllim heyətinin beynəlxalq sertifikasiyadan keçirilməsi, xarici mütəxəssislərin cəlb olunması, eyni zamanda tələbələr üçün təhsil imkanlarının və xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması universitetlərin cəlbediciliyini artıra bilər. Bu addımlar, həmçinin beynəlxalq reytinqlərdə universitetlərin mövqeyinin yaxşılaşdırılmasına da töhfə verə bilər.

Azərbaycanın mövcud qiymət və iqtisadi üstünlüklərini digər təhsil istiqamətləri ilə müqayisə etmək də vacibdir. Xüsusilə ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada kimi ölkələrlə müqayisədə viza və miqrasiya siyasəti baxımından da üstünlüklərimiz ola bilər. Qeyd etdiyim ölkələrdə viza prosedurları və kvotalar daha ciddi məhdudiyyətlərlə tənzimlənir və müraciət edənlər müxtəlif məhdudiyyətlər və imtina halları ilə qarşılaşa bilirlər. Hesab edirəm ki, Azərbaycanda daha çevik və asanlaşdırılmış viza siyasətinin tətbiqi üçün imkan var".

Təhsil və yaşayış xərcləri baxımından müqayisədə ABŞ və qeyd etdiyim ölkələrdə 30-50 min dollar, bəzən də bundan artıq illik ortalama xərc varsa, Azərbaycanda bu, 3-7 min dollar arasında dəyişir ki, bu da yüksəkrəqabətli qiymətdir:

“Həmçinin geosiyasi mövqe və təhlükəsizlik baxımından da Azərbaycanın üstünlükləri var. Böyük Dördlük ölkələrində millətçilik və miqrant əleyhinə siyasi ritorikanın artdığı bir dövrdə Azərbaycan multikultural, təhlükəsiz və Şərq-Qərb kəsişməsində yerləşən sabit platforma və potensial təhsil mərkəzi kimi özünü təsdiq edib.

Akademik standartlar baxımından Böyük Dördlük ölkələrində qlobal səviyyədə qəbul olunmuş standartlar mövcuddur. Lakin həmin ölkələrdə təhsilin əlçatanlığı getdikcə daha çox çətinləşir. Azərbaycanda isə Boloniya sistemi vasitəsilə Avropa ali təhsil məkanına inteqrasiya təmin olunub. Hesab edirəm ki, əsas məsələ akademik standartların daha da yüksəldilməsidir. Buna həqiqətən ehtiyac var.

Hesab edirəm ki, bu fürsətdən maksimum yararlanmaq üçün universitetlər ayrı-ayrılıqda deyil, vahid Azərbaycan Milli Platforması çərçivəsində, konsorsium şəklində çıxış etməlidirlər. Rektorun da qeyd etdiyi kimi, hazırda investisiyaların, marketinqin və akademik fəaliyyətin bu istiqamətə yönəldilməsi ölkə iqtisadiyyatına qeyri-neft sektoru vasitəsilə milyardlarla dollar və qlobal intellektual kapital qazandıra bilər.

Bu baxımdan, mən universitetlərimizi yaranmış bu fürsətdən yararlanmağa çağırıram. Gözübağlı iş görməyin zamanı bitib. Qarşıda Azərbaycanın dünya səviyyəli ali təhsil imkanlarını tanıtmaq, xarici tələbələri Bakıya, eləcə də ölkənin regional universitetlərinə cəlb etmək və Azərbaycanı beynəlxalq təhsil məkanında daha güclü mövqeyə çıxarmaq vəzifəsi dayanır".

Regional universitetlər daha cəlbedici olmalıdır:

“Halbuki onların infrastrukturlarını genişləndirmək imkanları var. Regional universitetlər həm turizm baxımından, həm də daha sakit mühitə malik olduqları üçün xarici tələbələr üçün cəlbedici ola bilərlər. Mən başa düşürəm ki, onların da özünəməxsus problemləri var. Amma bütün hallarda bu istiqamətdə işlər görülməlidir.

Mən Azərbaycanda xarici tələbələr üçün həqiqətən cəlbedici ola biləcək bir neçə universitetin adını xüsusilə qeyd etmək istəyirəm. Bunlar ADA Universiteti, UNEC, ilk universitetimiz olan və artıq kifayət qədər özünü təsdiq etmiş, son dövrlərdə isə sürətli inkişaf yolu keçən Bakı Dövlət Universitetidir. Azərbaycan ali təhsilinin flaqmanı, eyni zamanda neft-qaz sənayesi üzrə ixtisaslaşmış Bakı Ali Neft Məktəbi kimi yaxşı universitetlərimiz var. Gəncə Dövlət Universitetinin də həqiqətən böyük potensialı var və xarici tələbələri cəlb etmək baxımından imkanları genişdir.

Xarici tələbələri Azərbaycana cəlb etmək təkcə təhsildən gəlir əldə etmək demək deyil. Bu, həm də təhsil turizmi, ölkənin tanıdılması və universitetlərin rəqabət qabiliyyətinin artırılması deməkdir. Bütün bunlar ölkə üçün fayda və əlavə imkanlar yaradır. Hazırkı dövrdə xüsusilə Qarabağ Universiteti sürətlə inkişaf edir. Hesab edirəm ki, məhz xarici tələbələrin cəlb edilməsi baxımından universitet ciddi strategiya qurmalıdır. Bu, çox önəmlidir.

Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Qərb Universiteti kimi özəl universitetlərimiz də var ki, onların potensialı kifayət qədər genişdir. Azərbaycan dövləti, onun Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman təhsilə önəm verib, təhsilin inkişafında maraqlı olublar. Bu baxımdan düşünürəm ki, universitetlərin xarici tələbələrin cəlb edilməsi ilə bağlı yaxşı təqdimatı və proqramı olsa, dövlət tərəfindən də bütün lazımi dəstəyin göstəriləcəyinə əminəm".

Bakını vurmaqla hədələdilər - Rusiya TV-sində şok sözlər
Son xəbərlərDaha çox