Azedu.az

9-cu sinifdən hazırlaşdı, London Kral Kollecinə qəbul oldu

Xarici təhsil

4 Avqust 2026, 10:36
9-cu sinifdən hazırlaşdı, London Kral Kollecinə qəbul oldu

“Dövlət Proqramının qaliblərindən biri olmaq çox qürurvericidir. Bakalavr üzrə seç edilən 125 şagirddən biri olmaq insana böyük məsuliyyət hissi bəxş edir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət Proqramı ilə Böyük Britaniyanın London Kral Kollecinə qəbul olan Nazlı Muradova söyləyib.

“Bu il Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindən məzun olmuşam. Dövlət Proqramının qalibiyəm və inşallah bu ilin sentyabr ayından etibarən Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Süni intellekt ixtisası üzrə bakalavr təhsilimə başlayacağam.

Xaricdə təhsil üçün tələb olunan imtahanlardan IELTS üzrə ümumilikdə 7.5 bal toplamışam. SAT imtahanından 1450 bal yığmışam, həmçinin 5 AP (Advanced Placement) imtahanı vermişəm bunlardan üçündən 5, ikisindən isə 4 bal əldə etmişəm.

İxtisas və universitet seçiminə gəlincə, daha çox King's College London universitetinin özü və təklif etdiyi proqram diqqətimi çəkdi. 

Ümumiyyətlə, Böyük Britaniyada bakavriat səviyyəsində birbaşa süni intellekt ixtisasını tədris edən universitetlərin sayı çox azdır. Həmin universitetin silabusunu, keçirilən fənləri, metodikaları və tələbələrə yaradılan imkanları araşdırdıqdan, həmçinin məzunları ilə həmsöhbət olduqdan sonra bu seçimi etdim”.

O qeyd edib ki, bakalavr təhsilimə hələ yeni başlayacağım üçün magistratura və ya doktorantura haqqında indidən dəqiq qərar verməyi tez hesab edirəm:

“Amma gələcəkdə ehtiyac olarsa təhsilimi davam etdirə bilərəm. Daha çox meyilim isə özümü sənaye sahəsində sınamaqdır.

Dövlət Proqramının qaliblərindən biri olmaq çox qürurvericidir. Bakalavr üzrə seç edilən 125 şagirddən biri olmaq insana böyük məsuliyyət hissi bəxş edir. Üçillik təhsilim dövründə akademik və sosial fəaliyyətlərdə öz potensialımı maksimum göstərməyə, ölkəmizi layiqincə təmsil etməyə və gələcəkdə qazandığım təcrübələrlə vətənimə töhfə verməyə çalışacağam.

Qalib olduğumu öyrənəndə ilk sevincimi anamla, daha sonra isə atamla bölüşdüm. Müsahibə mərhələsi mənim üçün çox uğurlu keçdiyindən nəticəni müəyyən dərəcədə gözləyirdim, lakin ailəlikcə bu xəbərə çox sevindik.

Xaricdə təhsil almaq istəyən şagirdlərə tövsiyəm odur ki, bu hazırlıq prosesinə mümkün qədər tez başlasınlar. Çünki xaricdə təhsilə hazırlıq ən azı 3 il vaxt tələb edən uzun bir yoldur. Şagirdlər akademik nailiyyətlərini və sosial aktivliklərini toplamaq üçün son sinifi gözləməməlidirlər. Mən özüm də 9-cu sinifdən olimpiadalara hazırlaşmağa başlamışdım və fizika fənni üzrə RFO-da iki gümüş medal qazanmışdım. Erkən başlamaq həm də insanın özünü və maraq duyduğu sahəni kəşf etməsinə imkan yaradır. Mən də fizika və astronomiyadan başlayaraq sonradan süni intellekt sahəsinə yönəldim”.

Bu yol çox böyük intizam tələb edir və asan deyil:

“Lakin yanınızda dəstəkçi ailəniz və dostlarınız olduqda çətinlikləri aşmaq daha rahat olur. Əvvəllər qısamüddətli də olsa xaricdə olduğum üçün ailədən ayrı qalmağa özümü psixoloji olaraq hazırlamışam. Düşünürəm ki, qazanılacaq böyük təcrübələr və biliklər üçün 3 il ailədən ayrı qalmağa dəyər.

Dövlət Proqramının ən böyük üstünlüyü isə təhsil, yaşayış və digər bütün xərcləri tam qarşılayaraq tələbəyə güclü maddi dəstək verməsidir. Bundan əlavə, proqram sayəsində digər azərbaycanlı tələbələrlə birgə bu yola çıxmaq insana əlavə özünəinam və motivasiya verir”.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox