Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 13:41:00
Dərsliklərdə olmayan mövzular yeni qəbul proqramından çıxarılıb? – Abituriyent çaşqınlığı

 “Abituriyent” jurnalının 1-ci nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanan qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Lakin ixtisas qrupları üzrə fənn müəllimləri bəzi çaşdırıcı məqamların olduğunu vurğulayırlar.

Coğrafiya müəllimi Könül Cəfərova AzEdu.az-a açıqlamasında proqramla tanış olduğunu, proqramın dərsliklər əsasında hazırlandığını və VI-XI sinifləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, əvvəlki proqramla yeni proqramın fərqi, dərsliklərdə olmayan bəzi mövzuların çıxarılmasıyla bağlıdır:

“Bir məqam var ki, çıxarılan mövzularla bağlı suallar 2018-ci ildə DİM-in nəşr etdiyi test toplusunda var. Bu toplu da ədəbiyyat siyahısında göstərilib”.

Çıxarılan mövzuların test toplusunda əksini tapması kimi iradlar digər fənn müəllimləri tərəfindən də səsləndirilir.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında qəbul imtahanında, yalnız qüvvədə olan dərsliklər və qəbul proqramlarında olan mövzular əsasında hazırlanmış test tapşırıqlarından istifadə olunduğunu vurğulayıb.

Beləliklə, müəllimlər imtahanda əsas meyar kimi dərslikləri və DİM-in nəşr etdiyi qəbul proqramlarını diqqətə almalıdırlar.

Xatırladaq ki, fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun, yeni təhsil proqramları üzrə sınaq imtahanı keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları